Türkiyədə gecə klubuna hücum: Silahlının axtarışı sürətlənib

Terrora qarşı mübarizə polisi hansı tarixə aid olduğu bilinməyən bu fotonu paylaşıb
Image caption Terrora qarşı mübarizə polisi hansı tarixə aid olduğu bilinməyən bu fotonu paylaşıb

Türkiyə polisi İstanbulda gecə klubunda 39 nəfəri öldürən silahlını axtararkən keçirdiyi reydlər nəticəsində 16 nəfəri həbs edib.

Anadolu agentliyinin (AA) verdiyi xəbərə görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosu istintaqın sürətlə davam etdiyini və Atatürk hava limanında iki xarici vətəndaşın saxlandığını bildirib.

AA bildirib ki, bununla saxlanılanların ümumi sayı artıq 16-ya çatıb.

Doğan xəbər agentliyi (DHA) isə Konyada saxlanılanlar arasında hücumu təşkil edən silahlının həyat yoldaşının da olduğunu bildirib.

DHA əlavə edir ki, hücumu həyata keçirən silahlının Konyada yaşadığı müddətdə ünsiyyət qurduğu şəxslər bir-bir araşdırılır.

Baş nazirin müavini Numan Kurtulmuş bildirib ki, silahlının barmaq izləri və əsas təsviri tapılıb və indi şübhəlinin axtarışı sürətlənib.

Bazar günü silahlı Reina gecə klubuna hücum etdiyi zaman orada 600 nəfər var idi.

Özünü İslam Dövləti adlandıran qrup bu hücumun arxasında olduğunu bildirib.

Fotonun müəllifi Reuters/AFP
Image caption Türkiyə polisi hücumda şübhəli şəxsin fotolarını paylaşıb

Cənab Kurtulmuş jurnalistlərə bildirib: "Terrorçunun barmaq izləri və görünüşü barədə məlumatlar aşkarlanıb.

"Növbəti addım onun kimliyini ən tez zamanda müəyyən etmək olacaq. Ümid edirik ki, biz təkcə terrorçunu deyil, həm də onun əlaqələrini və ona klubun daxilində və xaricində dəstək verənləri tapacağıq," deyə o bildirib.

Cənab Kurtulmuş səkkiz nəfərin həbs edildiyini təsdiq edib. Axşamüstü isə xüsusi təyinatlı polis vertolyot dəstəyi ilə Zeytinburnu rayonundakı evdə əməliyyat keçirib.

Şübhəli bu ünvanda tapılmayıb. Bundan sonra daha altı nəfər həbs edilib.

Türkiyə polisi şübhəlinin yeni fotolarını paylaşsa da, fotoların çəkilmə yeri və zamanı barədə əlavə məlumat verməyib.

Türkiyə mediası həmçinin şübhəlinin görüntüləndiyi ehtimal edilən bir video paylaşıb - burada bir rəsminin həmin şəxsin sənədlərini yoxladığı görünür. Videonu müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Türkiyə mətbuatı polis mənbələrinə əsasən şübhəlinin Özbəkistan və ya Qırğızıstandan olduğunu yazıb.

Fotonun müəllifi EPA
Image caption Livanlı qurbanların cəsədi Beyrut hava limanına aparılıb
Fotonun müəllifi AP
Image caption Yüzlərlə insan İstanbulda türkiyəli qurban Yunus Görmek-in dəfninə toplaşıb

Qırğızıstan: Pasportu yayılan şəxs günahsızdır

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Raxat Sulaymanov sosial şəbəkələrdə pasport şəkli yayılan şəxsin həm qırğız həm də türk təhlükəsizlik agentləri tərəfindən sorğulandığı və onun İstanbulda baş vermiş hücumla heç bir əlaqəsi olmadığının müəyyən olunduğunu bildirib.

Bundan əvvəl, Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin direktoru Tairbek Sarpaşev şübhəlinin şəxsiyyəti barədə Türkiyə mətbuatında paylaşılan məlumatı aldıqdan sonra xidmətin onun Qırğızıstan vətəndaşı olub olmamasını təsdiq etmək üçün araşdırma başlatdığını bildirib.

Qırğızıstan rəsmiləri Türk rəsmilərinin onlarla bu mövzuda əlaqə saxlamadığını deyiblər.

Fotonun müəllifi AFP
Image caption Berlində Brandenburg Darvazası Türkiyə bayrağının rənglərinə boyanıb

Qurbanlar kimlərdir?

  • Türkiyə: 11
  • Səudiyyə Ərəbistanı: 7
  • İraq: 3
  • Livan: 3
  • İordaniya, Hindistan, Mərakeş - hər birindən iki nəfər
  • Almaniya, Suriya, İsrail, Fransa-Tunis, Tunis, Belçika, Küveyt, Kanada və Rusiya-Azərbaycan - hər birindən bir nəfər.

Bir nəfərin isə kimliyi hələ müəyyənləşdirilməyib.

Yerli media yazır ki, qurbanların üçdə ikisi xarici olub.

Hadisə zamanı yaralanan 69 nəfər isə xəstəxanada müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

2016-cı ildə Türkiyədə ölümcül hücumlar

Fotonun müəllifi Getty Images
Image caption 13 martda Ankarada Kizilay rayonunda partlayış baş verib

İstanbul şəhərində son aylarda terror aktları ilə əlaqədar 17,000 polis gücləndirilmiş iş rejimində işləyirdi.

10 Dekabr: İstanbulda stadion qarşısında iki partlayış nəticəsində 44 nəfər ölüb, kürd yaraqlı qrupu partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

20 Avqust: Türkiyənin Qaziantep şəhərində keçirilən toy mərasimində partlayış - azı 30 nəfər ölüb

30 İyul: 35 kürd döyüşçüsü hərbi bazaya hücum etməyə cəhd edib və Türkiyə ordusu tərəfindən öldürülüb

28 İyun: İstanbulun Atatürk hava limanında silah və bomba hücumu - 41 nəfər həyatını itirib. Hadisəyə görə İD ittiham olunub

13 Mart: Kürd qiyamçıları Ankarada bomba qoyulmuş avtomobili partladıb - azı 37 nəfər ölüb

17 Fevral: Ankarada hərbi karvana hücumda 28 nəfər həlak olub

Bu barədə daha geniş