Türkiyə: İD İstanbuldakı hücumu törətdiyini deyir

Video görüntüdən Fotonun müəllifi EPA

Özünü İslam Dövləti (İD) adlandıran qrup İstanbulda yeni il gecəsi törədilmiş qətlə görə məsuliyyəti üzərinə götürüb.

İD-in açıqlamasında hadisənin qrupun bir "qəhrəman əsgəri" tərəfindən törədildiyi deyilir.

Yeni il gecəsi İstanbulun Reina gecə klubunda silahlı bir şəxs insanlara atəş açarkən orada azı 600 nəfər olub.

Türkiyə mediası silahlının 180-ə qədər güllə işlətdiyini yazır.

O hadisə yerinə taksi ilə gəlib və avtomobilin arxasındakı uzun lüləli silahı götürərək klubun qapısına gedib.

Fotonun müəllifi Reuters
Image caption İstanbulda 39 nəfəri öldürmüş şəxsin axtarışı davam edir, Türkiyə rəsmiləri deyirlər.

Silahlı keşikçi və bir səyahət agentindən başlayaraq əylənən insanlara təsadüfi atəşlər açıb.

Hücum, ümumilikdə, cəmi 7 dəqiqə davam edib və silahlının üst geyimini çıxararaq hadisə yerindən qaçdığı deyilir.

39 nəfəri öldürmüş bu şəxsin axtarışı hazırda davam edir.

"Xaos yaratmaq"

Fotonun müəllifi AP
Image caption Hadisə qurbanlarının dəfn mərasimləri davam edir

Hücumun motivi bəlli deyil, lakin əvvəldən şübhələr ötən il Türkiyədə azı iki terror aktı etmiş İD-in üzərində olub.

Prezident Recep Tayyip Erdoğan bildirib ki, belə qruplar "xaos yaratmağa" çalışırlar.

"Onlar xalqımızın və ölkəmizin stabilliyini pozmağa çalışırlar" o deyib.

İD bəyanatında Türkiyə Suriyada "hava zərbələri və hücumlarla" müsəlman qanı axıtmaqda ittiham olunur.

Qadağan olunmuş Kürdüstan İşçi Partiyası (PKK) qətllə əlaqəli olmadıqlarını bildirib, qrupun nümayəndəsi Murat Karayilan bildirib ki, onlar "heç vaxt günahsız dinc sakinləri hədəf almırlar".

Bundan əvvəl daxili işlər naziri Süleyman Soylu "terrorçunun axtarışı davam edir, polis əməliyyatlara başlanıb. Biz ümid edirik ki, hücumçu tezliklə tutulacaq" deyib.

Hadisə qurbanlarının dəfn mərasimləri davam edir.

Anadolu agentliyi bildirib ki, cəmi 7 dəqiqə davam etmiş atəş zamanı ölənlərin bəziləri xarici olub.

Həlak olmuş xarici vətəndaşlar İsrail, Mərakeş, Livan, Səudiyyə Ərəbistanı və Liviya vətəndaşları olublar.

Hadisə nəticəsində xəsarət atmış 69 nəfər xəstəxanada müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

Yaralılar arasında iki Azərbaycan vətəndaşı da var, APA yazır.

Bu barədə daha geniş