Gürcüstanda müxalifət Rusiya ilə qaz razılaşmasına etiraz edir

Gürcüstan Fotonun müəllifi VANO SHLAMOV/ Getty

Gürcüstanda müxalifət və bir sıra təhlilçilər hökuməti Rusiya tərəfindən təklif edilmiş təbii qaz qiyməti razılaşmasını qəbul etdiyinə görə kəskin tənqid edir.

Tbilisi yeni qaz qiyməti tarifinin müqabilində Rusiya qazının Ermənistana tranzitini qəbul etməlidir.

Müxalif Vahid Milli Hərəkat (VHM) yeni qaz razılaşmasının Gürcüstan üçün "zərərli" olduğunu bildirir. Bir qrup QHT isə deyir ki, bu razılaşma Gürcüstanın enerji təhlükəsizliyinə hədə yaradır.

Gürcüstan hökuməti isə tənqidləri rədd edərək deyir ki, yeni razılaşma Gürcüstanın enerji asılılığını artırmır və hələ ki təklif olunan şərtlər "optimal" hesab olunur.

Bundan əvvəl Gürcüstan Rusiya qazını Ermənistana nəql etmək müqabilində onun 10 faizini özü işlədirdi.

Rusiyanın qaz nəhəngi Gazprom-la imzalanmış yeni razılaşmaya əsasən Gürcüstan 2017-ci ildə də tranzit haqqı kimi qaz götürəcək, lakin 2018-ci ildən Rusiya tərəfi tranzitə görə pul ödəməyə başlayacaq.

"Kapitulyasiya"

VHM-dən Sergi Kapanadze isə bu qənaətdədir ki, yeni razılaşma Rusiyaya Gürcüstana təzyiq göstərmək imkanı verəcək.

O, hökuiməti öz qərarından əl çəkməyə çağırıb. O deyib ki, yeni saziş Gürcüstanın dövlət maraqlarına ziddir, Interperssnews xəbər agentliyi yanvarın 11-də bildirib.

Təhlilçi Soso Tsiskarişvili isə deyib ki, Gürcüstan hökumətinin qərarı "kapitulyasiyaya" bərabərdir. O, həmçinin Gazprom-un öz öhdəliklərinə əməl edəcəyini şübhə altına alıb.

O deyib ki, Rusiya artıq bir dəfə "siyasi səbəblərlə Gürcüstanı qasız qoyaraq dondurub".

Avro-Atlantik Gürcüstan Koalisiyası adlı QHT-lər birliyi bəyan edib ki, yeni razılaşma Gürcüstanın enerji təhlükəsizliyi vəziyyətini pisləşdirəcək, yazıb Netgazeti xəbər saytı yanvarın 12-də.

Transparency International - Georgia təşkilatı və Gənc Gürcü Hüquqşünaslar Assosiasiyası da daxil 22 QHT-ni birləşdirən koalisiya hökuməti razılaşmanın təfərrüatlarını ictimaiyyət üçün açmağa çağırıb.

Hökumətin reaksiyası

Hökumətə qarşı tənqidləri enerji naziri Kaxa Kaladze dəf etməyə çalışıb.

Yanvarın 11-də İmedi telekanalına müsahibəsində Kaladze israr edib ki, Gürcüstanın Rusiyanın enerji daşıyıcılarından asılılığı artmayacaq və alınan qazın həcmi əvvəllər olduğu kimi 10-12 faiz civarında qalacaq.

Lakin o, bundan daha çox təfərrüat verməyib və bildirib ki, razılaşma məxfi xarakter daşıyır.

"Mən vurğulamaq istəyirəm ki, Azərbaycan bizim strateji partnyorumuz olaraq qalır. Bizim xalqımızın istehlak etdiyi qazın 90 faizi Azərbaycandan gəlir" - deyib nazir.

"Bu razılaşmaya gəlməzdən və spesifik təkliflər almazdan əvvəl bizim bir sıra görüşlərimiz olmuşdu və razılaşma barədə mövqe və baxışlarımız tamamilə fərqli idi. Biz narazı idik və deyirdik ki, Gazprom-un təklifi bizim üçün tamamilə qeyri-məqbuldur və biz çox uzun müddət müzakirə olunan bu təklifləri qəbul etmək fikrində deyildik" - bildirib Kaladze.

Nazir deyib ki, bütün bunlara baxmayaraq nəhayət yanvarın 10-da 4 saat davam edən danışıqlardan sonra yekun razılaşma əldə edilib.

"Biz düşünürük ki, hazırkı reallıqda və situasiyada bu, optimal təklif idi" - deyib Kaladze.

Nazir vurğulayıb ki, qiymət şərtləri 2018-ci ildən beynəlxalq standartlara uyğun müəyyən ediləcək.

"Ümumilikdə biz beynəlxalq prinsipləri dəstəkləyirik. Bizim ölkəmiz Avropa Enerji Xartiyasına imza atıb" - bildirib Kaladze.

Hakim partiyanın vəzifəli rəsmisi Gia Volski deyib ki, bu razılaşmadan əsasən Rusiya mənfəətlənsə də, Gürcüstan mümkün olduğu qədər az itiriməyə çalışır.

Yanvarın 12-də Interpressnews saytına müsahibəsində Volski razılaşmanı müdafiə edib və deyib: "Beynəlxalq ödəniş praktikası göstərir ki, transit haqqını qazla yalnız Azərbaycan, Naxçıvana qaz verilməsi üçün İrana ödəyir".

Volski vurğulayıb ki, əgər Gürcüstan Rusiyanın təklifi ilə razılaşmasaydı Rusiya Ermənistanı İran vasitəsilə qazla təchiz edə bilərdi və Gürcüstan tranzit kimi əhəmiyyətini itirərdi.

"Bütün hallarda Rusiya Ermənistanın qayğısına qalacaqdı, bizsə bir transit kimi funksiya və imicimizi itirə bilərdik. Digər tərəfdən Ermənistanı qazsız qoymaq bizim Yerervanla münasibətlərimzi korlayardı" - deyib Volski.

Ermənistan rəsmiləri bu məsələ ilə bağlı hələlik heç bir şərh verməyiblər.

BBC Monitoring dünya boyunca TV, radio, internet və çap mediasından icmallar və xəbərlər hazırlayır.

Əlaqəli mövzular