İstanbul: gecə klubuna hücumdan sonra axtarışlar davam edir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İstanbulda hücumun şahidi: Kişi atəş açanda mən huşumu itirdim

İstanbulda gecə klubuna hücum nəticəsində 15 xarici vətəndaş da daxil olmaqla ən azı 39 nəfər həlak olub, Türkiyə Daxili İşlər Nazirliyi bildirir.

Həlak olmuş xarici vətəndaşlar İsrail, Mərakeş, Livan, Səudiyyə Ərəbistanı və Liviya vətəndaşları olublar.

Hücum edən şəxs silahını hadisə yerində qoyaraq qaçıb, Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

O həmçinin əvvəlki xəbərlərin əksinə olaraq hücum edən şəxsin Santa Klaus kostyumu geyinmədiyini bildirib.

Silahlı şəxs yerli vaxtla təxminən 01:30-da insanların Yeni ili qeyd etdiyi Reina gecə klubunda atəş açıb.

Hadisəni törədən şəxsin axtarışda olduğu bildirilir.

Fotonun müəllifi Reuters
Image caption Hücum nəticəsində azı 69 nəfər yaralanıb

Azı 69 nəfərin isə xəstəxanada müalicə aldığı bildirirlir. Onlardan dördünün vəziyyəti ağırdır.

Hücumun motivi bilinmir. Prezident Recep Tayyip Erdoğan hadisəyə görə terror qruplarını günahlandırıb və onların "xaos yaratmaq istədiyini" bildirib.

"Onlar insanlarımızı ruhdan salmaq və ölkəmizdə stabilliyi pozmaq istəyirlər", o deyib.

Fotonun müəllifi EPA
Image caption Hücum İstanbuldakı məşhur gecə klubunda baş verib

Daha əvvəl hadisəni terrorçu hücumu adlandıran İstanbul valisi Vasip Şahin həlak olanlar arasında bir polis olduğunu bildirmişdi.

Cənab Şahin deyib ki, hücumu Santa Klaus kostyumu geyinmiş silahlı bir şəxs törədib. Bundan əvvəl KİV hücum edənlərin iki nəfər olduğunu bildirmişdi.

Hücuma məruz qalan Reina klubu Ortaköy rayonunda yerləşir. Partlayış zamanı orada bir neçə yüz adam olduğu bildirilir.

Türkiyə NTV telekanalı bildirir ki, çaxnaşma içində qonaqlar xilas olmaq üçün Bosfora atılırdı.

BBC müxbirinin İstanbuldan verdiyi məlumata görə, klub həmçinin xarici qonaqlar arasında populyardır.

Hadisə ilə bağlı ABŞ prezidenti Barack Obama, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federica Mogherini və NATO baş katibi Jens Soltenberg baş sağlığı veriblər.

Yeni il gecəsi İstanbulda asayişin qorunmasına 17 min polis cəlb edilmişdi. Bir sıra hücumlardan sonra bütün Türkiyə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilmişdir.

Dekabrın 11-də İstanbulda "Beşiktaş" futbol komandasının stadionu yaxınlığında iki partlayış nəticəsində 44 insan həyatını itirib, 150 nəfər xəsarət alıb.

Partlayışa görə məsuliyyəti TAK (Kürdüstan Azadlıq Şahinləri) hərbiləşdirilmiş radikal qruplaşması öz üzərinə götürüb.

Dekabrın 19-da Ankarada Rusiya fotosərgisinin açılışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürülüb.

Bu barədə daha geniş