Türkiyənin Aİ yolu: Sonun başlanğıcıdırmı?

ə və Aİ bayraqları Fotonun müəllifi Getty Images

Avropa Parlamenti bu həftə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini təxirə salıb-salmamağı müzakirə edəcək.

Məsələ, bu gün parlament gündəliyinə salınıb, cümə günü isə səsverməyə təqdim ediləcək.

BBC Türkcənin suallarını cavablandıran Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri səsverməyə təqdim olunacaq mətndə "Türkiyə ilə üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulmasını" tövsiyə edəcəyini bildirib.

Piri, "Aİ-nin mövcud şərtləri altında üzvlük müzakirələrinə davam etməsi üçün lazımi etibarlılığın artıq olmadığını düşünürəm. Heç bir şey olmamış kimi yolumuza davam edə bilmərik" deyir.

Aİ, xüsusilə 15 iyul dövlət çevrilişinə cəhddən sonra ümumən təxminən 150 min nəfərin həbs olunması, nəzarətə alınması və ya işdən çıxarılması səbəbi ilə Türkiyəni sərt tənqid edib.

Aİ Komissiyası bu ay açıqladığı hesabatında məhkəmə müstəqilliyi, ifadə və mətbuat azadlığı sahələrində ciddi geriləmə olduğuna diqqət çəkib.

Piri: Açar Ankaranın əlindədir, AP-nin deyil

Kati Piri BBC Türkcənin verdiyi bəyanatında belə deyib:

"Biz populizm etmirik. Bu tövsiyə qərarını irəli sürənlər həddindən artıq sağçı siyasətçilər deyil. Avropa Parlamentində səkkiz siyasi qrup var və hər keçən gün Türkiyədə vəziyyətin pisə getməsində həmfikirdirlər.

Həmçinin 142 jurnalist həbs edilərkən və 10 deputat saxlanılarkən biz Türkiyə hökuməti ilə necə eyni masada otura və Aİ-ə inteqrasiyadan danışa bilərik? Bu prosesin mötəbərliyi qalmayıb. Bunu Türkiyə Cümhuriyyəti vətəndaşları da bilir ki, Aİ vətəndaşları da.

Artık Aİ-nin iştirak prosesinin mötəbərliyi risk altındadır. Biz Türkiyəyə qapılarımızı bağlamalıyıq demirik, amma Türkiyə hökumətinin hərəkətləri ilə Aİ-nin üzünə qapını örtdüyünü söyləyirik."

Fotonun müəllifi Getty Images

"Üzvlük müzakirələrinə davam etməyimiz üçün Türkiyənin normallaşması lazımdır. Bunun üçün də açar Türkiyənin əlindədir, AP-nin deyil".

Avropa Parlamentinə təqdim olunacaq tövsiyə qərarının mətninin parlamentdəki millət vəkillərinin əksəriyyəti tərəfindən qəbul olunacağına qəti inam var.

AP-nin qərarlarının digər Aİ qurumları ilə əlaqələrə təsir edəcəyi gözlənilmir. Yəni AP-nin üzvlük müzakirələrinin təxirə salması istiqamətində səs verməsi, müzakirələrin təxirə salınacağı anlamına gəlmir.

Çünki üzvlük müzakirələrinin dayandırılması və ya dondurulması qərarını üzv ölkələrin dövlət və hökumət başçılarından ibarət olan Aİ Şurası verə bilər.

Əksəriyyətin səsi ilə veriləcək bu qərarın tətbiqi üçün Lissabon Müqaviləsinin 238-ci maddəsinə əsasən üzv ölkələrin 55 faizi müsbət səs verməli və Aİ əhalisinin 65 faizi bu təklifi dəstəkləməlidir.

"İş çoxdandır ki, bitib"

Siyasi təhlilçi Cengiz Aktar-a görə, edam cəzası bərpa edilməzsə, Aİ Şurasında Türkiyənin üzvlük müzakirələrinin təxirə salınması ehtimalı çox azdır.

Aktar həmçinin onu da deyir ki, əvəzində AP-nin qərarının əhəmiyyətli siyasi təsirləri ola bilər:

"Üzv ölkələr AP-nin qətnaməsinə məhəl qoymaya bilməzlər. Açıq olan 15 fəsildə müzakirələr onsuz da getmir. Yeni fəsil da açmayacaqlar. Yəni bu faktiki olaraq danışıqların bitməsi deməkdir".

Türkiyə 1987-ci ildə, həmin vaxt adı Avropa İqtisadi Təşkilatı olan Aİ-ə üzvlük üçün müraciət edib, üzvlük danışıqlarına isə 2005-ci ildə başlanıb.

10 ildən çox davam edən üzvlük müzakirələri çərçivəsində 35 fəsildən yalnız 16-sı barədə görüşlər baş tutub və yalnız bir fəsil tamamlanıb.

Prezident Erdoğan bir qədər əvvəl Aİ-Türkiyə müzakirələrində irəliləmə əldə edilməsi üçün bu ilin sonunadək gözləyəcəklərini və gələn il Aİ-ə üzvlük məsələsinin referendum səsverməsinə çıxarılacağını bildirib.

Cengiz Aktar hazırki vəziyyəti belə izah edir: "İş çoxdan bitib, artıq adını qoymaq lazımdır. Aİ-də belə bir şey qəbul olunub: Ankaranın hərəkətləri Aİ-nin genişlənmə siyasətinə zərər verir. Türkiyə Kopenhagen siyasi meyarlarına uyğun bir ölkə deyil. Belə bir ölkənin müzakirələrə davam etməsi mümkün deyil".

"Kiprdə bir həll tapılarsa, Kipr Cümhuriyyətinin blokladığı fəsillər də açılar və müzakirələr canlanar, deyənlər var. Ola bilər. Amma Kopenhagen meyarlarına uyğunsuzluq yenə önə çıxacaq. Kipr həll edilsə belə Avstriya və digər ölkələri yola gətirmək çox çətin olacaq".

Fotonun müəllifi Reuters

"Həmçinin Türkiyədə mətbuatın vəziyyətini düşündükdə, hakimiyyətin ictimaiyyətə təsir gücünü nəzərə almaq lazımdır. Bir referendum olsa, ingilislər kimi türklər də Aİ-ə xeyr deyə bilər".

Prezident Recep Tayyip Erdoğan həftə sonu Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıraraq söyləyib ki, "Türkiyə bir dəfə özünü rahat hiss etməlidir. Mənim üçün varsa yoxsa Avropa İttifaqıdır deməməlidir".

Erdoğan "yəni, bəziləri tənqid edə bilər, amma mən öz qənaəitimi deyirəm. Məsələn, Türkiyə Şanxay Beşliyi içərisində niyə olmasın?" bildirib.

Türkiyə üçün Aİ-nin qarşısında başqa bir alternativ varmı?

Brüsseldə mənzillənən Avropa Demokratiya Təşkilatından Dr. Demir Murat Seyrek deyir ki, Türkiyə üçün Aİ-nin qarşısında başqa bir alternativ yoxdur:

"Aİ-nin müəyyən standartları var: insan haqları məsələsində, demokratiya, qadın haqları, fərdi azadlıqlar məsələlərində... Strateji olaraq təbii ki, başqa alternativlər də ola bilər. Amma mən Rusiyanı, Çini, digər Orta Asiya ölkələrini Avropa İttifaqının alternativi olaraq görmürəm.

Bu bəlkə Qərb dünyası ilə münasibətlərin alternativi ola bilər, NATO-nun alternativi ola bilər, amma Aİ-nin Türkiyə üçün bir alternativi yoxdur. Əlbəttə bu, daha da böyük bir problemdir.

Çünki Türkiyənin Qərbləşməsi hərəkəti dedikdə 150-200 illik bir prosesdən danışırıq. O zaman bu yalnız 11 illik danışıq prosesinin deyil, bəlkə 150 illik bir prosesin də bitdiyi bir nöqtə olacaq. Bu mənada çox tarixi bir nöqtədir.

Sonun başlanğıcı ola biləcək bir nöqtəyə gəlmişik kimi görünür. Həmçinin il sonundan etibarən qaçqın müqaviləsinin tamamilə ortadan qalxması riski var. Bu təhlükəsizlik baxımından da risk yaradır.

İŞİD-in yaxın aylarda dəf edilməsi ehtimalı yüksəkdir. Bu İraq və Suriya baxımından böyük bir uğur olacaq, amma buraya gələn minlərlə xarici döyüşçü Türkiyə üzərindən Avropaya geri qayıtmağa başlayacaq. Türkiyə və Aİ arasında əməkdaşlığın artırılmasına ehtiyac var".

Əlaqəli mövzular