Türkiyə suriyalı kürd siyasi liderin həbsini istəyir

PYD lideri Salih Müslim Avropa Parlamentində jurnalistlər qarşısında çıxıs edir. Şəkil: sentyabr 2016 Fotonun müəllifi AP
Image caption Salih Müslimin Demokratik Birlik Partiyasının (PYD) Xalq Qoruma Birlikləri (YPG) adlı kürd silahlı qüvvələri ilə əlaqəsi var

Bu il 17 fevralda Ankarada baş vermiş hücumla bağlı aparılan istintaq çərçivəsində suriyalı kürd PYD lideri Salih Müslim və bir neçə Kürdüstan Fəhlə Partiyası (PKK) liderləri barədə həbs qərarı çıxarılıb.

Həbs qərarında suriyalı Kürd Demokratik Birlik Partiyası (PYD) lideri Salih Müslim və 50-yə yaxın şəxsin adı çəkilib.

PYD, Suriyada özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı mübarizədə ABŞ tərəfindən dəstəklənən Xalq Qoruma Birlikləri (YPG) kürd silahlı birləşməsi ilə bağlıdır.

Salih Müslim, BBC Fars xidmətinin jurnalisti Jiyar Gol ilə müsahibədə, Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatı "yeni Türk imperiyası" qurmaq üçün həyata keçirdiyini iddia edib.

Türkiyə PYD və YPG-ni bu ilin fevral ayında Ankarada baş vermiş hücumu təşkil etməkdə günahlandırır, amma hər iki qrup bu iddiaları rədd edib.

ABŞ-ın Türkiyənin iddialarına şübhə ilə yanaşması və PKK ilə YPG-nin Suriyada oynadığı rol üzrə fikir ayrılığı nəticəsində Washington və Ankara münasibətləri zədələnib.

Türkiyə uzun zamandır ki, suriyalı kürd silahlı qruplarının PKK ilə əlaqəsi olduğunu israr edir.

Amma Salih Müslim Türkiyənin terror ittihamlarını rədd edib və PYD-PKK əlaqəsinin mövcud olmadığını vurğulayıb.

"Türkiyə kürd xalqı üçün demokratiya istəyən hamını terrorla günahlandırır. Bunun da ən sadə yolu "onların PKK ilə əlaqəsi var" deməkdir", o BBC-ə bildirib.

Fotonun müəllifi EPA
Image caption Ankarada 17 fevralda baş vermiş hücuma görə məsuliyyəti Türkiyədə yerləşmiş kürd silahlı qrup, Kürdüstan Azadlıq Şahinləri (TAK) götürüb

TAK keçmişdə PKK ilə bağlı olub. Hər iki qrup ABŞ və Türkiyə tərəfindən terror təşkilatları kimi qiymətləndirilib.

Bu barədə daha geniş