İran: həyat yoldaşının azad edilməsini tələb edən fəalın vəziyyəti "ağırdır"

İranlı fəal Araş Sadeği və Golrox İrai Fotonun müəllifi Opendemocracy.net
Image caption Cümə günündən etibarən Araş Sadeği və Golrox İrainin azadlığa buraxılması üçün Twitterdə #SaveArash həşteqi ilə kampaniya başladılıb

İranlı fəal Araş Sadeği həyat yoldaşı Golrox İrainin azadlığa buraxılması üçün keçirdiyi aclıq aksiyasının 71- ci günündədir və onun vəziyyəti ağırdır, ABŞ-ın Seattle şəhərində yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı BBC Azərbaycancaya bildirib.

Golrox İrai bu il Facebook statusları və yazdığı, amma çap etdirmədiyi kitabına görə "İslam müqəddəslərini təhqir etmək" ittihamı ilə 6 il müddətinə həbs edilib.

Onunla birgə həbs edilən Sadeği isə "milli təhlükəsizliyə zərər vermək məqsədilə müştərək əməkdaşlıq", "hökümətə qarşı təbliğat", kiberməkanda yalanlar yaymaq" və "İslam Respublikasının banisini təhqir etmək" maddələrinə görə 15 il həbs cəzası alıb.

Bundan əvvəl isə ona, tələbə fəal olarkən, İranda prezident seçkilərində saxtakarlıq hallarını ifşa etdiyinə görə 4 il şərti həbs cəzası verilib, cənab Cabbarlı bildirib.

Ümumilikdə 19 il həbs cəzası almış Sadeğinin azadlığa buraxılması üçün cümə günündən etibarən Twitterdə#SaveArash həşteqi ilə başladılan kampaniya dünyada ən çox danışılan mövzular arasına düşüb.

Sosial şəbəkələrdə bu aclıq aksiyası "bütün tarixdə ən böyük məhəbbət hekayəsi" adlandırılıb.

"Araş Sadeği həyat yoldaşının azadlığını tələb edir. O aclıq aksiyasını dayandırmayacaq", onun dəstəkçilərindən biri yazıb.

Onlar məhbuslara qarşı işgəncələrə görə məşhur olan İranın Evin Həbsxanasında saxlanılırlar.