Türkiyə parlamenti yeni konstitusiyanı müzakirə edəcək

TBMM Konstitusiya Komissiyası Fotonun müəllifi DHA
Image caption TBMM Konstitusiya Komissiyası

Parlamentar sistemdən prezidentlik sisteminə keçidi təklif edən konstitusiyaya dəyişiklik təklifi Türkiyə Böyük Millət Məclisi (TBMM) Konstitusiya Komissiyası tərəfindən 9 gün davam edən müzakirədən sonra qəbul edilib.

Komissiyanın iqtidar Ədalət və İnkişaf Partiyasının (AKP) 316 millət vəkili tərəfindən dəstəklənən Türkiyə Cumhuriyyəti Konstitusiyasında Dəyişiklik Edən Təklif adlı qanunu müzakirə etmək üçün iclaslara 20 dekabrda başlamışdı.

AKP-nin Milliyətçi Hərəkət Partiyası (MHP) ilə razılaşmasından sonra məclis rəhbərliyinə təqdim etdiyi 21 maddəlik qanun layihəsi 18 maddəyə enib.

TBMM Konstitusiya Komissiyasındakı iclasların ən uzunu sonuncu gün keçirilən 17-saatlıq iclas olub.

Dövlət başçısı prezident olacaq

Bir çox maddəsində dəyişiklik edilən yeni konstitusiya təklifində dövlətin və icra hakimiyyətinin başçısının prezident olması, baş nazirlik dövrünün tarixə təslim olunması, ümumi və prezident seçkilərinin 3 noyabr 2019-da keçirilməsi nəzərdə tutulur.

Konstitusiya təklifindəki dəyişikliklərdən bəziləri bunlardır:

  • Prezident siyasi partiyası ilə əlaqəsini kəsməyəcək və partiyanın rəhbəri hüququna malik olacaq.
  • Prezident müşavirlərini və nazirləri millət vəkilləri arasından özü seçə biləcək.
  • Prezident və TBMM-ın səlahiyyət müddəti 5 il olacaq. Yerli seçkilər 2019-cu ilin mart ayında keçiriləcək.
  • Prezident fərman ilə nazirliklər və təşkilatların qurulması və bağlanması barədə qərar verə biləcək.
  • Prezident yüksək rütbəli dövlət rəsmilərinin təyin edilməsi səlahiyyətinə malik olacaq.
  • Prezident haqqında Məclis İstintaq Komissiyası açılması üçün 5-də 3 səs çoxluğu və onun Ali Məhkəməyə cəlb olunması üçün 3-də 2 səs çoxluğu tələb olunacaq.
  • Prezident fövqəladə hal elan etmək hüququna malik olacaq.
  • Millət vəkillərinin sayı 550-dən 600-ə qaldırılacaq. Millət vəkili seçilmək üçün aşağı yaş həddi 25-dən 18-ə endiriləcək.
Fotonun müəllifi Getty

Referendum üçün 330 səs lazımdır

Konstitusiya dəyişiklik təklifi üzrə referendumun keçirilməsi üçün TBMM Konstitusiya Komissiyasından keçdikdən sonra məclisin 550 millət vəkilindən 330-unun səsini toplamaq tələb olunur.

TBMM-də iqtidar AKP-nin 317 və MHP-nin 39 millət vəkili var.

AKP-li spikerin səsvermədə iştirak edə bilmədiyi üçün AKP-yə başqa partiyalardan 14 millət vəkilinin dəstəyi lazımdır.

Bu barədə daha geniş