İranda azərbaycanlı fəallardan biri aclığı dayandırıb

Murtaza Muradpur və Rəsul Rəzəvi

İranda azadlığa buraxılmadıqları üçün aclıq aksiyası keçirən azərbaycanlı fəallardan biri aclığı dayandırıb.

Rəsul Rəzəvi bazar ertəsi, aclıq aksiyasının 42-ci günündə fəalların xahişi ilə etirazına son verib.

23 gündür aclıq aksiyası Mürtaza Muradpur isə bildirib ki, istəkləri yerinə yetənədək "bir addım da dala durmayacaq", onun qardaşı Fərdin Muradpur BBC Azərbaycancaya bildirib.

Fəallarla iki gün öncə görüşən cənab Muradpur onların vəziyyətini "kritik" adlandırır.

"Rəsul Rəzəvi öz gücünə ayaqüstə dura bilmir, yeriməkdə acizdir. Mürtaza arıqlayıb, sağlıq durumu təhlükədədir".

Onun sözlərinə görə, bu səbəbdən cənab Rəzəvi bazar ertəsi aclığı dayandırıb, Mürtaza isə davam etdirir.

Cənab Muradpur Amnesty International, BMT kimi təşkilatlara xitabən deyir ki, yardım edilməzsə, onlar həyatlarını itirə bilər.

"Duz və qənd verilmədiyindən durumları kritikdir, suyu da yalnız nəzarətçi gələndə ala bilirlər" deyə o fəalların sulu aclıq etdiyini qeyd edib.

O əlavə edir ki, hər gün, gündə iki dəfə həkimlər onların təzyiqini ölçür, amma dərman vermirlər.

Fəallar aclıq aksiyasi etdikləri üçün Təbrizdən Kərəc şəhərindəki həbsxanaya köçürülüb.

"Qardaşım İran qanunvericiliyinin 134-cü maddəsinə əsasən həbsini bitirib, azadlığa buraxılmalıdır, amma bu maddə tətbiq olunmadığından hələ də həbsdədir".

Onun sözlərinə görə, Mürtaza Muradpur 3 il azadlıqdan məhrumetmə cəzası var, o həbsinin çox hissəsini - 2 ilini çəkib.

134-cü maddə tətbiq edilsəydi, Mürtaza cəzanın qalan, az hissəsindən azad edilməli idi, fəalın qardaşı əlavə edib.

Mürtaza Muradpur "ölkənin daxili və xarici asayişinə qarşı fəaliyyət göstərmək" maddəsilə 2 il və "nizama qarşı təbliğ etmək" maddəsilə isə 1 il cəza alıb.

"Rəsul Rəzəvi ümumilikdə 3 maddə ilə ittiham olunub, o bunların ikisini bitirib və azad edilməli idi. Biri isə hələ icraya getməyib, amma o fasilə verilmədən onu tətbiq etməyə başlayıblar".

Cənab Rəzəvi iki dəfə rejimə qarşı təbliğat" maddəsilə ittiham olunub.

Fərdin Muradpur deyir ki, onların azadlığa buraxılması ilə bağlı dəfələrlə məhkəməyə müraciət etsələr də, nəticə olmayıb.