Səfirin qətlindən sonra Türkiyədəki ruslar nə düşünür?

Andrey Karlov Fotonun müəllifi AP
Image caption 62 yaşlı Andrey Karlov dekabrın 19-da öldürülüb

Gərginləşmiş Moskva-Ankara münasibətlərində bu ilin yay aylarından bəri buzların əriməyə başladığı bir zamanda səfir Andrey Karlovun qətlə yetirilməsi ilə rus-türk münasibətlərinin gedişatı yenidən diqqət mərkəzindədir.

Türkiyə daxilində bu diqqət təkcə diplomatik maraqlardan qaynaqlanmır, həmçinin türklərlə evlənərək buraya və ya Türkiyədə iş vizası ilə çalışan ruslar da dalğavari cərəyan edən münasibətlərdən təsirlənirlər.

Bazar ertəsi Rusiyanın Ankaradakı səfiri rəsm sərgisinin açılış tədbirində güllələnib. O cümə axşamı günü Rusiyada dəfn edilib.

Prezident Vladimir Putin səfirin qətlini "təxribat" kimi dəyərləndirib, türkiyəli həmkarı Recep Tayyip Erdoğan, Rusiya prezidentinə başsağlığını rus dilində tvitləyib.

Bu hadisədən sonra Türkiyədə yaşayan ruslar özlərini birbaşa hədəfdə görməsələr də, ölkənin getdikcə "daha təhlükəsiz" olmasından şikayətlənirlər.

Bu ilin fevralına aid rəsmi statistikaya əsasən, Türkiyədə yaşayan Rusiya vətəndaşlarının sayı 26 min nəfərə yaxındır. Bu rəqəmin böyük əksəriyyəti Türkiyədə evlənib burada daimi yaşayış hüququ alan rus qadınlardır. Türkiyə hökuməti sonradan vətəndaşlıq qazanan əcnəbilərlə bağlı rəsmi statistika aparmasa da, Türkiyənin rus gəlinlərinin sayının 10 minlərlə olduğu ehtimal edilir.

Rusların ən sıx məskunlaşdığı Antalya bölgəsində artıq rus bağça və məktəbləri, bir neçə mədəniyyət mərkəzi fəaliyyət göstərir. Keçmiş SSRİ məkanından olan bir çox qarışıq ailə uşaqlarını rus məktəblərinə göndərir.

"...insan gərginlikdən dəli olar"

Fotonun müəllifi Yevgeniya Çalışkan
Image caption Yevgeniya və Göktürk iki dövlət arasındakı gərginliyin yüksək olduğu zaman evlənib

Yevgeniya Çalışkan sevgilisi Göktürklə iki ilə yaxın bərabərlikdən sonra evlənmə qərarı almışdı.

Bu o vaxt idi ki, Türkiyə tərəfindən Rusiyanın Su-24 təyyarəsi vurularaq düşürümüş, iki ölkə arasında diplomatik müharibə başlanmışdı.

Rusiya-Türkiyə münasibətlərində siyasət, iqtisadiyyat, təhsil, mədəniyyət və daha bir çox sahələrdə əlaqələr iflic durumuna düşmüşdü.

Yevgeniya və Göktürk iki dövlət arasındakı gərginlikdən çəkinmədən evlənmişdi. Onlar evliliklərini münasibələri rus-türk siyasi krizisindən təsirlənməməsi üçün tezləşdirmişdilər.

Yevgeniya ölkəsinin səfirinin qətlə yetirilməsindən sarsılıb. O dekabrın 19-da baş verən hadisədən sonra hələ də özünə gələ bilmədiyini deyir.

Yevgeniya qətlə yetirilmiş Andrey Gennadiyeviç Karlova görə "çox üzüldüyünü" söyləyir.

O və həyat yoldaşı Göktürk martın 13-də Ankaranın Kızılay bölgəsində baş vermiş partlayış zamanı partlayış olan avtobus dayanacağının cox yaxınlığında olublar.

"O vaxtdan mən ətrafımdakı səslərə qarşı çox həssasam. Yoldan keçərkən ətrafıma daha diqqətlə baxır, pik saatlarında mərkəzi metro stansiyalarında gərgin vəziyyətdə oluram", Yevgeniya hisslərini bölüşür.

Yevgeniya deyir ki, gündəlik həyatda mütamadi olaraq əli silahlı polis qüvvələrini görmək insanı gərginlikdə saxlayır:

"Getdiyin ticarət mərkəzində, metroda, küçələrdə əli slahlılara baxıb düşünürsən ki, hər an əllərini silaha atıb atəş aça bilərlər. Bu barədə daimi düşünən insan gərginlikdən dəli olar".

O özünü həqiqi mənada təhlükəsiz hiss etmək üçün bəzən paytaxtdan getməyi düşündüyünü deyir.

Hərçənd o, insanların çox olduğu yerlərdən qaçmır - çünki qismətdən qaçmaq olmaz, deyə əlavə edir.

"Amma mən bir küçədə mitinq keçirildiyini görsəm, o döngədən keçməkdən imtina edirəm. Bizimçün nə hazırlandığından xəbərsiz ola bilərik, amma biz heç olmasa, ətrafımızda baş verənlərə diqqətli ola bilərik", Yevgeniya Çalışkan söyləyir.

"Türkiyəni tərk etmək ən məntiqlisidir"

Yelena Yurdakul 11 ildir, Türkiyə vətəndaşı ilə evlidir.

"İmkan olsa, Türkiyəni tərk etmək ən məntiqlisidir", deyir Yelena.

"Təhlükəsizlik baxımından Türkiyə artıq yaşanacaq kimi deyil. Hər gün terror, hər gün şəhid xəbərləri… İnsan artıq heç bir yerdə özünü güvəndə hiss etmir. Hər gün eşitdiyim terror xəbərlərinə görə uşağımı məktəbə aparanda belə, qorxuram", deyə Yelena Yurdakul bildirib.

Ruslar üçün Türkiyə, türklər üçün isə ruslar, həm də turizm mövzusu ilə assosasiya olunur.

2015-ci ilin iyulunda Antalyaya gələn rus tuistlərin sayı 686 min nəfər idisə, bu ilin iyulunda bu rəqəm 93 faiz azalaraq 47 min 788 nəfər təşkil edib, hökumətin hesabatında deyilir.

Rus turistlərin sayının azalmasına hərbi təyyarənin düşürülməsi səbəb olmuşdu.

Rusiya hakimiyyətinin Türkiyəyə qarşı tətbiq etdiyi turizm embarqosu üzündən Antalyanın turizm məkanları xəyal qırıqlığına uğradılar.

Bu ilin yayında embarqo götürülsə də, əvvəlki turist axını müşahidə edilmədi. Görünür, Türkiyə daxilindəki qeyri-sabit durum turistlərin ehtiyatlı davranmasına səbəb olub.

"Baş verənlər məni qətiyyən qorxutmur"

Fotonun müəllifi Yevgeniy Xalimov
Image caption Antalyada animasiyaçı kimi çalışan Yevgeniy Xalimov işini davam etdirəcəyini deyir.

Animasiyacı Yevgeniy Xalimov turizm mövsümündə Antalyada işləyir. O hər il olduğu kimi bu il də Antalya otellerində turistlərə şoular göstərib.

"Mən digər terror aktları və 15 iyul dövlət çevrilişi zamanı Antalyada idim. Şəxsən özümə görə narahat deyiləm", şoumen deyir.

O, ümid edir ki, 2017-ci ilin mart və ya aprelində yenidən ənənəvi işinə davam edərək, Antalyadakı turistlər qarşısında səhnəyə çıxacaq.

"Mən yenidən Antalyaya dönəcəm. Baş verənlər məni qətiyyən qorxutmur. Düzdür, bunlar xoşagəlməz xəbərlərdir. Amma bütün dünyada belə hadisələr baş verə bilər. Məncə, hər yerdə təhlükə var", Yevgeniy Xalimov Türkiyəyə bağlılğının səbəblərini açıqlayır və hər şeyin yaxşı olacağına ümid etdiyini deyir.

Bu barədə daha geniş