Ermənistan: Baş nazir hakim partiyaya daxil olur

Karen Karapetyan Fotonun müəllifi Mediamax.am
Image caption Karen Karapetyan 2010-2011 -ci illərdə Yerevanın meri olub

Ermənistanın baş naziri hakim Respublikaçılar Partiyasına (ERP) üzv olmaq üçün ərizə verib. Bunu cümə axşamı növbəti Hökumət iclası zamanı Karen Karapetyanın özü elan edib.

Rusiya "Qazprom" şirkəti strukturunda müxtəlif rəhbər vəzifələrdə çalışan bitərəf Karen Karapetyan sentyabrın əvvəlində Ermənistan baş naziri vəzifəsinə təyin olunanda, bəzi mənbələr onun tezliklə hakim partiyada "layiqli yer" tutacağını proqnozlayırdı.

Karapetyan bu addımı məntiqi hesab edir. Çünki onu baş "nazir vəzifəsinə Ermənistan prezidenti, hakim partiyanın rəhbəri Serj Sarkisyan dəvət edib".

"İkincisi, hər bir hökumət siyasi qüvvəyə arxalanmalıdır, bizim hökumət isə ilk növbədə ERP hökuməti olub", - Karen Karapetyan izah edib.

Hökumətin siyasi dəstəyə ehtiyacı olduğunu vurğulayan baş nazir, nə üçün özü yeni partiya təsis etmədiyini də izah edib.

"Artsax [Dağlıq Qarabağ] və ölkəmizin təhlükəsizliyi problemləri olan bir vaxtda biz hər hansı mümkün sabitsizləşdirici proses və inkişaflardan çəkinməliyik", - o deyib.

Bundan başqa, baş nazirin sözlərinə görə, məhz Respublikaçılar Partiyası dəyişikliklərin gerçəkləşdirilməsinə siyasi dayaq ola bilər, çünki ona [baş nazirə] "partiyanın ideologiyası əzizdir və partiyada çoxlu onun üçün məqbul insan vardır".

Ermənistan baş naziri ERP-nin də "başqa partiyalar kimi, obyektiv və subyektiv səbəblərə əsasən, bəzən qeyri-effektiv" olduğunu qeyd edib. Lakin hakim partiya, Karen Karapetyanın sözlərinə görə, ölkənin təhlükəsizliyi və inkişafı üçün öz məsuliyyətini dərk edərək, dəyişilmək qərarına gələn və belə potensiala malik olan bir siyasi qüvvədir.

Eyni zamanda o, digər bitərəf nazirlərin hakim partiyaya üzv olmasının vacib olmadığını bəyan edib.

"Bu, hər kəsin şüurlu ideoloji seçimi məsələsidir".

Nazirlər kabinetinin toplantısından sonra məlum oldu ki, nəqliyyat naziri Vahan Martirosyan və kənd təsərrüfatı naziri İqnati Arakelyan da hakim partiyanın üzvü olmaq istəyirlər.

Nazirlərin hər ikisi də jurnalistlərə deyiblər ki, tam könüllü olaraq belə qərara gəliblər.

Üzümüzə gələn şənbə günü ERP-nin növbəti qurultayı gözlənilir. Onun əsnasında hakim partiyanın nizamnaməsi və proqramında dəyişiklər ediləcəyi ehtimal olunur.

Ermənistan baş naziri Karen Karapetyan hakim Ermənistan Respublikaçılar Partiyasına (ERP) üzv olmaq üçün ərizə verib. Bunu cümə axşamı növbəti Hökumət iclası zamanı baş nazir özü elan edib.

Bu barədə daha geniş