Britaniya mətbuatı: Alimlər qarın piyindən xilas yolunu tapıblar

Hillary Clinton və Donald Trump Fotonun müəllifi Getty Images
Image caption ABŞ seçkilərinə iki gün qalmış namizədlər arasında kəskin mübarizə gedir

Məşhurlar Clinton cəbhəsinə qoşuldular

"The Guardian" qəzeti yazır ki, ABŞ seçkilərinə iki gün qalmış ölkənin bir çox məşhurları demokrat namizəd Hillary Clinton-un kampaniyasına qoşulublar.

Məqalədə deyilir ki, respublikaçı namizədin son günlərdə qazandığı tərəqqi onunla xanım Clinton arasındakı populyarlıq fərqini 1, 8 faizə qədər azaldıb. Belə kiçik fərq seçkiyə 48 saat qalmış demokratları nigarançılıqdan xilas etmir.

Belə bir həlledici məqamda Hilary Clinton üzünü onu dəstəkləyən məşhurlara tutub və "Amerikanın müasir tarixində misli görünməmiş demaqoqun" - yəni Donald Trump-ın qarşısını almağa çağırıb.

"The Guardian" yazır ki, Trump-a meyllənən Ohio ştatında bazar günü keçirilən mitinqdə xanım Clinton-u Cleveland Cavaliers basketbol komandasının əfsanəvi oyunçusu LeBron James müşayiət edir.

Ötən cümə günü isə Jay Z və Beyoncé Clinton-a dəstək konserti veriblər. Bundan əvvəl demokratlar Philadelphia-da Stevie Wonder-i və Miami-də Jennifer Lopez-i səfərbər etmişdilər.

Seçkilərdə adətən iki partiya arasında tərəddüd yaşayan Florida ştatında keçirilən mitinqdə xanım Clinton-un vise-prezidentliyə namizədi Tim Kaine ilə səhnədə rok ulduzu Jon Bon Jovi dayanıb.

Şənbə günü bu ştatda keçirdiyi mitinqdə Donald Trump rəqibinin məşhurların dəstəyindən istifadə etməsini tənqid edib.

"The Guardian" yazır ki, "qadınların cinsi orqanından yapışması ilə lovğalan Trump" Jay Z-in səhnədə söyüş işlətməsinə irad tutub.

"Mən ömrümdə ağzıma belə sözlər almamışam" - deyib Trump.

Məqalədə deyilir ki, Trump-ın hədəflədiyi başqa ştatlarda da demokratların sanballı nümayəndələri səfərbər olublar.

Hətta prezident Barack Obama-nın Clinton üçün kampaniya aparmaq məqsədilə Michigan, New Hampshire və Pennsylvania ştatlarına yollandığı xəbər verilib.

"The Guardian" yazır ki, bu arada xanım Clinton üçün yaxşı xəbərlər də gəlir. Nevada ştatında erkən seçkilərdə keçmiş birinci ledinin qalib gəldiyi xəbər verilib.

Respublikaçı Donald Trump da xanım Clinton-a rəğbət bəsləyən ştatlara - Michigan, Colorado və Virginia ştatlarına səfər edir. Bundan başqa Trump elan edib ki, Minnesota ştatına da baş çəkəcək. Burada respublikaçılar 1972-ci ildən bəri bir dəfə də olsun uğur qazana bilməyiblər.

Lakin Clinton-un müşavirləri iddia edirlər ki, onlar FTB-nin açıqlamaları ilə bağlı Trump-ın qazandığı yüksəliş tempini tormozlaya biliblər.

Müşavirlər deyirlər ki, bir sıra ştatlarda erkən seçkinin nəticələri buralarda Trump-ın uğur imkanlarını sıfıra endirib.

"The Guardian" yazır ki, demokratlar həqiqətən də seçicilər arasında apardıqları təbliğat kampaniyaları ilə həmişə seçiliblər.

Clinton-un müşavirləri deyirlər ki, onlar sentyabrda erkən seçki başlanandan bəri 8, 3 milyon seçici qapısını şəxsən döyüblər və 37 milyon telefon zəngi ediblər.

"The Guardian" yazır ki, son günlərdə aparılmış rəy sorğuları da böyük çaşqınlıq yaradır. Şənbə günü ölkə boyunca keçirilmiş üç rəy sorğusunun birində xanım Clinton Trump-dan 12 xal, başqa bir sorğuda cəmi 1 xal irəlidədir. Lakin üçüncü sorğu Trump-ın 5 xal irəlidə olduöunu göstərib.

Bəzi təhlilçilər bildirirlər ki, Donald Trump-ın bu seçikini udmaq şansı 1-in 3-ə nisbətindədir.

Lakin elə müşahidəçilər də var ki, Trump-ın yalnız bəxti gətirərsə, qalib gələcəyini bildiriblər.

Kanola yağı - qarın piyini əritmək silahı

Fotonun müəllifi ROBYN BECK
Image caption Alimlər iddia edirlər ki, yeməklərinə kanola yağı əlavə edən adamlar 4 həftənin içində insan bədəninin eybəcərləşdirən qarını "əridə" bilirlər

"The Independent" yazır ki, yeni elmi-tədqiqat ayrılıqda qarın piyini "əridən" bitki yağı pəhrizini müəyyən ediblər. Bu yağın adı şərti olaraq kanola (Canadian Oil Low Acid - Aşağı Turşuluqlu Kanada Yağı) kimi qəbul edilib.

Alimlər iddia edirlər ki, yeməklərinə kanola yağı əlavə edən adamlar 4 həftənin içində insan bədəninin eybəcərləşdirən qarını "əridə" bilirlər.

Raps bitkisi ilə eyni ailədən olan kanola bitkisindən alınan yağın piyliliyi zeytun yağından iki dəfə azdır və onun tərkibindəki başqa elementlər xüsusi olaraq qarın nahiyəsini "kəmərləyən" piyi hədəfləyir.

Araşdırmanı aparmış alimlər məhz bu mexanizmin sirini aça biliblər.

Onlar bu nəticəyə gəliblər ki, kanola yağındakı kimyəvi turşular piylənməyə məruz qalmış insanlar üçün xüsusilə faydalı ola bilər.

Pensilvaniya ştatından tanınmış qidalanma professoru Penny M. Kris-Etherton deyib ki, qarın nahiyəsinin piylənməsi ürək-damar xəstəliklərinin və diabetin əsas səbəblərindən biridir.

Odur ki, bədənin bu hissəsindəki piylənmənin aradan qaldırılması sözü gedən xəstəliklərin qarşısının alınmasına imkan yaradardı.

"The İndependent" yazır ki, təcrübə zamanı könüllü iştirakçılara kanola yağı da daxil beş növ bitki yağı verilib.

Cəmi bir aydan sonra doktor Kris-Etherton və onun həmkarları aşkar ediblər ki, adi kanola yağını qəbul edənlər qarın nahiyəsindən 11 kiloqramadək artıq çəkini ata biliblər.

Alimlər habelə aşkar ediblər ki, kanola yağını qəbul edənlərdə bədənin başqa hissələri arıqlamır.

Kris-Etherton deyir ki, adi halda yalnız qarından arıqlamaq mümkün deyil, amma belə görünür təkkarbonlu doymamış turşularla zəngin kanola yağı bədənin spesifik hissələrini "nişan" ala bilir.

Elə isə bu yağı necə qəbul etmək olar? Alim məsləhət görür ki, kanola yağını yemək və salatların üstünə çiləmək olar.

Təcrübədə iştirak edənlərə kanola yağını meyvə-tərəvəz şirəsi ilə qatışıq kokteyl halında veriblər.