Margaret Atwood Aslı Erdoğana məktub göndərib

Margaret Atwood Fotonun müəllifi Imeh Akpanudosen
Image caption "Mən inanıram ki, siz çox tezliklə azad olunacaqsınız", Margaret Atwood Aslı Erdoğana yazıb

Margaret Atwood həbsinin 91-ci gününü yaşayan türkiyəli yazıçı Aslı Erdoğana məktub yazaraq onun "sözlərinin hələ də azadlıq və ifadə azadlığı üçün mübarizəni formalaşdırdığını" deyib.

Kanadanın Booker mükafatının qalibi dünya boyunca məhbus həyatı yaşayan beş yazıçıya həmrəylik mesajı göndərən bir qrup müəllifdən biridir.

Məktublar PEN İnternational təşkilatı tərəfindən 1981-ci ildən bəri hər il noyabrın 15-də qeyd edilən Məhbus Yazıçı Gününü qeyd etmək münasibətilə göndərilib.

Təşkilat ötən ilin noyabrından bəri azı 35 yazıçının həbs edildiyini deyir.

Aslı Erdoğan bu ilin avqustunda "terrorçu təşkilatın üzvü olmaq" və "milli vəhdəti aşağılamaq" ittihamları ilə həbs olunub. Türk romançısı "qəbuledilməz" şəraitdə həbs edilib, onun kampaniyaçıları deyir.

Fotonun müəllifi Hurriyet Daily News
Image caption Aslı Erdoğan bu ilin avqustunda həbs edilib

Margaret Atwood xanım Erdoğana məktubunda yazır ki, "hətta sizin həbsxananızın beton divarları, mühafizəçiləri, tikanlı məftilləri, qıfıl və açarları içərisindən də olsa, biz hələ də sizin səsinizi eşidə bilirik".

"Siz həbsdə olsanız da, tək deyilsiniz: bütün dünyada sizin azadlığınız uğrunda mübarizə aparan PEN icmasına daxil olan yazıçılar var. Onlar sizin üçün ümid etməyə davam edəcək və onlar siz azad edilməyənədək işləməyi dayandırmayacaq", xanım Atwood bildirib.

"Mən inanıram ki, siz çox tezliklə azad olacaqsınız. Mən ümid edirəm ki, siz qorxu və senzurasız yaza və danışa biləcəyiniz, fikir və ifadə müxtəlifliyini bayram edən Türkiyədə olacaqsınız. Mən ümidvaram ki, siz hazırda şöhrətlərini xaricdə qazanmış öz istedadlı mütəfəkkirləri, yazıçıları və rəssamları ilə fəxr edən Türkiyədə yaşayacaqsınız. Ümid edirəm ki, siz öz demokratiyası - sizin kimi səslərlə fəxr edən Türkiyədə yaşayacaqsınız".

PEN təşkilatı, Aslı Erdoğandan əlavə, "ictimai asayışı pozmaq"da ittiham edilən misirli romançı və jurnalist Ahmed Naji, tələbə etirazlarında iştirakından sonra həbs edilən honduraslı yazıçı Cesario Alejandro Félix Padilla Figueroa, İsraildə həbs edilmiş Fələstin vətəndaşı Dareen Tatour və Çində 2015-ci il oktyabrından itkin düşən naşir Gui Minhai-nin üzləşdikləri çətinlikləri diqqət çəkir.

PEN International onların məsələlərini "yazıçıların azad ifadə işini həyata keçirdiyi zaman üzləşdikləri çətinlik və təhlükələrin rəmzi" kimi qələmə verir.