İran: azərbaycanlı fəallar həbs edilib

Təbriz Məhkəməsi önündə 3 gündür aksiiya keçirilir
Image caption Təbriz Məhkəməsi önündə 3 gündür aksiiya keçirilir

İranda həbsdə aclıq aksiyası keçirən azərbaycanlı fəallardan birinin azadlığa buraxılması üçün keçirilən etiraz zamanı azı 10 fəal həbs edilib, məlumatlarda deyilir.

"Bu səhər qardaşı Murtaza Muradpurun azad edilməsi üçün Təbriz məhkəməsi qarşısında ailəsi ilə birgə üç gündür etiraz keçirən Fərdin Muradpur saxlanılıb", ABŞ-ın Seattle şəhərində yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı BBC Azərbaycancaya bildirib.

O, fəalın saxlanılmasının səbəbinin etirazları dayandırmaq məqsədi daşıdığını söyləyir.

Image caption Fərdin və Murtaza Muradpur bundan öncə Urmiya gölünün quruması və digər məsələlərə etirazlar keçirdikləri üçün həbs edilib.

Fərdin Muradpurdan başqa saxlanılanlar - Vəhid Faizpur, Mustafa Əvəzpur, Adil Buxçaçı, Siyamək Mərdanı, Sədullah Sasanı, Məhəmməd Mərdi, Milad Əkbəri, Rəhman Əkbəri və həyat yoldaşı Aliyə Noruzidir, deyən cənab Cabbarlı qeyd edir ki, bu, "sadəcə adları bəlli olanlardır, saxlanılanların sayı çox da ola bilər".

Mürtəza Muradpur 56 gündür aclıq aksiyasına davam edir

Eyni zamanda isə Mürtəza Muradpur azadlığa buraxılmamasına etiraz olaraq 56 gündür su ilə aclıq aksiyası keçirir.

"Sadəcə su içir. Tez-tez "bayılır", həkimlər serum bağlayıb, amma o ayılan kimi etiraz edib", cənab Cabbarlı bildirib.

Fotonun müəllifi Courtesy
Image caption Adil Buxçaçı və Vəhid Faizpur da həbs edilən 10 nəfər arasındadır.

Onun sözlərinə görə, Muradpur ailəsinin istədiyi İran qanunlarına riayət edilməsi - İran Cəza Qanununun 134-cü maddəsinin tətbiq edilməsidir.

İki maddə ilə ittiham edilmiş bir şəxsin daha uzun həbs müddətini çəkdikdən sonra azad edilməsini təsbit edən bu maddə tətbiq edilərsə, Mürtaza Muradpur azad oluna bilər. Onun barəsində verilmiş 3 illik azadlıqdan məhrumetmə cəzasının iki ili artıq bitib.

Mürtaza Muradpur "ölkənin daxili və xarici asayişinə qarşı fəaliyyət göstərmək" maddəsilə 2 il və "nizama qarşı təbliğ etmək" maddəsilə isə 1 il cəza alıb.

"Siyasi fəallarla bağlı verilən qərarlara qanunla deyil, siyasi sifarişlə baxılır. Təbriz Ettala-atı (Milli Kəşfiyyat İdarəsi) məhkəmə qərarına müdaxilə edir", deyə Ramin Cabbarlı Mürtəza Muradpurun azad edilməmə səbəbini izah edir.

Amnesty İnternational İran hökümətindən Mürtəza Muradpur da daxil olmaqla, fəalların dərhal azad edilməsini istəyib.

Təşkilat onları "vicdan məhbusu" kimi tanıyıb: "Onlar özlərinin insan haqlarını dinc yolla həyata keçiriblər və bir dəqiqə də həbsdə qalmamalıdırlar", Aİ bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş