Rusiya: 26 nəfəri öldürən metil spirt satıcıları saxlanılıb

Spirt mağazası Fotonun müəllifi Getty Images

Rusiyanın İrkutsk vilayətində etil spirt əvəzinə metil spirtdən hazırlanan və 26 nəfərin ölümünə səbəb olan "Boyarshnik" adlı məhsulun satışı ilə məşğul olan iki nəfər istintaq orqanları tərəfindən saxlanılıb.

Rusiya İstintaq Komitəsi mətbuat xidmətinin verdiyi məlumatda, saxlanılan şəxslərin adları və daha ətraflı məlumat verilmir. Lakin, İrkutskun bazarlarında axtarış hələ də davam edir.

İstintaqın məlumatına görə, bazarlarda axtarış zamanı spirt satışı üçün 100-dən çox nöqtə tapılıb və bazarın işçilərinə ticarət qaydalarının pozulması ilə bağlı onlarla inzibati protokol verilib.

Axtarış zamanı bazarda 2 min litr qanunsuz spirt və 500 litr "Boyarshnik" tapılıb. Lakin istintaq aşkar edilən "Boyarhsnik"-in metil spirtdən hazırlanıb-hazırlanmamasını hələ müəyyən etməyib.

İnsanların "Boyarshnik" məhsulundan kütləvi şəkildə zəhərlənməsi barədə xəbər 19 dekabrda məlum olub. İrkutsk prokurorluğu əvvəlcə 17 nəfərin ölümünü və onlarla insanın xəstəxanaya yerləşdirildiyini bəyan edib. Lakin bazar ertəsi günü səhəri artıq ölənlərin sayı 26-ya qalxıb.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı xəstələnmədən bir qədər əvvəl "Boyarshnik" içiblər və İrkutsk vilayətinin eyni rayonunda yaşayırdılar.

Ekspertiza zamanı müəyyən olub ki, ölümlərin səbəbi "Boyarshnik"-in tərkibində etil spirt əvəzinə metil spirt olmasıdır. Etil spirtdən fərqli olaraq, metil spirt insanlar üçün ölümcül dərəcədə təhlükəlidir.

Hadisə ilə bağlı insanların ölümünə səbəb olan təhlükəli məhsullarının istehsalı, saxlanması və satışı maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üçün maksimum cəza 10 il həbsdir.

Rusiyanın spirt təmzimləyici orqanı bəyan edib ki, rusiyalılar ildə 170 və 250 milyon litr arası losyon və spirtlə hazırlanmış dərman içir və bu məhsullara tələb ildə demək olar ki, 20 faiz artır.

Federal və Regional Spirt Bazarlarının Araşdırma Mərkəzinin araşdırmaları barədə RKB xəbər agentliyi tərəfindən dərc edilmiş tapıntılara görə, 12 və 15 milyon arası rusiyalı müntəzəm olaraq spirtli dərman və kosmetik losyonlar içir. Bu rəqəm isə Rusiya əhalisinin 10 faizdan çoxunu təmsil edir.

Bu məhsullar arasında apteklərdə ürək-damar xətəlikləri üçün satılan "Boyarshnik" ən populyarı sayılır. Rusiyanın maliyyə nazirliyi "Boyarshnik"i artıq spirt içkisi kimi təsnifləşdirməyi təklif edib.

Bu barədə daha geniş