Oğluna başmaq tullayan ananı həbsxanaya sala bilərlər

Türkiyəli qadın başmaqla (Foto: DHA) Fotonun müəllifi dha
Image caption Senay Güzel deyir ki, oğluna başmağı özünü qorumaq məqsədilə atıb.

Türkiyənin qərbindəki Denizli şəhəri yaxınlığında yaşayan 62 yaşlı ana ailə dava-dalaşı zamanı öz plastik başmağını oğluna atdığına görə azadlıqdan məhrum edilə bilər.

Hasan Güzel anası Şenaydan polisə şikayət edib və anaya qarşı bədən xəsarəti yetirmək məqsədilə "silahdan istifadə etmək" ittihamı irəli sürülüb.

Türkiyə Cinayət Məcəlləsinin 86-cı maddəsinə görə anaya 2 ildən 5 ilədək həbsxana cəzası verilə bilər.

"Mən başmağı ayağımdan çıxarıb atdım…Heç ona dəymədi də… - o Doğan xəbərlər agentliyinə deyib, - O məni döyməyə gəlmişdi, mən də ona başmaq atdım…".

Ana izah edib ki, o başmağını oğlu evə soxulmaq istəyəndə tullayıb.

Ana "o başmağı silah hesab edibmi" sualına "zənnimcə yox" cavabını verib.

"Buna bax, bundan da silah olar? Amma onlar deyirlər ki, bu silahdır…"

Onun vəkili Hasan Ozan Orpak deyib ki, qadının hərəkəti hüquqi presedent yarada bilər.

"Bundan sonra analar əllərinə başmaq almazdan əvvəl yaxşı-yaxşı fikirləşməli olacaqlar" - Hurriyet qəzetinin internet saytı yazır.