Türkiyə: Uğursuz çevriliş cəhdinə görə işgəncə xəbərləri gəlir

Bu cür ağır yaralı kişilərin olduğu şəkillər ortaya çıxdıqdan sonra, işgəncə iddiaları təsdiqini tapmağa başlayıb
Image caption Bu cür ağır yaralı kişilərin olduğu şəkillər ortaya çıxdıqdan sonra, işgəncə iddiaları təsdiqini tapmağa başlayıb

Selcen Bayun telefonunda videoyazını qoşur və köks ötürür. Yazıya 15 iyuldan sonra dəfələrlə baxsa da, görüntülər hələ də sarsıdıcıdır.

"Mənim müştərimdir," o, başından yaralanan kişiyə işarə edərək deyir. "O və başqaları döyülüb, başları divarlara vurulub və isti asfalt üzərində diz çökdürülərək ayaqları yandırılıb. Mən istintaq zamanı bir müştərimin polis tərəfindən boğulduğunun şahidi olmuşam."

Videodakı şəxslər builki çevriliş cəhdinin təşkilində şübhəli biliniblər.

Onlar Türkiyə parlamenti və digər rəsmi binalara F16 qırıcılarından bomba atılması və İstanbul və Ankarada etirazçılara tank atəşi açılması əmrini verməkdə günahkar bilinən ordu zabitləridir.

Bu, çox güman ki, Türkiyə dövlətinə qarşı edilən ən ciddi hücum idi. Nəticədə 265 nəfər ölüb və az qala prezident Recep Tayyip Erdoğan hakimiyyətdən devriləcəkdi.

Eyni zamanda hadisə, müasir Türkiyə tarixində ən böyük "təmizlənməyə" gətirib çıxarıb. 125 mindən çox adam işdən çıxarılıb və təxminən 40 min nəfər Fetullah Gülenin başçılıq etdiyi İslam hərəkatı ilə əlaqədə olması ittihamı ilə həbs edilib.

Hökumət çevriliş cəhdinin arxasında cənab Gülenin dayandığını iddia edir.

Həbsə olanlar haqqında işgəncə iddiaları yayılmağa başlayıb və BBC narahatedici ifadələrlə rastlaşıb.

"Onların döyülməkdən qabırğaları sınıb, əlləri arxadan qandallandığı üçün biləkləri kəsilib və beyin sümüklərində çatlar yaranıb," Selcen Bayun deyir.

"Vəkil və müştəri münasibətləri də ağır şərtlər altında baş tutur. Belə ki, hər görüşdə polis və nəzarətçilər də iştirak edirlər - onlar hətta söhbətə qarışırlar - və bütün məktubları oxuyurlar. Müştərilərimiz başlarına gələnləri danışmaqdan qorxurlar".

Selcenin göstərdiyi videoyazı çevriliş cəhdindən az sonra yayılıb. Qəsddə günahkar bilinən hərbçilər kamera qarşısında sınmış burunlar və ağır baş və qulaq zədələri ilə görünüblər.

Polis tərəfindən çəkildiyi zənn olunan və internetdə yayılan digər bir videoyazıda əsgərlərin təpiklənərək qana bələndiyi görünür.

Fotonun müəllifi EPA
Image caption Uğursuzluqla nəticələnən çevriliş cəhdindən sonra mindən çox adam həbs olunub
Image caption BBC-ə kamerada döyülərək qana bələnən əsgərlərin videoyazısı göstərilib

Amnesty International insan haqları qrupu yaxınlarda həbs olunanların "döyülməsi və zorlanma da daxil olmaqla işgəncəyə məruz qalması" faktın təsdiqləyib. Human Rights Watch isə işgəncələr əsasında artıq bir neçə sənədli film lentə alıb.

Burada polis tərəfində həbs olunma müddətinin dörd gündən 30 günədək uzadılması və vəkillərlə görüşə beş gün icazə verilmədiyi göstərilib.

BBC isə kürdlər və solçular da daxil olmaqla "terrorizmə dəstək"də günahkar bilinərək tutulan və işgəncələrə məruz qalan başqaları haqqında da məlumatların üstünü açıb.

Kamil Uluc avqustda həbs olunub və kürd hərbçi qruplaşması PKK ilə əlaqəyə görə ittiham olunub. O, İstanbulun Esenler və Vatan polis bölmələrində saxlanılıb və ağır yaralarla nəticələnən işgəncələrə məruz qaldığını iddia edir.

BBC-ə verdiyi uzun və detallı məlumatda o, ağzına silah dayanaraq nə deyə biləcəyi əmri verildiyini, hətta, ayaqyoluna getməyə belə icazəsi olmadığını söyləyib.

Image caption İnsan haqları qrupları işgəncə iddialarını təsdiqləyir. Kamil Uluc yanıq izinin işgəncə nəticəsində qaldığını söyləyir

"Onlarda təxminən 200 adamın şəkli var idi və bizdən onların PKK qruplaşamasının üzvləri olduğunu deməyi istədilər. Mən bundan imtina etdikdə isə işgəncəyə əl atdılar. Onlar bizim xayalarımıza ağır əşyalar bağlayırdılar. Mən ağrını hələ də hiss edirəm. Sonra, üstümüzə su töküb bizi döyürdülər. Bizi xəstəxanaya aparırdılar, lakin polis həkimlərə heç bir şeyi qeydə almamağı tapşırırdı."

Həkimlərin düzgün yoxlanış apara bilmədən məcbur qalaraq xəstələri xəstəxanadan buraxması ilə bağlı şikayətlər də qeydə alınıb.

Kamil davam edir, "Əgər danışmasan, arvadını bura gətirib gözünün önündə zorlayacağıq, dedilər. Sonra isə məni qaranlıq bir otağa aparıb anal dəliyimə dəyənək soxmağa çalışdılar. Bu alınmayanda, çıxıb getdilər. Mən yəqin ki, digər işgəncələri unudacağam, amma cinsi əziyyət ürəyimin ən iyrənc hissəsinə ömürlük həkk olundu".

BBC başqa iki kişinin cinsi işgəncəyə məruz qalması ilə bağlı tibbi arayış əldə edib. Cənub şəhərlərindən biri olan Urfada, Marksist qruplaşmasının üzvü iddiası ilə həbs olunanlar "cinsi orqanlarının zədə görməsi" ilə bağlı məlumat paylaşıblar.

Hədəfə siyası müxaliflər də daxildir. Kürdlərin müxalif partiyası HDP-dən olan liderlər və millət vəkillərinin həbsinə qarşı təşkil olunan mitinqdə, bir millət vəkilinin oğlu Cihad Saatcıoğlu da saxlanılıb. Yaraları son dərəcə ağır olduğundan o, xəstəxanaya yerləşdirilib və BBC ona baş çəkə bilib.

Image caption Cihad Saatcioğlu ağır yaralarına görə xəstəxanaya yerləşdirilib

O, yataqda hərəkət edərkən çat alan onurğasının ağrısından ağlayır. BBC-nin əldə etdiyi tibbi arayışa əsasən, Cihad döyülüb, başından travma alıb və beyin sümüyü və cinsi orqanlarına zərər dəyib.

"Tutulduğum andan xəstəxanaya gətirilənədək məni döyüblər," o deyib. "Dayanmadan - şillələnir, təpiklənir, vurulurduq və başımızı divara çırpırdılar. Xəstəxanaya gətiriləndə onlar həkimlərə təzyiq göstərmək istədilər, lakin tibbi arayışlar hər şeyi təsdiq etdi. Həmin polis nəfərləri isə qaçdılar və başqaları ilə əvəz olunublar."

"Əgər bir neçə polis nəfəri olsa, adam istisna olduğunu düşünərdi. Amma, motosikletli polislər, adi geyimlilər və terrorizmə qarşı çalışan polislər - hamısı burada idi. Bizə işgəncə verərkən özlərindən razı görünürdülər."

İşgəncə 1980 və 1990-cı illər arasında Türkiyədə yaşanan çevriliş və kürd müharibəsi zamanı də geniş yayılmışdı. Bu, 2004-cü ildə AKP-nin hakimiyyətə gəlməsi nəticəsində artan təhlükəsizlik tədbirləri və yaxşılaşdırılan tibbi və hüquqi xidmətlər sayəsində səngidi. Ötən il yenidən ortaya çıxan kürd konflikti və ardınca yaşanan çevriliş cəhdi qaranlıq günlərin geri qayıtdığını göstərir.


Türkiyədə insan haqları

Fotonun müəllifi AP
  • Media dövlətdən görünməmiş təzyiqlə qarşılaşır
  • Azad və dinc toplaşma hüququ pozulur
  • Polisin gücü həddindən artıq təzyiq və həbs işgəncələrində istifadə olunur
  • İnsan haqlarının pozulması əvəzində cəzasızlıq

Mənbələr: Amnesty International və Human Rights Watch


Hakimiyyət BBC-nin şərh üçün müraciətindən imtina edib. Amma Human Rights Watch təşkilatının keçən aykı məruzəsindən sonra, Ədliyyə və Daxili İşlər nazirlikləri bunu "bir tərəfli, Gülençi Terrorist Qrupu aspektində" fikir kimi qiymətləndiriblər və əlavə ediblər ki, "türk dövləti dustaqlara qarşı pis davranış və işgəncələrlə bağlı qanunu əsas tutur". Ədliyyə naziri, Twitter hesabında iddiaları "iftira" adlandırıb.

Fotonun müəllifi Twitter - @bybekirbozdag
Image caption Türkiyənin ədliyyə naziri Twitter hesabında yazıb: "Türkiyə həbsxanalarında pis davranış və işgəncə yoxdur. Bunun əksini söyləyənlər iddialarını isbat etməsələr, iftiraçıdırlar"

BMT-in işgəncə üzrə məruzəçisinin ilk səfəri Türkiyə dövləti tərəfindən təxirə salınsa da, hazırda o Türkiyədədir.

Onun gəldiyi nəticələr Türkiyənin həqiqətənmi işgəncələrlə beynəlxalq qanunu pozmasının müəyyən etməkdə əsas rol oynayacaq.

Bu qanuna görə hətta müharibə və fövqəladə hallarda belə işgəncə qadağandır.

Müsahibəmizin sonunda vəkil Selcen Bayundan qorxub qorxmadığını soruşuram. "Qorxuram - amma kimsə səsini ucaltmalıdır," o deyir. "15 iyulda baş verənlər qanuna zidd idi - lakin, indi baş verənlər də qanuna ziddir. Biz sadəcə ədalət istəyirik".

Əlaqəli mövzular

Bu barədə daha geniş