Sarkisyan Qarabağa səfərdə olub

Fotonun müəllifi Ermənistan prezidentinin yəsmi internet saytı
Image caption Serj Sarkisyan təmas xəttində yerləşən erməni hərbi postlarına baş çəkib

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıq yoxdur, Dağlıq Qarabağda mədəniyyət işçiləri ilə görüşü zamanı Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib.

"Danışıqlar deməzdim, yəni Dağlıq Qarabağ problemi ilə bağlı son ciddi söhbət avqustun 10-da baş tutub. Ondan sonra məsələ üzrə heç bir ciddi müzakirə olmayıb", - Sarkisyan deyib.

Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə bağlı Ermənistan və Azərbaycan prezidentləri cari ildə iki dəfə görüşüblər. Axırıncı görüş təxminən 6 ay bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində olub.

Danışıqların yenidən başlanmasının zəruriliyini ötən həftə ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri də qeyd etmişdilər.

ABŞ dövlət katibi John Kerry, Fransa və Rusiya xarici işlər nazirləri Jean-Marc Ayrault və Sergey Lavrovun birgə bəyanatında Serj Sarkisyanla İlham Əliyevə "çeviklik göstərib danışıqlar masası arxasına qayıtmaq" təklif olunur və xəbərdarlıq edilir ki, "danışıqlar prosesində irəliləyiş qeyd olunmasa, yeni toqquşmaların ehtimalını artırar, və bunun üçün bütün məsuliyyət tərəflərin üzərinə düşər".

Şənbə günündən Dağlıq Qarabağda olan Ermənistan prezidenti təmas xəttində yerləşən erməni hərbi postlarına baş çəkib və təmas xəttində vəziyyətin "nəzarət altında" olduğunu bildirib.

"Ön xətdə elə bir gərginlik yoxdur, adi vəziyyətdir. Demək olar ki, bir il bundan əvvəlkindən daha rahat", - o deyib.

Sarkisyan Dağlıq Qarabağa üçgünlük səfəri zamanı hərbi hissələrə baş çəkib, "Dağlıq Qarabağ müdafiə ordusunun rəhbər heyəti ilə müşavirələr keçirib", Ermənistan prezidentinin rəsmi saytında deyilir.

Nə üçün məhz bu günlər Qarabağa səfər etdiyini Ermənistan prezidenti "daxili borc hissi" ilə izah edib.

"Bu, bir daxili borc hissidir, çünki indi elə bir dövrdür ki, həm ordu, həm əhali və DQR vətəndaşları çətin zamanlara hazır olmalıdır. Ordunun çoxlu tələbatı var, onları qiymətləndirmək lazımdır, çünki imkanlarımız hədsiz deyil ki, bütün məsələləri, bütün problemləri həll edə bilək", - Serj Sarkisyan deyib.

Bu barədə daha geniş