Sorğu: 56 faiz rusiyalı SSRİ-nin dağılmasına təəssüflənir

Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç Fotonun müəllifi RIA Novosti
Image caption 1991-ci ilin dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderləri Belovejsk meşəsində beynəlxalq hüquqların subyekti kimi SSRİ-nin mövcudluğunun dayandırılması barədə saziş imzalayıblar

"Levada-sentr" tərəfindən keçirilən sosioloji sorğunun nəticələrinə görə Rusiya sakinlərinin yarısı "SSRİ-nin dağılmasının qarşısını almaq olardi" deyə düşünürlər.

Əhalinin 56 faizi Sovet İttifaqının dağılmasına təəssüf edir. Rəyi soruşulanların 29 faizi isə SSRİ-nin dagılmasının qaçılmaz olduğunu söyləyiblər.

Respondentlər SSRİ-nin dağılması haqda danışarkən başlıca səbəblərdən biri kimi Yeltsin, Kravçuk və Şuşkeviçin məsuliyyəstiz və heç bir şeyə əsaslanmayan "Belovejsk sövdələşməsi"ni (29%) , "SSRİ-yə düşmən olan xarici qüvvələrin sui-qəsdi" (23%) və əhalinin SSRİ rəhbərliyindən, Mixail Qorbaçovdan və ətrafından narazı olmasını (21%) göstəriblər.

Sosioloqlar SSRİ-nin mövcud olmamasına təəssüflənən respondentlərdən bunun səbəbini də dəqiqləşdiriblər. Respondentlər buna cavab olaraq vahid iqtisadi sistemin dağılmasından və böyük gücə mənsubluq hissinin itirliməsindən danışıblar (rəyi soruşulanların 53% və 43%).

1991-ci ilin dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderləri - Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç Belovejsk meşəsində beynəlxalq hüquqların subyekti kimi SSRİ-nin mövcudluğunun dayandırılması və yeni Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə saziş imzalamışdılar.

Əlaqəli mövzular