Türkiyə: deputatlar konstitusiya dəyişikliklərini dəstəkləyib

Turkey's President Recep Tayyip Erdogan Fotonun müəllifi AP
Image caption Cənab Erdoğan 2002-ci ildən ölkə siyasətində aktivdir

Türkiyə parlamenti prezident Recep Tayyip Erdoğanın səlahiyyətlərini artıracaq yeni konstitusiya dəyişikliklərinə ilkin razılıq verib.

Bu həftənin sonunda səsvermənin ikinci turu olacaq və əgər təsdiq edilsə referendum keçiriləcək.

Tənqidçilər deyirlər ki, bu, cənab Erdoğana hakimiyyəti ələ keçirmək imkanı verəcək.

Amma prezident deyir ki, dəyişilmiş sistem Fransa və Birləşmiş Ştatları xatırladacaq.

Yeni konstitusiya prezidentə nazirləri təyin və azad etmək imkan verəcək və Türkiyə tarixində ilk dəfə baş nazir postu ləğv olunacaq.

Əvəzində ən azı bir vitse-prezident olacaq.

Qanun layihəsinin yekun maddələri bazar günü qəbul olunub, hakim AK Partiyası (AKP) lazım olan 3/5 səsi toplaya bilib.

Konstitusiyaya dəyişiklikləri barəsində müzakirələr gərgin şəraitdə keçib.

Ötən həftə Cümhuriyyetçi Halk Partiyasının (CHP) bir deputatı səsvermə prosesini videoya çəkərkən AKP və CHP üzvləri ilə toqquşma baş verib.

Ən böyük müxalifət partiyası CHP dəyişikliklərin əleyhinə çıxır.

Kürdlərin Xalqların Demokrat Partiyası (HDP) səsverməni boykot edib. Onların bəzi deputatları kürd qiyamçılarına dəstəkdə ittiham olunaraq həbs edilib, səsverməni mübahisəli hesab edən HDP-nin sözlərinə görə, onların səs vermədə iştirak haqqı yoxdur.

AKP zəruri səs çoxluğunu təmin etmək üçün sağçı Milliyyətçi Hərəkat Partiyasının dəstəyinə arxalanıb.

Türkiyə iyulda baş vermiş çevriliş cəhdindən sonra fövqəladə vəziyyət şəraitindədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş