Düşənbədə prezident Rahmonun iri portretləri asılır

plakat
Image caption "Biz sizinləyik, Emomali Rahmon həzrətləri", bu plakatda yazılıb

Düşənbə meri Mahmadsaid Ubaydulloyev paytaxt küçələrində prezident Emomali Rahmonun "Bizim prezident - bizim lider" şüarlı portretlərinin asılması barədə sərəncam verib.

Bundan əlavə, mer məktəbəqədər təhsil müəssisələrində "Prezident uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinin keçirilməsi barədə qərar verib.

Qaliblər noyabrın 16-da bəlli olacaq. Həmin gün Tacikistanda Prezident Günü kimi qeyd olunur.

Prezident Günündə bütün ölkəboyunca bayram şənlikləri, pulsuz teatr tamaşaları, idman oyunları və kulinariya sərgiləri keçiriləcək.

Bundan əvvəl, cənab Rahmon hökümət başçısını təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul edib.

Emomali Rahmon dördüncü müddətdir ki Tacikistan prezidentidir.

Növbəti seçkilər 2020-ci ildə keçiriləcək, təhlilçilər artıq həmin seçkilərə hazırlıq başladığını güman edir.

Noyabrda parlamentin aşağı komitəsinin deputatları cənab Rahmona müstəqil Tacikistanın banisi adını verib.

Image caption 64 yaşlı cənab Rahmon 1992-ci ildən Tacikistan prezidentidir

Ötən ilin sonunda isə parlament "millətin lideri" haqqında qanunu qəbul edib. Bu qanun cənab Rahmona prezidentlik müddətindən sonra toxunulmazlıq, ömürlük pensiya, nəqliyyat, yaşayış, sığorta və istədiyi vaxt xalqla ünsiyyət hüququ verir.

Hüquq müdafiəçiləri mütəmadi olaraq höküməti şəxsiyyətpərəstliyə görə ittiham edir.

Human Rights Watch hesabatlarında Tacikistanda ifadə azadlığı, mediaya təzyiq və müxalifət liderlərinin həbsi fonunda insan haqlarının vəziyyətinin pisləşdiyini bildirir.