Yeni Ermənistan-Azərbaycan sülh platforması işləyəcəkmi?

Fotonun müəllifi Getty Images
Image caption Serj Sarkisyan və İlham Əliyev

Bu həftə Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platformanın yarandığını bəyan ediblər.

Beynəlxalq təşkilatlara və hər iki ölkənin prezidentlərinə müraciətdə, platformanın erməni və azərbaycanlı təsisçiləri sülhə yönəli yeni təşəbbüsə "vətəndaş ictimai institutları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşlarını da" qoşulmağa çağırıb.

Bundan əvvəlki sülhyaratma təşəbbüslərindən bu cəhd nə ilə fərqlənir? Və əvvəllər sülhyaratma layihələrində iştirak edən vətəndaş cəmiyyəti üzvlərinə Azərbaycan hakimiyyəti tərəfindən nümayiş edilən etimadsızlıq artıq bitibmi?

"Uzunmüddətli" prosesin əvvəli

Sənədi imzalamış hüquq müdafiəçilərindən biri, Vahe Avetyan, BBC Azərbaycancaya müsahibəsində təşəbbüsü "uzunmüddətli" proses adlandırıb və platformaya cəlb olunmasının, özünün "praqmatik" siyasi yanaşmasından nəticələndiyini deyib.

Azərbaycan və Ermənistanı "diktatorluqlar" kimi qiymətləndirsə də, cənab Avetyan hökumətlərlə birgə fəaliyyətə alternativin olmadığını vurğulayıb.

Özünün noyabr ayında Azərbaycana ilk dəfə buraxılmasını, bu layihəyə Azərbaycan hakimiyyətinin və prezident Əliyevin dəstəyinin sübutu olduğunu deyib, lakin indiyədək platformanın fəaliyyətlərinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilmədiyini vurğulayıb.

"Mən Azərbaycana ilk səfərimi özüm maliyyələşdirmişdim. Növbəti səfərimdə biletim yerli QHT-lər tərəfindən şərikli maliyyəşdirilmişdi", o deyib.

Cənab Avetiyan özünün noyabr ayında Azərbaycana buraxılmasını, Azərbaycan hakimiyyətinin bu təşəbbüsə müsbət yanaşdığının göstəricisi olduğunu bildirib.

O prezident İlham Əliyevin bu ilin noyabr ayında Rusiyanın Sputnik xəbər agentliyinə verdiyi müsahibəni xatırladaraq, "İlham Əliyevin Qarabağın status barədə Azərbaycanın kompromisə hazır olmasını qeyd etməsi çox müsbət və ruhlandırıcıdır" deyib.

İqtisadi böhran və tənqidlərdən yaranmış zərurət?

Ayna-Zerkalo qəzetinin keçmiş jurnalisti, "vətənə xəyanət" ittihamları ilə həbs edilmiş və hazırda İsveçrədə siyasi sığınacaqda olan Rauf Mirqədirov BBC Azərbaycancaya platformanın yaranmasını "müsbət" hal kimi qiymətləndirib.

Onun zənnincə, Azərbaycan hökumətinin sülhə yönəli təşəbbüslərə əvvəlkindən fərqli yanaşması ölkədəki iqtisadi böhran və Azərbaycanın aprel ayında cəbhədə baş vermiş döyüşlərə görə beynəlxalq tənqidlərlə üzləşməsi səbəb olub.

Azərbaycanın külli miqdarda "bahali silah almağa" artıq maddi imkanı olmadığını deyərək, cənab Mirqədirov sülh prosesinin hökumətə əvvəldən daha əhəmiyyətli olduğunu bildirib.

O həmçinin Azərbaycan hakimiyyətinin münaqişə siyasətinə dəyişikliyini əvvəlki siyasətin uğursuz nəticələrindən sürətləndiyini deyib.

Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istəyi və eyni zaman Ermənistanla əlaqə qurmaqdan imtinasının məntiqsiz olduğunu vurğulayaraq, cənab Mirqədirov platformanın yaranmasını hakimiyyət tərəfindən bu siyasətin uğursuzluğuna reaksiya kimi qiymətləndirib.

Fotonun müəllifi Getty Images
Image caption Qarabağda Aprel döyüşlərindən sonra Talış kəndi.

Platformanın gələcəyi

Vahe Avetyan hər iki ölkənin insan haqlarına yanaşmasının beynəlxalq təşkilatlar tərəfindən tənqidlə üzləşdiyini deyib, lakin uğurlu sülhyaratma üçün hakimiyyətlərin dəstəyinin əvəzedilməz olduğunu bildirib.

O insan haqqları barədə narahatlığı anladığını desə də, sonda hökumətlərin sülh sazişini imzalayacağını qeyd edib.

Cənab Mirqədirov isə daha demokratik bir ölkədə sülhə yönəli təşəbbüslərin bəlkə də "daha uğursuz" olacağı təhlükəsindən, münaqişənin həlli üçün "demokratiya ilə Qarabağı qarışdırmaq lazım deyil" deyib.

"Aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxalifət eyni mövqeyi nümayiş etdirdi", o deyib, "çünki siyasətdə əksəriyyətin mövqelərini təmsil etmək lazım olur". Onun zənnincə, nə Azərbaycan, nə də Ermənistanda əhalinin əksəriyyəti sülh istəmir və bu, uzun illər digər tərəfə nifrətin təbliğinin nəticəsidir.

İsveçdə yaşayan Vahe Avetyan onun Azərbaycana səfəri nəticəsində Ermənistanda onun öldürülməsinə çağırışların olduğunu etiraf etsə də, sülhə imkan olduğunu və yaxın aylarda platformaya dəstək qazanmaq üçün Ermənistana yola düşəcəyini qeyd edib.

"Mən Ermənistan Respublikaçı Partiyasının təsisçilərindən biriyəm və Ermənistanda əhəmiyyətli siyasətçiləri tanıyıram", o deyib, "əminəm ki, istədiyim görüşləri təşkil edə biləcəm".

Bu barədə daha geniş