Rusiya səfirinin qətli Türkiyənin mötəbərliyini şübhə altına alıb?

Fotonun müəllifi AP
Image caption Andrey Karlov sərgidə çıxış edərkən qətlə yetirilib

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun dekabrın 19-da qətlə yetirilməsi Türkiyədə böyük rüsvayçılığa səbəb olub və ölkənin təhlükəsizlik zəifliyini üzə çıxarıb.

Bu hadisədən sonra Ankaradakı ABŞ və İran səfirlikləri dekabrın 20-də bir günlüyünə bağlanıb.

Bu sui-qəsdin ərəfəsində yüzlərlə insan Ankaradakı ABŞ, İran və Rusiya səfirliklərinin qarşısında aksiya keçirərək bu ölkələrin Suriyanln işlərinə müdaxiləsinə etiraz bildirirdi. Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi Türkiyə hakimiyyətinə aksiya barədə əvvəlcədən xəbər verilmədiyinə görə etirazını bildirmişdi.

2016-cı il Türkiyə üçün təlatümlü olub və bu ildə qanlı çevriliş cəhdinin qarşısı alınıb. İl ərzində ölkə boyunca törədilmiş bomba partlayışlarında yüzlərlə insan həlak olub.

Lakin Rusiya səfirinin öldürülməsi göstərib ki, ölkə artıq xarici diplomatlar üçün də təhlükəsiz deyil. Bu hücum Türkiyənin beynəlxalq meydanda, ələlxüsus da Rusiya ilə münasibətlərdə çəkisini itirməsi ilə nəticələnəcək.

Nümayişkaranə jestlər

Bu hücum 2015-ci ildə Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlərin normallaşmağa başlaması ilə eyni vaxta təsadüf edib. Bu iki ölkə Suriya münaqişəsinin qarşı duran tərəflərində olmalarına baxmayaraq, fikir ixtilaflarını bir tərəfə qoyub Suriyada atəşkəs sazişi üzərində işləyirdilər.

Karlovun qətlindən sonra Türkiyə dərhal jestlər etməyə başlayıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə yerinə hətta polis ərazini təmizləməzdən əvvəl gəlib.

Prezident Erdoğan da rusiyalı həmkarı Putinə zəng edərək bu hadisəyə cavabdeh olanların ədalət ayağına gətiriləcəyini vəd edib.

Bunun ardınca kabinet nazirləri Twitterə cumaraq hücumu pisləmiş və onu bir ağızdan "təxribat" adlandırmışlar.

Bu arada hökumət çevik bir şəkildə sui-qəsdin arxasında Gülen hərəkatının dayandığını elan etməyə tələsib.

Türkiyə hazırda Rusiya ilə dostluğuna böyük dəyər verir, çünki onun Avropa İttifaqı ilə münasibətləri son aylarda miqrant sazişi ilə bağlı korlanıb. Buna görə də prezident Putinin "səfirin öldürürülməsi Türkiyə-Rusiya münasibətlərini hədəfləyib" deməsi Ankaranın bir qədər rahat nəfəs almasına imkan verib.

Fotonun müəllifi AP
Image caption Türkiyə vəziyyətə nəzarət etdiyini göstərmək üçün cidd-cəhdlər etsə də, səfirin öldürlməsi ölkənin təhlükəsizlik və kəşfiyyat sistemlərinin zəifliyini faş edib.

Səfirin öldürlməsinə baxmayaraq, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin dekabrın 20-də Moskvada keçirilməsi planlaşdırılan görüşü baş tutub, lakin indi çətin ki, Türkiyə Suriya münaqişəsinə dair Rusiya ilə müzakirələrdə əvvəlki çəkiyə malik olsun.

Təhlükəsizlik sualları

Türkiyə vəziyyətə nəzarət etdiyini göstərmək üçün cidd-cəhdlər etsə də, səfirin öldürlməsi ölkənin təhlükəsizlik və kəşfiyyat sistemlərinin zəifliyini faş edib.

Sui-qəsd paytaxtın çağdaş incəsənət qalereyalarından birində, ciddi təhlükəsizlik tədbirləri həyata keçirilən ərazidə baş verib. Bu qalereya Amerika, Almaniya və Avstriya səfriliklərinin yaxınlığında yerləşir.

Sui-qəsdçinin kimliyi də Türkiyə üçün rüsvayçılıq olub. Mevlüt Mert Altıntaş Ankara iğtişaş polisinin əməkdaşı idi. O, hadisəni törətdiyi binaya da polis vəsiqəsi ilə girə bimişdi.

Türkiyə hökuməti ötən iyul ayında baş vermiş çevriliş cəhdinin ardınca Gülen hərəkatına bağlılıqda şübhəli bilinən minlərlə polis işçisini repressiya edib. Lakin bu qətl göstərib ki, Türkiyənin yerli təhlükəsizlik aparatında hələ də "xatalı" zabitlər var.

Ruisya bu işlə bağlı bütün məsələləri öz əllərinə almaq əzmindədir. Prezident Putin qətlin araşdırılması üçün müştərək komissiyanın yaradılmasına çağırıb. Rusiyanın 18 müstəntiqi artıq dekabrın 20-də Ankaraya gəlib.

Bu barədə daha geniş