Biden dünyanı Rusiyanın təcavüzünə müqavimət göstərməyə çağırıb

Biden və Poroşenko Fotonun müəllifi Reuters
Image caption Joseph Biden (solda) və Petro Poroşenko (sağda) rəsmi Moskvanın siyasəti haqqında sərt danışıblar

ABŞ-ın vitse-prezidenti Joseph Biden Ukraynaya səfəri zamanı dünya ictimaiyyətini Rusiya rəhbərliyinin aqressiv hərəkətlərinə qarşı birləşərək müqavimət göstərməyə çağırıb.

"Rusiya sizin nailiyyətlərinizi, təhlükəsizliyinizi və ərazi bütövlüyünüzü müxtəlif cəhdlərlə pozmağa çalışır. Təbliğat hücumları və iqtisadiyyatınızda sabitliyi pozmaq cəhdləri davam edir. Ukraynanın istənilən Avropa ölkəsi kimi öz yolunu seçmək hüququ var. Lakin Rusiya buna etiraz edir", - deyə postunu tərk etməkdə olan ABŞ-ın vitse prezidenti Kiyevdəki brifinqdə bildirib.

Bidenin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar rəsmi Moskva Minsk razılaşmasında yer alan öhdəlikləri tam yerinə yetirməyənə qədər saxlanılmalıdır.

Ukrayna prezidenti Petro Poroşenko qeyd edib ki, Rusiyanın təcavüzü Ukrayana kimi ABŞ üçün də təhlükə yaradır.

"Rusiya Donbass və Krımın bir hissəsini ələ keçirərək Ukrayna ərazisini işğal edib. Krım - Ukraynadır və biz yeni administrasiya nümayəndələrinə açıq-aşkar bu mövqedə dayandıqlarına göqə minnətdarıq ", - deyə Poroşenko bildirib.

Rusiya rəhbərliyi Ukrayna məsləsinin artıq ABŞ-ın yeni administrasiyası ilə müzakirə etmək niyyətində olduğuna işarə vurub.

"Sözsüz ki, Ukrayna məsləsinin gələcəkdə Rusiya-ABŞ dialoqunun bir hissəsi olacağını böyük inamla ehtimal etmək olar", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla yanaşı Peskovun fikrincə, Ukrayna böhranı başladıqdan sonra heç də bütün Qərb ölkələrinin Rusiya ilə münasibətləri pozulmayıb.

Ötən həftə ABŞ prezidenti Barack Obama administrasiyası 2014-cü ilin martında Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

ABŞ-ın yeni prezidenti Donald Trump Rusiyaya qarşı sanksiyaların ən azı bir müddət saxlanacağını qeyd edib.

"Rusiya terrorla mübarizədə və ABŞ üçün vacib məsələlərin həllində öz faydasını sübut edəcəyi təqdirdə sanksiyalar ləğv edilə bilər", ABŞ-ın yeni prezidenti açıqlamasında belə deyib.

Bu barədə daha geniş