Azərbaycan Rusiya və Ermənistanın vahid qoşun yaratmasından "narahat deyil"

Sergey Şoyqu və Seyran Ohanya Fotonun müəllifi TASS

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya və Ermənistanın birgə silahlı qüvvələr yaratmaq haqqında saziş imzalama prosesini izlədiyini deyir.

Prezident Vladimir Putin birgə Rusiya və Ermənistan hərbi qüvvələrinin yaradılması barədə hökumət təklifini təsdiq edib, İnterfaks informasiya agentliyi bildirib. Birgə qüvvələrinin əsas vəzifələrindən biri Rusiya və Ermənistanın quru sərhədlərini qorumaq və postsovet dövlətlərinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində işləmək olacaq.

Prezidentin sərəncamına görə, Putin razılıq əldə edilməsi üçün Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə Ermənistanla danışıqlar aparmağı əmr edib.

Təhlilçilər bu xəbəri Azərbaycan üçün təhlükəli hesab etməsə də, Azərbaycanın da özünə hərbi müttəfiq tapmalı olduğunu düşünür.

"İki ölkə arasında daxili işdir"

Hakim partiya üzvü, millət vəkili Aydın Mirzəzadə qərarı şərh edərkən deyir ki, söhbət vahid ordu yaradılmasından deyil, təşkilatı strukturdan gedir.

Bu razılaşma iki ölkə arasında hərbi əməkdaşlıq formasıdır və "daxili işdir", o əlavə edir.

Ancaq o, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və həmin ərazilərdə Ermənistan hərbi qüvvələri olduğu üçün məsələnin Azərbaycan üçün "həssas" olduğunu da qeyd edir.

Millət vəkili hesab edir ki, hakimiyyət orqanları bu məsələni diplomatik kanallarla müzakirə etməlidirlər.

"Ermənistan daima Rusiya və digər dövlətləri özünün Azərbaycana qarşı hərbi avantürasında iştirakçı etməyə çalışır. İşğal edilmiş ərazilərdə keçirdiyi hərbi əməliyyatları Ermənistanın daxili hərbi əməliyyatı kimi təqdim etməyə çalışır", deyən millət vəkili Rusiyanın Azərbaycan ərazi bötövlüyünü dəstəklədiyini deyir.

"Rusiyanın bu birgə hərbi ordu yaratmaq məsələsini heç bir halda Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsi ilə qarışdırmayacağına inanmaq istəyirik", o əlavə edir.

Bundan başqa cənab Mirzəzadə deyir ki, Azərbaycan və Rusiya münasibətləri oturuşub və bu münasibət president Vladimir Putinin dövründə stabilləşib.

"Rusiya xarici siyasətində Azərbaycanla münasibətində Ermənistanın maraqlarına cavab verən, torpaq iddiasını müdafiə edən ciddi dəyişikliklərə yol verməz", o bildirir.

Aydın Mirzəzadə Rusiya və Ermənistan birgə qoşunlarının yaradılmasını Azərbaycan üçün "təhlükəli" hesab etmir.

"Rusiya heç vaxt Ermənistanın hərbi əməliyyatlarına nə dəstək verib, nə də ki orda birbaşa iştirak edib. Aprel döyüşləri zamanı da Rusiya neytral qaldı və Ermənistanda Rusiyaya qarşı ittihamlara laiqli cavab verdi".

"Rusiya burda məhz Ermənistan ərazisini nəzərdə tutaraq vahid ordu yaratmaq ideyasını müdafiə edirsə, öz işidir, ancaq həmin məsələ Ermənistan sərhədindən Azərbaycan sərhədinə doğru 1 sm irəliləyərsə bu ciddi məsələ ola bilərdi", cənab Mirzəzadə qeyd edir.

Onun sözlərinə görə, Rusiya "zəif, avaturist Ermənistana" görə Azərbaycan kimi "nüfuzlu və dünyada reytinqi yüksək olan bir dövlətlə" münasibətlərini poza biləcəyinə inanmadığını qeyd edir.

"Azərbaycana da müttəfiq lazımdır"

Siyasi təhlilçi Azər Rəşidoğlu isə qeyd edir ki, Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq olub və "hansısa müqavilə nəyisə kökündən dəyişə bilməz".

Onun sözlərinə görə, Rusiya Ermənistanın hərbi strateji müttəfiqidirsə, Azərbaycana da müttəfiq lazımdır.

"Düşünürəm ki, Azərbaycan kimi kiçik ölkələr üçün balans, açıq qapı siyasəti heç bir rol oynamır. Odur ki, Azərbaycan Avrioatlantika məkanına inteqrasiya xəttini inkişaf etdirməlidir və NATO ilə əməkdaşlıq qaçılmazdır", deyən təhlilçi deyir ki, "…əks halda Azərbaycan təklənmiş vəziyyətdə qalacaq."

XİN sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya deyib ki, "biz bu məsələ ilə tanışıq və bu prosesi izləyirik".

O əlavə edir ki, Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var və "bu əsasla da münasibətlər inkişaf edir".

Saziş

Bu arada Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bəyan edib ki, söhbət "artıq fəaliyyət göstərməkdə olan vahid qruplaşmadan gedir".

"Onun [qruplaşmanın] sayı və funksiyaları baxımından müəyyən dəyişikliklər edilir. Bu, illər boyu gerçəkləşdirilən və dinamik inkişaf etməkdə olan prosesdir", - o deyib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, vahid qoşunlar qruplaşması 2000-ci ildə Ermənistanla Rusiya arasında qoşunlardan birgə istifadə etmək haqqında Soçidə imzalanmış saziş əsasında yaradılıb.

Sənədə əsasən, qruplaşmanın vəzifəsi - vahid komandanlıq altında Ermənistan və Rusiyanın müştərək müdafiəsi məsələlərini həll etməkdir.

Qruplaşma Ermənistan ərazisində yerləşən Ermənistan və Rusiya silahlı qüvvələri hərbi hissələrindən ibarətdir və ona, ötən ay prezident Sarkisyanın fərmanı ilə təyin olunmuş, Ermənistan silahlı qüvvələrinin nümayəndəsi general-mayor Andranik Manukyan komandanlıq edir.

Çərşənbə axşamı Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Nazirlər Şurasının növbəti iclası çərçivəsində Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşündən sonra, Rusiya informasiya agentlikləri müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib ki, saziş müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan tərəfindən imzalanacaq.

Antonovun sözlərinə görə, tərəflər arasında "yüksək əməkdaşlıq səviyyəsi cari məsələlərin operativ həllinə və eyni zamanda regiona aidiyyəti olan dəyişikliklərə reaksiya verməyə" imkan verir .

Hazırda ölkələr arasında hərbi əməkdaşlıq sahəsində əlliyə yaxın müqavilə imzalanıb, gələcəkdə onların sayı daha da artacaq, RF müdafiə naziri müavini Anatoli Antonov deyib.

Təfərrüatlarını açıqlamadan Rusiya hərbi rəsmisi deyib ki, vahid qoşun qruplaşmasının yaradılması "birgə hərəkətlər qaydasının nizamlanması və qruplaşmanın vaxtında lazımi informasiya ilə təmin olunmasına imkan verəcək".

Bu barədə daha geniş