Ermənistan: ölən və yaralanan hərbçi ailələrinə ödəniş fondu yaradılacaq

Ermənistan parlamenti Fotonun müəllifi Picasa
Image caption Parlament qanun layihəsini ikinic oxunuşda qəbul edib.

Ermənistanın Milli Məclisi ölkənin müdafiəsi vaxtı hərbçilərin həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında qanun layihəsini təqsdiqləyib.

Milli Məclisdə sənədin lehinə 96, əleyhinə isə 4 səs verilib. Bir nəfər bitərəf qalıb.

"Ermənistan Respublikasının müdafiəsi zamanı hərbçilərin həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında" qanuna görə, hər işləyən Ermənistan vətəndaşının aylıq maaşından, digər icbari vergilərdən başqa, 1000 dram (təxminən 2,05 dollar) pul tutulmalıdır.

Xüsusi fondda toplanan bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra "ölkənin müdafiəsi zamanı" ölən və əlil olan hərbçi ailələrinə birdəfəlik yardım göstəriləcək və aylıq məvacib veriləcək. Ödənişdən yalnız hərbçi ailələri azad olur.

Layihənin əleyhinə Erməni Milli Konqresi fraksiyasının üzvləri və Jaranqutyun (İrs) fraksiyasının rəhbəri Zaruhi Postancyan səs verib. Müzakirələr zamanı qanun layihəsini kəskin tənqid edən EMK fraksiyasının nümayəndəsi Hrant Baqratyan səsvermədə iştirak etməyib, yeganə bitərəf səs verən müstəqil millət vəkili Edmon Marukyan olub.

Vətənpərvərlik borcu

Hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) parlament fraksiyası döyüş şəraitində zərər çəkən hərbçilərə yardım göstərmək zəruriyyətini "vətənpərvərlik borcu və xristianlıq əxlaqi qaydaları baxımından" aşılayır.

Sasvermədən öncə hakim Ermənistan Respublikaçılar Partiyası fraksiyasının üzvü, parlament sədrinin müavini Eduard Şarmazanov öz çıxışında deputat həmkarlarını "sosial mövqeyindən, vəzifəsi və mənşəyindən asılı olmayaraq Ermənistan elinin övladı" olduqlarını unutmamağa çağırdı.

"Biz hakimiyyəti sevib-sevməməyə, müxalifətlə yaxşı ya pis münasibətlərdə ola bilərik, hakimiyyət dəyişikliyinə çağıra və ya hakimiyyətə dəstək ola bilərik. Lakin vətənimizi müdafiə etmək borcumuz var. Vətənimizdən küsməyə haqqımız yoxdur... Biz dərk etməliyik ki, vətən ordusuna qayğı göstərmək vətəndaş borcumuzdur", - Şarmazanov bəyan etdi.

O, müdafiə nazirinin "bu parlaq ideyasını" tənqid etməməyə və lehinə səs verməyə çağırdı.

"Səhv qanun"

Erməni Milli Konqresi (EMK) fraksiyasının üzvü Hrant Baqratyan qabaqcadan qanun layihəsi üzrə səsvermədə iştirak etməyəcəyini bəyan etmişdi. Çünki, onun sözlərinə görə, "bu, səhv qanundur".

Baqratyan bu, "milli vergi haqqında" qanunun Ermənistan Konstitusiyasına zidd olduğunu qeyd etdi.

Sabiq baş nazir Hrant Baqratyan qanunun yalnız "ölən və əlil olan hərbçilərə" aid olduğunu ədalətsiz sayır və qanunun hərbi xidmət zamanı qeyri-hərbi şəraitdə həlak olan əsgərlərə də şamil olmasını təklif edir.

"Mən belə bir maddəni qəbul edə bilmərəm ki, məsələn, itkin yaxud əsir düşmüş əsgər ailəsinə pul vermirik, hətta veriləni geri alırıq. Belə olmamalıdır", - o dedi.

Fotonun müəllifi Parliament.am
Image caption Millət vəkili Zaruhi Postancyan qanun layihəsini "korrupsiya təhlükəsi ehtiva edən" adlandırıb.

Baqratyan qanun layihəsinin əleyhinə olanların "milli birliyə qarşı" çıxış etməkdə suçlanmasını "demaqogiya" adlandırdı.

"Siz mənə milli birlik öyrətməyin. Biz yalnız ölən qəhrəmanların deyil, yaşayan hərbçilərin sosial problemlərini həll etməliyik", - deyə, sabiq baş nazir bunun üçün bank və sığorta sisteminin təkmilləşdirilməsinə dair təkliflərini səsləndirdi.

"Yoxsa biz artıq ölən qəhrəmanları sevməyə başlayırıq. Bu, çox təhlükəlidir. Məgər qəhrəmanlığın mənası insanın ölümündədir?", - o dedi.

"Dəhşətli layihə"

Jaranqutyun (İrs) fraksiya rəhbəri Zaruhi Postancyan qanun layihəsini "dəhşətli" adlandırdı. "Çünki gələcəkdə baş verəcək müharibəyə və döyüşlərə və bunun nəticəsində həlak olan və xəsarət alanlara aid edilir", - xanım Postancyan dedi.

O, bu ilin aprel ayında dörd gün davam edən [Qarabağ təmas xəttində] döyüşlərdən sonra müdafiə nazirliyinə ayrılan vəsaitlərin səmərəli sərf olunmadığı və bir çox qüsur üzə çıxdığını bəyan etdi.

"Helsinki Assambleyasının son məruzəsinə görə, həmin dörd müharibə günü və bütün aprel ayı ərzində 100-dən artıq itkimiz olub, onların arasında 20 nəfəri qeyri-qanuni münasibətlər nəticəsində ölüb. İndi bu dəhşətli qanun layihəsinə əsasən, milli orduda qeyri-qanuni münasibətlər nəticəsində öldürülən uşaqların valideynləri heç nə almayacaq", - Zaruhi Postancyan dedi.

Onun sözlərinə görə, Serj Sarkisyan "aprel müharibəsində insan həyatı və ərazi itkiləri üçün məsuliyyətə cəlb olunmalıdır".

Zaruhi Postancyan qanun layihəsini "korrupsiya təhlükəsi ehtiva edən" adlandırır və hesab edir ki, "vəzifəlilər öz pulları ilə də hərbçilərə kömək edə bilər". O, müdafiə naziri Vigen Sarkisyanın həyat yoldaşının deklarasiyasına əsasən, böyük var-dövlət sahibi olduğunu xatırlatdı.

"Və kimlərsə bu, milli birlikdir deyə, lehinə [qanun layihəsinin] səs verməyə çağırır... Mən deyirəm, yox! - səsvermədə iştirak etmək və əleyhinə səs vermək lazımdır", - Zaruhi Postancyan bəyan edib, parlamentdə böyük əksəriyyət təşkil edən iqtidaryönlü millət vəkillərinin narazı haylama və replikalarının müşayiəti ilə tribunanı tərk etdi.

Bu barədə daha geniş