Adanada baş vermiş partlayışda iki nəfər ölüb - qubernator

Maşın yanır. Fotonun müəllifi Reuters
Image caption Partlayışdan sonra ən azı iki maşın od tutaraq yanmağa başlayıb.

Türkiyənin Adana şəhərindəki qubernatorun ofisi qarşısında baş verən avtomobil partlayışı ən azı iki nəfərin ölümünə bais olub, yerli qubernator bildirir.

Administrasiya binasının avtomobil parkında hücum nəticəsində 16 adam yaralanıb.

Qubernator Mahmut Demirtaş Anadolu agentliyinə deyib ki, hücumun qadın tərəfindən həyata keçirildiyi güman edilir.

"Saat 08.05 radələrində valiliyin girişi yaxınlığında avtomobil partladılıb. Təxmin edilir ki, o bir qadın tərəfindən həyata keçirilib".

Partlayış nəticəsində inzibati bina zədələnib, onun pəncərələri sınıb, Reuters xəbər verir. Hadisədən sonra ən azı iki maşın od tutaraq yanmağa başlayıb.

Türkiyənin Əmək və Sosial Müdafiə naziri Mehmet Müezzinoğlu, CNN Türk kanalına yaralılar arasında 5 nəfərin vəziyyətinin ağır olduğunu deyib.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Son zamanlar bir sıra hücumlar solçu, kürd və islamçılar tərəfindən həyata keçirilib.

Adana şəhəri İncirlik hava bazasından 40 km aralıqda yerləşir.

ABŞ bu bazadan özünü İslam Dövləti adlandıran qruplaşmanın Suriyadakı mövqelərini hədəfləmək üçün istifadə edir.

Bu barədə daha geniş