"Hayastan" ümumerməni fondu Qarabağ üçün 15 milyon dollar yığıb

Fotonun müəllifi Hayastan

"Hayastan" ümumerməni fondunun növbəti 19-cu xeyriyyə telemarafonu nəticəsində təxminən 15 milyon 429 min dollar məbləğində ianə yığılıb və ya vəd edilib.

"Mənim Artsaxım" şüarı altında keçən televiziya marafonu noyabrın 24-də Yerevan vaxtı ilə saat 22-də Ermənistanın İctimai və bir sıra başqa televiziya kanalları, habelə fondun rəsmi saytında Los Ancelesdən canlı yayımlanıb və 12 saat davam edib.

Bu il keçirilən telemarafon nəticəsində toplanan vəsaitlərin zərər çəkmiş Dağlıq Qarabağ [erməni qüvvələrin nəzarəti altında olan] bölgələrinin bərpa edilmə işləri, əhalinin təhlükəsizliyi və müdafiəsinin təmin edilməsinə, eləcə də çoxuşaqlı ailələr üçün evlərin tikintisinə yönəldiləcəyi nəzərdə tutulur. Bundan başqa, "Hayastan" fondunun rəsmi saytına əsasən, Ermənistanda və Dağlıq Qarabağda "məqsədli proqramlar həyata keçiriləcək".

Fond 19-cu telemarafon ərəfəsində də, noyabrın 16-dan 20-dək, fondun Fransa, Almaniya və İsveç filiallarının iştirakı ilə ümumavropa telefon marafonu keçirib. Yunanıstan erməni icmasının da qatıldığı bu tədbir nəticəsində 1,35 milyon avro məbləğində ianə toplanmış və vəd edilmişdi.

Bu il mayın 14-də isə "Aprel müharibəsi" adını almış Qarabağ təmas xəttində 4 gün davam edən döyüşlərdən sonra bərpaetmə işləri üçün təşkil edilən telemarafon nəticəsində təxminən 1,1 milyon dollar toplanmışdı.

"Hayastan" ümumerməni fondu 1992-ci ildə təsis edilib. Fondun əsas vəzifəsi Ermənistanda və Dağlıq Qarabağda "ümummilli layihələrin" həyata keçirilməsi və infrastrukturun inkişaf etdirilməsidir. Ermənistan prezidentinin sədrlik etdiyi "Hayastan" fondunun qəyyumlar şurasına dünya erməni diasporunun nüfuzlu nümayəndələri daxildir.

Telemarafon erməni diasporunun iri kabel televiziya kanalı vasitəsilə Avropa, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Asiya ölkələrində də yayımlanır.

Fondun fəaliyyəti sayəsində ümumi uzunluğu 600 kilometrədək yollar, 520 kilometr su kəmərləri, 144 kilometr qaz kəməri, 70 kilometrlik elektrik xətləri salınıb.

Bundan başqa, 334 məktəb və uşaq bağçası, 424 yaşayış binası, 70-dən çox tibb müəssisələri, 55 idman və mədəniyyət mərkəzlərinin yenidən tikilib və abadlaşdırıldığı bildirilir.