ESİ-nin hesabatında Azərbaycana qarşı korrupsiya iddiaları

Fotonun müəllifi Getty Images
Image caption Luka Volonte

Avropa Stabillik Təşşəbüsü (European Stability Initiative və ya ESI) təşkilatının "Avropa bataqlığı (Kürü Diplomatiyası İkinci Hissə)" adlı hesabatı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) nümayəndə heyətinin iki üzvünü italiyalı deputata rüşvət verməkdə günahlandırır.

Hesabatda keçmiş italiyalı deputat Luka Volonte-nin Elxan Suleymanov və Müslüm Məmmədov-dan AŞPA-da Azərbaycan nümayəndə heyətinə dəstəyi üçün pul ödədiyi iddia edilir.

Bu iddialar Luka Volonte-yə qarşı İtaliyanın Milan şəhərində prokurorlar tərəfindən korrupsiya və çirkli puların yuyulması iddiaları üzrə cinayət istintaq işləri üzərində irəli sürülüb.

Dərc edilən çıxarışlarda, Luka Volonte-nin Elxan Suleymanov və Müslüm Məmmədovla yazışmaları və Azərbaycan nümayəndə üzvləri üçün lobbiçiliklə məşqul olduğu göstərilir.

Fotonun müəllifi Getty Images
Image caption AŞPA sədri Pedro Agramunt Fransa prezidenti ilə

Yazışmaların birində, Luka Volontenin Azərbaycan üçün apardığı lobbiçilik fəaliyyətində hazırkı AŞPA prezidenti Pedro Agramunt-la sıx əlaqədə olduğu göstərilir. Eyni zamanda, ESİ Pedro Agramuntun vaxtilə Azərbaycanda siyasi məhbus məsələsi üzrə hesabat hazırlayan deputat Christoph Strasserə qarşı çıxışını xatırladıb.

Cənab Agramuntla əlaqə saxlamaq mümkün olmasa da, AŞPA Kommunikasiya Şöbəsinin rəhbəri Micaela Catalano BBC Azərbaycancaya hesabatdaki iddiaların AŞPA tərəfindən gələn sessiyada müzakirə edilməsi üçün planlarının olmadığını deyib.

Lakin o xatırladıb ki, Britaniyalı deputat Ian Liddell-Grainger prosessual qaydalar, immunitetlər və institusional məsələrə üzrə komitəsi üçün "Parlament Assambleyası üzvlərinin şəffaflığının, cavabdehliyinin və heysiyyətliyinin təbliğatı və gücləndirilməsi" adlı hesabat hazırlayır.

Cənab Liddell-Grainger-dən hesabatında ESİ-nin iddiaları daxil olub olmaması barədə məlumat almaq mümkün olmayıb.

BBC Azərbaycanca Azərbaycan AŞPA nümayəndə heyəti ilə əlaqə saxlamağa cəhd etsədə, telefon zənglərinə cavab gəlməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri XİN-in QHT-lər tərəfindən hazırlanmış hesabatlara şərh vermədiyini bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Prezident İlham Əliyev, AŞPA-da çıxışı zaman, 2014-cü il

Lakin Azadllıq Radiosuna çərşənbə günü verdiyi müsahibədə, AŞPA-ya Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov hesabatın "məhkəməyə təzyiq" olduğunu deyib və Azərbaycana qarşı "provokasiya" kimi qiymətləndirib.

Keçmiş məhbus, jurnalist Xədicə İsmayıl BBC Azərbaycancaya verdiyi müsahibədə Azərbaycan hakimiyyətinin bu iddiaları ört-basdır edəcəyini və məsələni uzadacağını hesab etdiyini deyib.

Jurnalist ESİ-nin tövsiyələri ilə razılaşaraq, "siyasi məhbuslar" kimi tanınan məhbuslar barədə səsvermənin şübhəli şəraitdə baş tutması səbəbilə yeni siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçisi təyin edilməsini düşündüyünü və siyasi məhbuslar məsələsinin yenidən AŞPA-nın gündəminə gətirilməsinin lazım olduğunu vurğulayıb.

Jurnalistin fikrincə, Milan prokurorluğunun Luka Volontenin rüşvət iddiaları ilə əlaqədar istintaq işləri bitməmiş adları çəkilən Azərbaycan AŞPA nümayəndə heyəti üzvlərinin səsvermə hüququ ləğv edilməli və onların Avropa ölkələrinə getməsinə icazə verilməməlidir.

Digər tövsiyələrində, ESİ "2001-ci ildən indiyədək Azərbaycanla bağlı korrupsiya iddialarını araşdırmaq üçün xüsusi müstəntiqin təyin edilməsinin" lazım olduğunu deyib və Avropa Şurasının Baş Katibi Thorbjorn Jagland-ı korrupsiyanı tənqid edən bəyanat verməyə çağırıb.

Bu barədə daha geniş