Ankara Trump-ı Güleni Turkiyəyə təhvil verməyə və kürdləri dəstəkləməməyə çağırıb

Fethullah Gülen Fotonun müəllifi Reuters

Türkiyə rəhbərliyi yeni seçilmiş ABŞ prezidenti Donald Trump administrasiyasının müxalifətçi Fethullah Güleni rəsmi Ankaraya təhvil verəcəyinə ümid edir. Bu barədə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu məlumat verib.

"Mən Trump administrasiyasının əvvəlki prezident administrasiyasının səhvlərini təkrarlayacağını düşünmürəm. Biz ABŞ-dan Fethullah Güleni Türkiyəyə təslim edəcəyini gözləyirik", - deyə Çavuşoğlu Ankarada səfirlərin konfransında bildirib.

O həmçinin əlavə edib ki, rəsmi Ankara Washington-dan Suriyada fəaliyyət göstərən Kürdlərin Özünümüdafiə Xalq Dəstəsini (YPG) dəstəkləməyəcəyini gözləyir. Türkiyə hökuməti bu dəstəni terroçu təşkilat hesab edir.

Nazir həmçinin bildirib ki, Rusiya Türkiyənin əsas iqtisadi müttəfiqi olaraq qalır. Bununla yanaşı nazir rəsmi Ankaranın Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü tanımaqdan imtina etmək niyyətində olmadığını da qeyd edib.

Fethullah Gülen Türkiyədə ölkə prezidenti Recep Tayyip Erdoğandan sonra ikinci nüfuzlu şəxs hesab edilir. Hazırda Gülen ABŞ-da könüllü sürgün həyatı yaşayır.

Türkiyə rəhbərliyi Güleni ölkədə sabitliyi pozmağa cəhddə ittiham edir. Cənab Gülen xüsusilə ötən ilin iyun ayında ölkədə baş verən dövlət çevrilişinə cəhdə təşkilatçılıq etməkdə günahlandırılır.

Cənab Gülen isə bu ittihamları rədd edir. Türkiyə dəfələrlə ABŞ-dan Gülenin onlara təhvil verilməsinə cəhd göstərib.

Əlaqəli mövzular

Bu barədə daha geniş