Ermənistan-Rusiya hərbi münasibətləri regionda narahatlıq yaradır

Ermənistan əsgərləri Fotonun müəllifi AFP/ Getty

Ermənistanın Rusiya ilə iki hərbi anlaşmaya imza atacağı qərarı həm ölkədə, həm də Ermənistanın Cənubi Qafqazdakı qonşuları - Gürcüstan və Azərbaycanda narahatlığa səbəb olub.

Ermənistan təhlükəsizliyini gücləndirir

Ermənistan rəsmiləri hava müdafiəsi və birləşmiş hərbi qüvvələr ilə bağlı anlaşmalara imza ataraq, ölkədaxili təhlükəsizliyi artırmaqla yanaşı, Rusiya ilə münasibətlərini də gücləndirmək istəyir.

Rusiya artıq Ermənistanın şimalında hərbi bazaya və paytaxt Yerevan yaxınlığında hərbi hava limanına sahibdir.

Eyni zamanda Ermənistan, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvüdür. Bu hərbi təşkilata keçmiş Sovet ölkələri Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan da daxildir.

Ermənistan tərəfindən iyun ayında təsdiqlənmiş hava müdafiəsi anlaşması, hər iki ölkənin hava qüvvələrinin birləşməsini və hücumları birlikdə cavab verməyi nəzərdə tutur.

Yeni birləşmiş hərbi qüvvə Güclərin Birləşmiş Qrupu adlanır və Rusiya prezidenti Vladimir Putin tərəfindən noyabr ayında təsdiqlənib.

Anlaşmaya əsasən, Ermənistan ilə Rusiyanın birləşmiş qüvvələrindən ibarət bir hissə yaradılacaq. Rusiya hökumətinin qanunverici portalının verdiyi məlumata görə qrupa, "Qafqazın kollektiv təhlükəsizlik ərazisində tərəflərin təhlükəsizliyini təmin etmək" tapşırığı verilib.

Bəzi media qurumlarına əsasən, qrup hər iki ölkənin sərhədlərinə nəzarət edəcək. Rusiya və Ermənistanın ortaq sərhədi olmadığı üçün bu, qaranlıq görünür.

Evdəki narahatlıq

Razılıqların necə tətbiq olunacağı - regionda Rusiya hərbi qüvvələrinin yerləşməsi - Ermənistan müxalifəti və ən yaxın qonşular tərəfindən birmənalı qarşılanmayıb.

Ermənistan müxalifətinin üzvləri anlaşmaların Ermənistanın öz hərbi qüvvələri üzərindəki idarəsini təhlükə altına aldığını, ölkənin müstəqilliyinin Rusiyadan asılı vəziyyətə gəldiyini və ümumi suverenliyə təsir etdiyini bildiriblər.

Hətta Yerevanın təsir altında razılıq verdiyindən də danışılır.

Parlament Öncəsi Hərəkatının (Pre-Parliament movement) üzvü Varuzhan Avetisyan hava müdafiəsi anlaşmasını "Ermənistanın müstəmləkəyə çevrilməsi yolunda növbəti addım kimi qiymətləndirib."

"Ən böyük təhlükə isə bizim hal-hazırda (Azərbaycan ilə) müharibə şəraitində olmağımızdadır. Bu şərtlər altında hava müdafiəsinin idarəsini Rusiyaya etibar etmək, eyni zamanda geosiyasi qüvvənin də həvaləsi deməkdir," o deyib.

Digər müxalifət üzvləri də yeni Güclərin Birləşmiş Qrupu ilə bağlı eyni narahatçılığı paylaşıblar.

Müxalif yönümlü qəzet Haykakan Zhamanak-da belə bir sual dərc olunub: "Əgər Ermənistan həqiqətən də Rusiyaya etibar edirsə, apreldəki (2016-cı ilin aprel ayında Qarabağda baş tutan dörd günlük güclü döyüşlər nəzərdə tutulur) xəyanətin yenidən baş verməyəcəyinə zəmanət haradadır?"

Xaricdəki narahatlıq

Ermənistan və Rusiya birləşmiş gücün heç bir üçüncü dövlətə qarşı olmadığını bildirsə də, qonşu Azərbaycan bunun Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyindən narahatdır.

"Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi bir zamanda Rusiya ilə Ermənistanın birgə hərbi qüvvə yaratması, heç bir halda xeyir vəd etmir," hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

NATO tərəfdarı Gürcüstanda da anlaşmaların Rusiyanın NATO-ya qarşı olan münasibətinin nəticəsi olduğu deyilir.

Hərbi şərhçi İrakli Aladaşvili bir məqalədə qeyd edib ki, birgə müdafiə, Kremlin Cənubi Qafqazın böyük hissəsi üzərində nəzarət əldə etməsi və NATO-nun regiondakı gücünə qarşı yaradılıb.

Rusiyanın hərbi inkişafı

Anlaşmalar Rusiyanin Cənubi Qafqazdakı müxtəlif respublikalar ilə hərbi bağlarının inkişafına səbəb olacaq.

Deyilənlərə əsasən, Moskva Azərbaycana son bir neçə il ərzində 4 milyard dollar məbləğində silah-sursat satıb. Bu il isə Ermənistana 200 milyon dollar dəyərində satdığı silahlara Iskander raketləri də daxildir.

Rusiya həmçinin Gürcüstanın tərkibində yerləşən Abxaziya və Cənubi Osetiya muxtar respublikaları ilə də bənzəri müqavilələr imzalayıb və hər iki ölkənin ərazisində bir neçə bazaya malikdir.

Noyabrda Moskva və Abxaziya arasında birləşmiş hərbi qüvvələr qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub. Müdafiə nazirliyinə əsasən, oxşar anlaşmanın Moskva ilə Cənubi Osetiya arasında da qəbul olunacağı planlaşdırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş