Putin Rusiya informasiya təhlükəsizliyi doktrinasını təsdiqləyib

Putin Fotonun müəllifi Reuters
Image caption İki il əvvəl Vladimir Putin informasiya sahəsində təhlükəsizliyin təmin olunmasına yönələn "əlavə kompleks tədbirlərin" qəbul edilməsinə səsləyib.

Prezident Vladimir Putin Rusiyanın informasiya təhlükəsizliyinə dair doktrinasını imzalayıb. 2000-ci ildə qəbul edilən əvvəlki doktrina qüvvədən düşmüş hesab olunur.

Yeni doktrinada xaricdən "informasiya-psixoloji təsirə" müqavimət barədə müddəalar yer alır.

Putinin sərəncamı rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Yeni doktrinada informasiya texnologiyalarının genişlənməsi və bəzi xarici ölkələrdə belə texnologiyaların hərbi məqsədlər üçün istifadə olunduğu bildirilir.

Sənədə əsasən "Rusiya dövlət orqanları, elmi təşkilatlar və müdafiə-sənaye kompleksinə qarşı" texniki kəşfiyyat aparan xarici qurumların fəallaşması müşahidə olunur.

Bu səpkidə xarici xüsusi xidmətlərinin Rusiyada siyasi və sosial sabitliyin pozulmasına yönələn fəaliyyəti qeyd olunur, əhali və məxsusən də gənc təbəqəyə qarşı "informasiya təsirinin" gücləndirildiyi vurğulanır.

Doktrina, texnologiyalardan istifadə edərkən şəxsi həyatın toxunulmazlığı, vətəndaşların sərbəst məlumat almaq, istifadə etmək və yaymaq hüququ Rusiya milli maraqlarının tərkib hissəsidir.

Yeni doktrina 6 dekabrda qüvvəyə minib.

Geopolitik asılılıq

Putinin imzaladığı doktrinada yerli informasiya texnologiyalarının kifayət qədər inkişaf etmədiyinə diqqət yetirilərək deyilir ki, ölkənin xarici texnologiyalara möhtac olması Rusiyanın sosial-iqtisadi inkişafını başqa ölkələrin geopolitik maraqlarından asılı vəziyyətə salır.

Sənəddə həmçinin informasiya texnologiyaları sahəsində elmi tədqiqatların effektivliyinin aşağı olması vurğulanır, Rusiya texnologiyalarının tətbiqinin zəruriliyi qeyd olunur.

Bu arada növbəti 3 ilin büdcə layihələri elm və texnologiya sahələrinə maliyyələşmənin ixtisarını nəzərdə tutur.

"İnformasiya təsirinin neytrallaşması"

Doktrinada "Rusiya barədə mötəbər məlumatın" çatdırılması ölkənin milli maraqlarına aid edilir.

"Xarici kütləvi informasiya vasitələrində Rusiya Federasiyası dövlət siyasətinin qiymətləndirilməsilə bağlı qərəzli məlumatların həcminin artması meyli nəzərə çarpır", - doktrinada deyilir.

Sənədə əsasən xaricdə Rusiya KİV-ləri "aşkaranə diskriminasiyaya məruz qalır, vəzifə borcunu yerinə yetirərkən rusiyalı jurnalistlərə maneələr törədilir".

Sənəddə həmçinin "Rusiyanın ənənəvi əxlaqi-mənəvi dəyərlərinin" pozulmasına yönələn "informasiya təsirinin neytrallaşması" barədə bəhs olunur.

2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki böhrana görə Rusiya-Qərb əlaqələri gərginləşib.

Həmin dövrdə Vladimir Putin informasiya sahəsində təhlükəsizliyin təmin olunmasına yönələn "əlavə kompleks tədbirlərə" ehtiyac olduğunu bildirib.

Bu yay Rusiya parlamenti hakim "Vahid Rusiya" partiyasını təmsil edən deputatlar - İrina Yarovaya və Viktor Ozerovun təklif etdiyi "terrorçuluq əleyhinə" qanun paketini təsdiq edib.

Rusiyada "Yarovay paketi" kimi tanınan sənəd hüquq müdafiəçiləri və biznes nümayəndələrinin tənqidinə tuş gəlib.

Onlar deyirlər ki, qanun şəxsi həyatın toxunulmazlığı ilə daxil, bir sıra konstitusiya hüquqlarına ziddir.

Əlaqəli mövzular

Bu barədə daha geniş