Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfər həbs olunub

Abdul (Abrora) Heydərov Fotonun müəllifi Vitali Belausov
Image caption Şübhəli şəxslərdən biri Abdul (Abrora) Heydərovdur

Moskvanın Meşan məhkəməsi paytaxtda terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri 2017-ci ilin 14 fevralına qədər nəzarət altında saxlamaq barədə qərar qəbul edib.

Məhkəmə Hismatulla Naimovun, Tamerlan Tseçovun, Abdulla (digər məlumatlara görə Abrora) Heydərovun və Viktor Fyodoroviçin həbs edilməsi barədə hökm çıxarıb.

Moldova vətəndaşı Viktor Fyodoroviç məhkəmədə sosial şəbəkə vasitəsilə Məhəmməd adlı biriylə tanış olduğunu və ondan Kalaşnikov avtomatı aldığını bildirib.

"Məni terror aktını hazırlamaqda şübhəli şəxs kimi həbs ediblər", - deyən Fyodoroviç istintaqa kömək etmək niyyətində olduğunu bildirib.

Tacikistandan olan Abdul Heydər sadə bir adam olduğunu, onun hansı səbəbdən "hələ də" saxlanıldığını bilmədiyini söyləyib. Jurnalistlərlə söhbətində heç nə almadığını və hec nə satmadığını bildirən Abdul Heydər 3 aydır taksi sürücüsü işlədiyini qeyd edib.

İnquşetiyalı Tamerlan Tseçov isə məhkəmədə avtomat satdığını etiraf edib. Onun sözlərinə görə o, kredit borclarını ödəmək üçün atası tərəfindən alınan silahı satmaq qərarına gəlib.

Dekabrın 15-də Federal Təhlükəsizlik Xidməti (FTX) xüsusi xidmət orqanlarında olan məlumata əsasən Moskvada partlayış törətməyə hazırlaşan 4 nəfərin həbs olunması barədə məlumat verib.

FTX şübhəlilərin olduğu mənzilə edilən hücumun video görüntülərini dərc edib. Görüntüdə tapançalar, avtomatlar, qumbaralar, əldədüzəlmə partlayıcı qurğular və detonatorlar öz əksini tapib.

İstintaqın məlumatına görə şübhəlilərin fəaliyyətinə özünü İslam Dövləti adlandıran və Rusiyada fəaliyyəti qadağan olunan qruplaşmanın emissarı rəhbərlik edib.