2016: Ermənistanda əsas hadisələr nə oldu?

Ermənistanda 2016-cı ilin ən təsiredici olayı aprel ayının əvvəlində Qarabağ təmas xəttində dörd gün davam edən döyüşlər oldu. Bu 4 gün daxili və xarici siyasətdə, xalq-iqtidar münasibətlərində, büdcə vəsaitlərinin, xüsusilə hərbi ehtiyaclar üçün, sərf edilməsi ilə bağlı vəziyyətin göründüyündən daha təhlükəli səviyyədə olduğunu aşkar etdi. Bəzi yerli təhlilçilər məhz aprel hadisəsinin hökumət kabinetinin dəyişməsi və iyul silahlı qiyamına təkan verdiyini qeyd edir.

Aprel müharibəsi

Fotonun müəllifi AP
Image caption Aprel döyüşlərində yaylım atəş silahlarından istifadə edildiyi bildirilir

Aprelin ilk günləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlərlə müşahidə olundu.

Erməni tərəfi "müddətsiz üçtərəfli (Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ nümayəndələri tərəfindən imzalanmış) razılaşmanı" pozmaqda, "DQR-ə qarşı geniş miqyaslı hərbi əməliyyat başlamaqda" Bakını günahlandırdı.

Qarabağ qarşıdurma xətti boyunca, hərbi aviasiyadan başqa az qala bütün silah növlərinin istifadə edilməsi ilə aprelin 2-dən 5-nədək davam edən döyüşlərdə, tək rəsmi məlumatlara görə, yüzlərlə insan yaralanıb, 200-dən çox insan həyatını itirib.

Erməni mənbələri hərbi əməliyyatların, "rəsmi Bakının xahişi ilə", Rusiyanın vasitəçiliyi sayəsində dayandırıldığını bildirir.

"Dördgünlük müharibə"dən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər.

Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.

Yerevanda hesab edirlər ki, bu razılaşmalar Azərbaycan tərəfindən təcrid edilir.

Təhlilçilərin bir çoxu hesab edir ki, Qarabağ üzrə danışıqlar prosesi çıxılmaz vəziyyətdədir.

Polis alayının ələ keçirilməsi

Image caption Silahlı "qiyamçıların" müdafiəsinə aksiya iştirakçıları da prezidentin istefasını tələb edirdi

İyulun 17-dən bir qrup silahlı "Müəssislər məclisi" radikal müxalif hərəkatının lideri Jirayr Sefilyanın azadlığa buraxılması və prezident Serj Sarkisyan hakimiyyətinin istefası tələb ilə Yerevanda polis keşikçi-patrul xidməti (KPX) alayını ələ keçirmişdi.

Sefilyan bir ay öncə "qeyri-qanuni silah və sursat saxlamaq, bir qrup şəxslərlə Yerevanda inzibati binalar və televiziya qülləsinin ələ keçirilməsini planlaşdırmaq" ittihamı ilə həbs edilmişdi.

Hökumət qüvvələri tərəfindən əhatəyə alınmış KPX yaxınlığında hər gün əsasən Qarabağ müharibəsi veteranlarından ibarət silahlı dəstənin müdafiəsinə kütləvi aksiyalar keçirilirdi.

Aksiyalar polis qüvvələri ilə toqquşmalarla müşayiət olunurdu, onlarla insan xəsarət almışdı, kütləvi iğtişaşlar faktı üzrə cinayət işləri açılıb.

Jurnalist sorğularına görə, həmin günlər hətta aksiyalarda iştirak etməyən Ermənistan sakinlərinin əksəriyyəti özlərini "Sasna tsrer" ("Sasunlu çılğınlar") adlandıran dəstəni dəstəkləyirdi.

Mitinqdə çıxış edənlər silahlı dəstə üzvlərinin bu "ümidsizlik addımı atmağa məcbur" olduğunu bildirirdi. "Ölkədə işsizlik, ədalətsizlik, bərabərsizlik, korrupsiya baş alıb gedir. Əmək qabiliyyətli əhali ölkəni tərk etməyə məcburdur... Qanuni seçkilər yolu ilə hakimiyyət dəyişikliyi mümkün olmayan halda, kimsə bunu başqa yolla etməyə məcbur olur", - onlar deyirdi.

İzdiham silahlı dəstə üzvlərini "qəhrəman" adlandırırdı.

İki həftədən sonra silahlı dəstə silahı yerə qoyub hakimiyyətə təslim olduğunu bəyan etdi. Dəstənin lideri Varujan Avetisyan "hərbi əsir qismində rejimlə mübarizəni" davam edəcəklərini bildirdi: "Bizim missiyamız başa çatmayıb. Bizim üçün başlıcası xalqı ayağa qaldırmaq idi. Bir qədər ləng də olsa, xalq hərəkətə gəldi".

KPX alayının silahlı dəstə tərəfindən ələ keçirilməsi ilə bağlı 3 polis əməkdaşı həlak olub, silahlı dəstə üzvləri və hüquq-mühafizə əməkdaşları arasında xəsarət alanlar olub.

Cinayət işi üzrə 62 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 44 nəfərinə qarşı həbs cəza tədbiri, 13 nəfər ölkəni tərk etməmək haqqında iltizam verib, üç nəfər girovla azadlığa buraxılıb, iki nəfərə dair axtarış elan edilib.

Yeni hökumət

Fotonun müəllifi Karen Karapetyan
Image caption Ermənistanın yeni baş naziri Karen Karapetyan korrupsiya ilə mübarizəni əsas vəzifələrindən biri elan edib

Sentyabrın əvvəlində Ermənistan baş naziri Hovik Abrahamyan istefa verdi, onun başçılıq etdiyi Nazirlər Kabineti buraxıldı.

Sentyabrın 13-də prezident Serj Sarkisyanın fərmanı ilə Moskvada "Qazprom enerqoxoldinq" məhdud məsuliyyətli cəmiyyətinin beynəlxalq layihələr üzrə baş direktor müavini, sabiq Yerevan meri, daha əvvəl isə "ArmRosqazprom" şirkətinin rəhbəri Karen Karapetyanı Ermənistanın baş naziri təyin edilir.

Bəzi təhlilçilər hökumət tərkibinin dəyişməsi və adı əhalinin narazılığını doğuran müxtəlif, o cümlədən, korrupsiya qalmaqalları ilə bağlı olmayan Karen Karapetyanın təyinatını 2017-ci il "parlament seçkilərinə hazırlıq" çərçivəsində nəzərdən keçirir.

Onların fikrincə, aprel müharibəsində, prezident Sarkisyanın etiraf etdiyinə görə, "800 hektar ərazi itkisi", Müdafiə Nazirliyi sistemində ciddi nöqsanların üzə çıxması, keşikçi-patrul xidməti alayının silahlı dəstə tərəfindən ələ keçirilməsi ilə bağlı əhalinin "rejimə həqiqi münasibətinin" aşkar olması kimi məqamlar hakimiyyəti "daxildən sağlamlaşmaq niyyətində olmasını nümayiş etdirməyə məcbur edir".

Vəzifəyə gələn kimi yeni baş nazir ölkə iqtisadiyyatının son dərəcə ağır vəziyyətdə olduğunu qeyd etdi, "kölgə" ilə mübarizə aparmaq və "peşəkarlar hökumətini" tərtib etmək niyyətində olduğunu bəyan etdi.

Yeni baş naziri kabinetə təqdim edən prezident Sarkisyan isə dedi ki, Karen Karapetyan dəyişikliklər simvolu ola bilər.

Lakin bir ay da keçməmiş "peşəkarlar hökumətini" yaratmaq istəyən Karen Karapetyan prezident Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyasına daxil oldu və jurnalistlərdən birinin sualı cavabında etiraf etdi ki, hakim partiya üzvlüyü onun "nüfuzunun düşməsinə təsir edib".

Müstəqillik münasibətilə hərbi parad

Fotonun müəllifi president.am
Image caption Paradda nümayiş etdirilən Rusiyadan alınan ən yeni silah növləri, xüsusilə "İskander" tipli raket kompleksi diqqəti cəlb etmişdi

İlin önəmli hadisələrindən biri də sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş hərbi parad oldu.

Paradda Rusiyadan alınan ən yeni silah növləri nümayiş etdirildi. Mütəxəssislərin diqqətini bu günədək yalnız Rusiya silahlı qüvvələrinin cəbbəxanasında olduğu deyilən "İskander" tipli raket kompleksi cəlb etmişdi.

Yerli mətbuata görə, "İskander" və "Smerç" reaktiv yaylım atəş sisteminin nümayişi ilk növbədə "Azərbaycanın gələcək hərbi avantüradan çəkinməsinə yönəlmiş xəbərdarlıq xarakteri" daşıyır.

Erməni ordusunun "İskander" raket kompleksinə malik olması və ondan istifadə etməyə hazır olması haqqında ilk dəfə "aprel müharibəsi" günləri məlumat yayılmışdı.

Paradda həmçinin "Toçka U", "Elbrus" raket kompleksləri, S-300 zenit-raket kompleksləri, atəş məsafəsi artırılmış 152 millimetr çaplı "Giasint" topu, "İnfauna" tipli radioelektron mübarizə vasitəsi, yeni hava hücumundan müdafiə sistemləri, tank, zirehli maşın, Ermənistan istehsalı olan pilotsuz uçan qurğuları və başa hərbi texnika nümayiş etdirilmişdi.

Roma Papasının səfəri

Fotonun müəllifi President.am
Image caption Francis Ermənistana səfər edən ikinci Roma papasıdır. Ermənistana ilk dəfə Papa II İoann-Pavel 2001-ci ildə səfər edib

Roma Papası Francis-in 24 iyunda Ermənistana üçgünlük səfəri Roma-Katolik Kilsəsi rəhbərlərinin Ermənistana ikinci səfəri idi. 2001-ci ildə Roma Papası II İoann-Pavel Ermənistanda xristianlığın dövlət dini tanınmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdi.

Francis Ermənistan prezidenti, hakimiyyət, diplomatik korpus və ictimai təşkilat nümayəndələri ilə görüş zamanı "Osmanlı Türkiyədə kütləvi erməni qırğınlarına dair öz mövqeyini bir daha təsdiqləyərək, 19-cu əsrin əvvəlindəki həmin hadisələri soyqırım" adlandırıb.

Türkiyə prezidenti Roma Papasını Birinci Dünya Müharibəsi vaxtı ermənilərin kütləvi ölümlərini "soyqırım" adlandırmasına görə sərt tənqid edib.

O, bütün ermənilərin katolikosu İkinci Qareginin müşayiəti ilə Yerevanda "Erməni soyqırımı xatirə kompleksinə" baş çəkib, Gümri şəhərində açıq havada ibadət keçirib və Yerevanda ekumenik görüşü və sülh üçün ibadətdə iştirak edib.

Roma Papası erməni apostol kilsəsinin mərkəzi Eçmiadzində bütün ermənilərin katolikosu II Qareginin İlahi liturgiyasında iştirak edib.

Papanın səfərinin yekunları üzrə Roma katolik və erməni apostol kilsələri arasında birgə deklarasiya qəbul olunub.

Avtobusda partlayış

Fotonun müəllifi photolure.am
Image caption Partlayışa həlak olan iki sərnişindən birinin çantasındakı partlayıcı qurğu səbəb olub

Aprelin 25-də müstəqil Ermənistan tarixində görünməmiş hadisə baş verib. Yerevanda 63 saylı "Boqdan" markalı marşrut avtobusda partlayış nəticəsində 2 sərnişin ölüb, 7 nəfəri xəsarət almışdı.

Partlayış zamanı avtobusda, sürücüdən başqa, 9 nəfər olub.

İstintaq nəticəsində müəyyən edilib ki, partlayıcı qurğu həlak olanlardan biri daha əvvəl iki dəfə məhkəməyə düşmüş, 55 yaşlı Ruben Balayanın çantasında olub.

Axtarış zamanı onun evində partlayıcı maddə və müvafiq qurğular tapılıb. Polisin məlumatına görə, Balayan partlayışı qurğunu "məişət zəminində savaşmış" qohumlarından qisas almaq məqsədilə hazırlayıbmış.

Ermənistan-Rusiya vahid qoşun qruplaşması

Fotonun müəllifi TASS
Image caption Ermənistan və Rusiya müdafiə nazirləri Vigen Sarkisyan və Sergey Şoyqu Moskvada Ermənistan-Rusiya vahid qoşun qrupunun yaradılması haqqında saziş imzalay;b

Ermənistan və Rusiya müdafiə nazirləri Vigen Sarkisyan və Sergey Şoyqu arasında noyabrın 30-da Moskvada Ermənistan-Rusiya vahid qoşun qrupunun yaradılması haqqında sazişin imzalanması ötən ilin önəmli hərbi-siyasi hadisələrindən sayılır.

Ermənistan müdafiə naziri Vigen Sarkisyanın sözlərinə görə, sözügedən birgə qoşun qruplaşmasına hazirda Ermənistan ərazisində mənzillənən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin 5-ci hərbi korpusu daxil olacaq.

Sülh şəraitində qruplaşmaya Ermənistan nümayəndəsi, general Andranik Makaryan başçılıq edəcək, hərb şəraitində isə komandanlıq məsələsi hər iki ölkə ali baş komandanlarının birgə qərarı ilə müəyyənləşdirilməlidir.

İran prezidentinin səfəri

Fotonun müəllifi President.am
Image caption Ruhani prezident seçiləndən sonra ilk dəfədir Ermənistana səfər edib

2016-cı ilin mühüm xarici siyasi hadisələrindən biri də İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana səfəri oldu.

Ermənistan prezidenti Ruhanini "erməni xalqının istəkli qonağı" adlandırmış və Ermənistanın müstəqilliyi dövründə iki ölkə arasında "münasibətlərdə şübhələnməyə zərrə qədər belə əsas verən heç bir hal olmadığını" deyib.

İran-Ermənistan danışıqlarının əsas mövzuları iqtisadi və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistana İran qazının ötürülməsi, Fars körfəzi ilə Qara dəniz arasında beynəlxalq nəqliyyat tranzitinin yaradılması məsələləri olub.

İranla Ermənistan arasında ən perspektivli müştərək layihələrdən biri 2012-ci ildə başlanan Meğri su elektrik stansiyasıdır. Lakin İrana qarşı beynəlxalq sanksiyalara görə stansiyanın tikinti işləri dayandırılıb.

İran-Ermənistan elektrik xəttinin tikintisi üzrə isə işlər başa çatmaq üzrədir. Xəttin İran hissəsi artıq hazırdır və İran tərəfi 2015-ci ilin sonundan Ermənistan ərazisində 280 kilometrlik hissəsinin tikintisinə başlayıb.

İran prezidentinin səfəri zamanı iki ölkə işgüzar adamlarının iştirakı ilə keçirilən iqtisadi forumda İrana qarşı sanksiyalar tətbiq ediləndən əvvəl planlaşdırılan layihələrin davam etdirilməsi məsələsi də müzakirə olunub.

Bu elektrik ötürücü xəttin Avropa maliyyə strukturlarının köməyi ilə Gürcüstana kimi davam etdirilməsi nəzərdə tutulur.

Tərəflər terrorizmlə mübarizə, Suriya tənzimlənməsi və Qarabağ probleminin həlli məsələlərini də müzakirə edib.

Ermənistan prezidenti Qarabağ məsələsində İranın "tarazlaşdırılmış mövqeyini" yüksək qiymətləndirib.

İran prezidenti problemin "hərbi yolla həlli yoxdur", deyib.

"Avrora" mükafatı

Fotonun müəllifi auroraprize.com
Image caption Avrora mükafatının təsisçisi (solda) Ruben Vardanyan və jüri həmsədri, amerika kino ulduzu George Clooney (sağda) ilk mükafat laureatı Marguerite Barankitse-i təbrik edirlər

Aprelin 24-də Yerevanda ilk Aurora Prize for Awakening Humanity mükafatı Marguerite Barankitse-ə təqdim edilib. Mükafatı məşhur amerikalı kinoaktyor, mükafatın seçici komissiyanın həmsədri George Clooney təqdim edib.

Marguerite Barankitse 1 milyon dollar həcmində pul mükafatdan başqa, daha 100 min dollar qrant şəklində alıb.

O, vəsaitləri 3 təşkilatın hesabına köçürəcəyini bildirib - Fondation du Grand-Duc et de la Grande-Duchesse, Fondation Bridderlech Deelen və Fondation Jean-Francois Peterbroeckas.

Marguerite Barankitse "Şalom Evi" və Burundidəki REMA xəstəxanasını təslim edir.

Müharibə başlayanda tutsi tayfasına mənsub Marguerite huti tayfasından olan 72 qonşusunu xilas etmək üçün gizlətməyə çalışıb. Lakin onları tapıb Marguerite Barankitse-in gözü qabağında edam ediblər.

Bu dəhşətli hadisədən sonra Marguerite Barankitse uşaq və qaçqınlara qulluq etmək işi ilə məşğul olmağa başlayıb.

Marguerite Barankitse 30 minə yaxın uşaq xilas edib, 2008-ci ildə isə xəstəxana açıb və bu günədək orada 80 min-dən çox adam müalicə olunub.

Aurora Prize mükafatı biznesmenlər Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryan tərəfindən "100 il əvvəl öz həyatını təhlükə altına qoyaraq erməniləri xilas edənlərə minnətdarlıq kimi soyqırımından xilas olunanların adından ictimaiyyətin diqqətini bu gün də dünyada baş verən dəhşətli cinayətlərə cəlb etmək və humanitar problemlərin həllində əhəmiyyətli əməyi olanları təltif etmək məqsədilə" təsis edilib.

Mükafat 1915-ci ildə "ölümdən xilas olmuş Avrora Mardiqanyanın adını daşıyır". Qadının əhvalatı əsasında 1919-cu ildə ABŞ-da "Ruhlar hərracı" adlı film çəkilib.

Aurora Prize for Awakening Humanity mükafatın fondu 1 milyon dollar təşkil edir.

"Gələcək döyüş qurbanları üçün 1000 dram"

Image caption Parlamentin qarşısında keçirilən etiraz aksiyasında qadın "1000 dram (vermək) ayıbdır" şüarını tutur

Ermənistan parlamenti müdafiə nazirliyinin təklifi ilə "Ermənistan Respublikasının müdafiəsi zamanı həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında" qanun layihəsini qəbul edib.

Qanuna görə, hər işləyən vətəndaşın məvacibindən, vergilərdən başqa, ayda 1000 dram (təxminən 2 dollar) pul tutulmalıdır. Xüsusi fondda toplanan bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və əlil olanların ailələrinə birdəfəlik ödəniş və aylıq kompensasiya veriləcəyi nəzərdə tutulur.

Müxalif deputatlar hökumətin "ordu üçün" vətəndaşlardan hər ay 1000 dram tutmaq təşəbbüsü "sinizm" və "dilənçilik" adlandırıb.

Müxalif "İrs" fraksiyasının rəhbəri Zaruhi Postancyan hökumətin bu addımını vergi yükünün artırılması kimi səciyyələndirib.

Müxalif Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyanın sözlərinə görə, hökumətin bu addımı "sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında müxtəlif cür əlavə vergilər qoymaqdır".

Sosial şəbəkələrdə erməni məmurlarının şəxsi imarətləri və bahalı avtomaşınlarının şəkilləri yerləşdirilib.

İnternet istifadəçiləri yazırlar ki, keçmiş və hazırkı məmurların "taladığı pullar" büdcəyə qaytarılsa, "kölgədə dövr edən pulların bir hissəsi işığa çıxarılsaydı", gələcəkdə döyüşlərdə həlak və əlil olanlara yardım üçün "bir daha əhalinin cibinə girmək lazım gəlməzdi".