Ermənistan T-72 tanklarının müasirləşdirilməsi proqramına başlayıb

T-72A Fotonun müəllifi Vitaly V. Kuzmin
Image caption T-72A markalı tank

Ermənistanın Müdafiə Nazirliyi T-72 tipli əsas döyüş tanklarının modernləşdirilməsi üzrə irimiqyaslı proqramın tətbiqinə başlandığını elan edib. Rusiya ilə birlikdə həyata keçirilən proqram üzrə T-72 tankların "Tank biatlonu" hərbi yarışında istifadə edilən T-72B4 səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı silahlar idarəsinin zirehli avtomobil və tanklar xidmətinin planlaşdırma və istismar şöbəsinin rəisi, polkovnik Zorayr Qabrielyan T-72 tankların yerli imkanlarla yeniləşdiriləcəyini bildirib.

"Bəzi işləri öz gücümüzlə, bəzilərini Rusiya ilə kooperasiya çərçivəsində icra etməyi planlaşdırırıq. Saziş və müqavilələr əsasında onlardan [Rusiyadan] ən yeni qurğu və vasitələri əldə edərik. Bizdə bunun üçün müvafiq texniki və elmi baza mövcuddur, və işlərin Ermənistanda görülməsi modernləşdirmək üçün tankların Rusiyaya göndərilməsindən daha qənaətli olar", - Yerevanda mətbuat konfransında Zorayr Qabrielyan deyib.

T-72B4 markalı tank 2012-ci ildən Rusiya Silahlı Qüvvələrində istifadə edilən T-72B3 tankın yeni modifikasiyasıdır. Bu tank ən yeni rabitə vasitələri və atəşin idarə olunması sistemi, daha güclü motorla, həmçinin "Kontakt-5" dinamik müdafiə sistemi ilə təchiz edilib. Yeniləşdirilən Ermənistan tankları, polkovnik Qabrielyanın sözlərinə görə, daha mükəmməl "Relikt" (lakin daha bahalı) sistemi ilə təchiz edilə bilər. Hansı variantın seçiləcəyi hələ məlum deyil.

Proqram üzrə neçə tank modernləşdiriləcəyi və bunun neçəyə başa gələcəyi də məlum deyil. Agentliklər onlarla tankın müasirləşdirilməsi nəzərdə tutulduğunu bildirir, lakin BBC müxbirinin həmin tankların ümumi sayı və bu əməliyyatın neçəyə başa gələcəyinə dair sualına Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan konkret bir cavab verməyib.

Müdafiə Nazirliyinin rəsmisi tankların təkmilləşdirilməsi üzrə işlərin artıq başlandığını deyib, lakin onların ümumi sayı və işlərin nə vaxt başa çatmasına dair də məlumat verməyib. Bu günədək neçə tankın modernləşdirildiyi də bəlli deyil.

T-72 və T-90

Ermənistanlı hərbi mütəxəssislərə əsasən modernləşdirilmiş T-72 tankı bəzi cəhətlərə görə daha müasir T-90 tankdan geri qalmır.

"Biatlon versiyasında" işlənmiş T-72B4 markalı tank Rusiya Silahlı Qüvvələrinin təchiz edildiyi T-72B3 tankdan tamamilə dəyişilmiş asma avadanlığı və aqreqatları ilə fərqlənir. Ermənistan tankları 1130 at gücündə mühərriklə təchiz ediləcək. Bu, hətta 1000 a. g. motorla təchiz olunan T-90 modifikasiyalardan üstündür.

T-72B4, əlavə olaraq, torpaqla daha yaxşı ilişmə təmin edən xüsusi naxışlı yeni tırtılla təchiz olunur ki, nəticədə tank daha manevrli olur.

B4 modeli gecə döyüşləri üçün yararlı müasir çoxkanallı "SOSNA-U" tipli nişanəyə malikdir. T-72-nin biatlon versiyası tankın komandiri üçün sutkanın istənilən vaxtı hədəfləri aşkar edib tuşlayıcıya məlumat verməyə imkan verən dairəvi görünüş təmin edən sıxcam komplekslə təchiz edilir. Bu kompleks T-90MC tankın üstünə quraşdırılan "Kalina" atəşə idarə etmə sistemi tərkibinə daxildir və uzaqdan idarə olunan silah və partlayıcı sursatla işlədilə bilər.

Əgər Т-72B4-lə T-90 müqayisə edilsə, "biatlon versiyası güclü mühərrik və daha yüngül çəkisi hesabına daha çevikdir", - müstəqil hərbi ekspert Aleksey Xlopotova istinadən "İzvestiya" yazır.

Eyni zamanda T-90 daha qalın zireh və təkmilləşdirilmiş pulemyot qurğusuna malikdir.

Fotonun müəllifi Armenpress
Image caption Zorayr Qabrielyan (solda) T-72 tankların yerli imkanlarla yeniləşdiriləcəyini bildirib.

Rəqabət

Aprel ayında Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ardınca tərəflər fəal şəkildə silahlanmanı həyata keçirir və alınan silahların əhəmiyyətli hissəsi Rusiyadan gətirilir.

Azərbaycanla müqayisədə daha məhdud maliyyə imkanlarına malik olan Ermənistan zirehli texnika baxımından kəmiyyətcə geri qalmır, müşahidəçilər bildirir. Lakin keyfiyyət baxımından Ermənistanın zirehli texnika arsenalı son illər Rusiyadan 100 vahid müasir T-90 tank almış Azərbaycanla müqayisəedilməzdir.

"Regnum" agentliyinin icmalçısı Leonid Nersisyan hesab edir ki, "Ermənistan SQ və Dağlıq Qarabağ Müdafiə ordusunun ən zəif yerləri zirehli texnikadır" O, "4 günlük müharibə zamanı erməni tanklarının olduqca tez-tez vurulduğunu" xatırladır və tankların modernləşdirilməsini "itkilərin minimallaşdırılması istiqamətində zəruri addım" hesab edir.

Ermənistan prezidenti Serj Sarkisyan da aprelin 6-da Berlində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı, erməni tərəfinin "əsasən 80-ci illərdə istehsal olunmuş silahla" döyüşdüyünə işarə etmişdi.

Yeni köhnə layihə

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan deyir ki, Ermənistanda tankların təkmilləşdirilməsi yeni proses deyil.

"Tankların təkmilləşdirilməsi ilə həmişə məşğul olublar. İndi isə Rusiyadan alınan avadanlıq hesabına onların texniki göstəricilərini müasir tanklar səviyyəsinə yaxınlaşdırmaq olar. Hər halda bu, yeni müasir tank almaqdan xeyli ucuz başa gələr", - BBC müxbirinə İskandaryan deyib.

Rusiyadan əvvəl T-72 tankların modernləşdirilməsi üzrə Ermənistan Polşanın Bumar Łabędy şirkəti ilə müqavilə bağlayıbmış.

Hərbi informasiya və analitika sahəsində işləyən "Razm.info" internet nəşri hələ 2013-cü ildə Rusiyada fəaliyyət göstərən "Dünya silah alveri" analitika mərkəzinin məruzəsinə görə, 82 ədəd T-72 Ermənistan tankının PT-72U səviyyəsinədək müasirləşdirilməsi nəzərdə tutulduğunu bildirmişdi.

Məruzəyə əsasən, 2012-ci ildə Polşa ilə bağlanmış müqavilə üzrə 24 tank 2013-cü il ərzində və hər il 30 tank 2014 və 2015-ci illər ərzində modernləşdirilməli, bunun üçün Yerevan 100 milyon dollar ödəməli idi.

Bu günədək Polşa ilə sözügedən müqavilə üzrə neçə tankın modernləşdirildiyi və Ermənistanın buna görə maliyyə ödənişləri barədə heç bir məlumat yoxdur. Bununla bağlı BBC müxbirinin sualını cavablayan Müdafiə Nazirliyinin mətbuat katibi "Razm.info"nun rəsmi mənbə olmadığını bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş