Qarabağ "konstitusiya referendumu"na hazırlaşır

Tanınmamış Dağlıq Qarabağ Respublikasının prezident administrasiyası
Image caption Tanınmamış Dağlıq Qarabağ Respublikasının prezident administrasiyası "konstitusiya referendumu"na hazırlıq aparır.

Tanınmamış "Dağlıq Qarabağ Respublikasında yarıprezident dövlət idarəçilik üsulunun tam prezident idarəçilik üsuluna" dəyişdirilməsi məqsədilə "konstitusiya referendumu" keçiriləcək.

Hazırda qüvvədə olan 2006-cı ildə qəbul olunmuş Konstitusiyaya əsasən, tanınmamış respublikada yarıprezident idarəetmə sistemi tətbiq edilir.

Yenicə ictimai müzakirələri başa çatmış yeni konstitusiya layihəsinin referendum tarixi hələ təyin edilməyib. Öncə sənəd redaktə edilməli və parlament tərəfindən bəyənilməlidir.

"DQR Konstitusiyasının" dəyişməsi haqqında ötən ilin dekabrında danışmağa başlayıblar - Ermənistanda, konstitusiya referendumunun rəsmi nəticələrinə görə, parlament idarəetmə sistemi qəbul edildikdən sonra.

Ermənistanda bu proses kütləvi etirazlarla müşayiət olundu. Müxalifət iqtidarı saxtakarlıqda günahlandırır və hesab edir ki, konstitusiya dəyişikliyinin məqsədi prezidentlik müddəti 2018-ci ildə başa çatdıqdan sonra Serj Sarkisyanın hakimiyyətdə qalmasına şərait yaratmaqdır.

Bu ilin may ayında tanınmamış DQR prezidenti Bako Sahakyanın fərmanı ilə "DQR-in də parlament idarəetmə üsuluna keçmək məqsədilə konstitusiya layihəsini hazırlamaq üçün" xüsusi komissiya yaradıldı.

Lakin sonradan "Qarabağ hakimiyyəti" bu qərarından döndü, və komissiyanın hazırladığı konstitusiya islahatları konsepsiyasında, əksinə, "DQR-də prezident idarəetmə" formasının daha da gücləndirilməsinin zərurəti əsaslandırılırdı.

Yeni konstitusiya üzrə, prezident xalq tərəfindən 5 il müddətinə seçilir. Baş nazir vəzifəsi ləğv olunur, nazirlər kabinetini prezident tərtib edir və özü də baş nazir vəzifəsini icra edir.

Fotonun müəllifi Getty Images
Image caption Tanınmamış DQR rəhbərliyi israr edir ki, 2016-cı il aprelin əvvəlində erməni və azərbaycanlı qüvvələrinin Qarabağ təmas xəttində 200-dən çox insan itkisi ilə nəticələnmiş dördgünlük müharibədən sonra əksəriyyət parlament idarəetmə üsuluna qarşı çıxış etməyə başlayıb.

Bunun zərurəti "ictimai həyatın yeni gerçəklikləri, ölkənin təhlükəsizliyi və tərəqqisini təmin etmək işində yaranmış yeni şəraitdən irəli gəlir və idarəetmənin səmərəliliyi, ölkənin suverenliyi, gələcək demokratik proseslərin inkişafına xidmət etməlidir", BBC Yerevan müxbirimizə tanınmamış "DQR parlamentinin sədri" Aşot Ğulyan izah edib.

Tanınmamış DQR rəhbərliyi israr edir ki, 2016-cı il aprelin əvvəlində erməni və azərbaycanlı qüvvələrinin Qarabağ təmas xəttində 200-dən çox insan itkisi ilə nəticələnmiş dördgünlük müharibədən sonra əksəriyyət parlament idarəetmə üsuluna qarşı çıxış etməyə başlayıb.

"Aprel müharibəsinə kimi əksəriyyət parlament idarəetmə sisteminin tərəfdarı idi, aprel təcavüzündən sonra dövlət idarəçilik sisteminə dair mövqelər prezident idarəetmə modeli xeyrinə yenidən nəzərdən keçirildi", - Aşot Ğulyan BBC müxbirinə cavabında deyib.

İstər Dağlıq Qarabağda, istər Ermənistanda bu dəyişikliyə qarşı tək-tük çıxış edənlər hesab edir ki, beləliklə prezidentlik müddəti 2018-ci ildə bitən Bako Sahakyana 2020-ci ilə qədər, necə deyərlər, keçid dövründə hakimiyyət başında qalmağa, yeni konstitusiya qüvvəyə mindikdən sonra isə yenidən prezident vəzifəsini tutmağa imkan verilir.

"Mən bunda yenidən seçilmək və hakimiyyəti qoruyub saxlamaqdan başqa bir məna görmürəm... Aydındır ki, həm Ermənistan Respublikasında, həm DQR-də bu dəyişiklikləri şəxsi maraqlarını güdən şəxslər edir", - BBC müxbiri ilə söhbətində "Modus Vivendi" araşdırma mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyir.

"ANİ" erməni tədqiqat fondunun koordinatoru, "Qarabağ gündəliyi: yaşıl və qara" və "Araratdan baxış: ermənilər və türklər" kitablarının müəllifi, jurnalist Tatul Hakobyanın sözlərinə görə, elə bil ki, konstitusiya dəyişikliyinin başlıca məqsədi Dağlıq Qarabağda super-prezident vəzifəsini təsis etməkdir.

"Yəqin Qarabağ hakim rejimi iqtidarını itirməkdən qorxur, və hakimiyyəti əlində saxlamaq üçün ən yaxşı yolu konstitusiyanın bu cür dəyişməsində görür", - o deyir.

Təhlilçi jurnalist ehtimal edir ki, Ermənistanın hakim sistemi, prezident Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası Bako Sahakyanın hakimiyyət başında qalmasında maraqlıdır.

"Ermənistan rəhbərliyi istəyir ki, Qarabağ üzrə hər hansı bir təklif və qərar olan təqdirdə, müxtəlif siyasi spektrli parlament, yaxud başqa-başqa şəxslərlə təmasa girməyə, onları dilə tutmağa, razı salmağa ehtiyac olmasın. İstəyirlər işləri bir adamla olsun", - Tatul Hakobyan deyir.

Image caption Politoloq Ara Papyan deyir ki, yeni təşəbbüs arxasında hakimiyyəti qoruyub saxlamaq cəhdini görür.

Onun sözlərinə görə, neçə ki, konstitusiya islahatının əsl səbəbləri açıqlanmır, bunların hamısı Bako Sahakyanın hakimiyyətdə qalması üçün edildiyini düşünməyə əsas verir.

Demokratiya baxımından da, Ara Papyanın sözlərinə görə, yeni konstitusiya əvvəlkindən yaxşı deyil: "Nəticədə istər ölkədə, istərsə hər hansı bir təşkilatda hakimiyyət dəyişməz qalırsa, özü də bu kimi bicliklə, buna yaxşı demək olmaz. Dünya sadəlövh deyil, bu prosesi izləyənlər görür, başa düşür ki, bu, yaxşı deyil".

Tatul Hakobyanın sözlərinə görə, ölkənin totalitar və ya demokratik olması onun "super-prezident" yaxud parlament üsulu ilə idarə olunmasından asılı deyil.

"Ölkə "super-prezident" idarəetmə şəraitində demokratik də ola bilər, totalitar da, eləcə də parlament üsulu ilə idarə olunan ölkədə istər demokratik, istərsə totalitar qaydalar hökm sürə bilər. Kövrək demokratiyalı ölkələrdə siyasi iradə vacibdir", - Hakobyan deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş