Türkiyə "İD videosunu" təhlil edir

İD Fotonun müəllifi AFP
Image caption İD döyüşçüləri

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən girov götürülmüş iki türk əsgərinin yandırılaraq öldürülməsinə aid olduğu iddia edilən videogörüntüləri təhlil edir.

BBC Türkçe saytına məlumat verən Müdafiə Nazirliyinin rəsmiləri ötən axşam internetdə paylaşılan görüntülərin həqiqi olub-olmamasına dair şərh verəcəyini bildirib.

19 dəqiqəlik video görüntü ötən axşam İD-ə aid olduğu deyilən sosial media hesablarından yayımlanıb.

Videoda hərbi formalı iki nəfərə od vurularaq yandırıldığını görmək olar.

Məlumatda onların türk hərbçiləri olduğu deyilir.

Videonun həqiqiliyini təsdiq etmək mümkün olmayıb.