5 milyon rusiyalı 125 dollardan aşağı maaş alır

Rusiyada sonuncu dəfə minimum əmək haqqı 2016-cı ilin iyulun 1-də artırılaraq 7,5 min rubla çatdırılıb Fotonun müəllifi Getty Images
Image caption Rusiyada sonuncu dəfə minimum əmək haqqı 2016-cı ilin iyulun 1-də artırılaraq 7,5 min rubla çatdırılıb

Rusiyada 5 milyon insan minimum əmək haqqı üçün təyin edilən məbləğdən - 7,5 min rubldan (125 dollar) az maaş alır. Bu barədə baş nazirin müavini Olqa Qolodets məlumat verib.

"Bizim ciddi problemimiz var - bu, minimum əmək haqqı və maaşı alan insanlardır. Çox təəssüf ki, bu rəqəm bizdə 4,9 milyon təşkil edir. Bu qədər insan minimum yaşayış üçün nəzərdə tutulan məbləğdən az məvacib alır" - deyə Moskvada Qaydarov forumunda çıxış edən Qolodets bildirib.

Baş nazirin müavini işəgötürənlərin minimum əmək haqqını ödəmək tələblərini hansı şəkildə yerinə yetirdiklərini dəqiqləşdirməyib.

Rusiya İctimai Rəyi Araşdırma Mərkəzinin dərc etdiyi məlumatlara əsasən rusiyalıların 10% "boz pullar", 13% isə məvacibin bir hissəsini rəsmi, qalan hissəsini isə "zərf"də alır.

Bununla yanaşı Qaydarov forumunda çıxış edən Əmək və Sosial Müdafiə naziri Maksim Topolin minimum əmək haqqını 2017-ci ilin payızına qədər minimum yaşayış həddinə çatdırmağa çağırıb.

Hələ 2012-ci ilin aprelində Rusiya prezidenti Vladimir Putin "yaxın bir neçə il ərzində" minimum əmək haqqının minimum yaşayış həddinə bərabər olacağını bildirmişdi.

Rusiyada sonuncu dəfə minimum əmək haqqı 2016-cı ilin iyulun 1-də artırılaraq 7,5 min rubla çatdırılıb.

Rusiyada minimum yaşayış həddi isə dövlət tərəfindən dekabrda qəbul edilən qərara əsasən 9889 rubl (165 dollar) təşkil edir.

Rusiya Statistika Komitəsinin 2016-cı ilin yanvar-sentyabr ayına olan məlumatına görə ölkədə minimum yaşayaş həddindən aşağı gəlirləri olanlarını sayı 20,3 milyondur.

"2014-cü ildən bu yana ölkədə yoxsulluq səviyyəsi gedərək artmağa başladı. Yoxsulluq ən çox zəhmtsevərlərə ziyan vurdu"- deyə ötən ilin oktyabrında Soçidə keçirilən İnvestisiya Forumunda Qolodets bildirib.