Ekspertlər: Trump Rusiyaya “mümkünsüz təklif” edib

Donald Trump və Vladimir Putin Fotonun müəllifi AFP
Image caption Donald Trump Vladimir Putinə etibar edəcəyini deyir, amma ola da bilsin ki, bu etibar çox da uzun müddətdə davam etməsin

ABŞ prezidenti seçilmiş Donald Trump deyib ki, Rusiya üzərindəki sanksiyaları yüngülləşdirmək barədə Moskva ilə saziş imzalaya bilər, lakin bunun müqabilində Moskva nüvə silahlarının ciddi ixtisarına razı olmalıdır.

"Gəlin baxaq görək, Rusiya ilə yaxşı münasibətlərə nail olmaq olmazmı, - deyib Trump, - Məncə əvvəlcə nüvə silahlarını azaltmaq lazımdır, həm də ciddi şəkildə azaltmaq lazımdır..."

Britaniyanın The Times qəzetinə müsahibəsində Trump deyib ki, prezident kimi vəzifələrinin icrasına prezident Putinə və kansler Merkelə etibar edərək başlamaq fikrindədir, amma ola da bilsin ki, bu etibar çox da uzun müddətdə davam etməsin.

BBC-nin Rus xidməti yazır ki, Moskvada Trump-ın nüvə arsenalının ixtisarı barədə bəyanatına çox soyuq yanaşıblar.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva üzərinə qoyulmuş sanksiyaların təşəbbüsçüsü Rusiya olmayıb və prezident özünün xarici təmaslarında bu məsələni qaldırmaq fikrində deyil.

BBC-nin Rus xidməti Trump-ın nüvə silahlarının ixtisarı barədə bəyanatına ekspertlərdən münasibət öyrənib.

Hazırkı vəzityyətdə nüvə silahlarının azaldılması mümkündürmü?

"Belə şərt sanksiyaların qaldırılmasını mümkünsüz edəcək"

Təhlükəsizlik üzrə ekspert Viktor Mizin bu suala cavab olaraq deyib ki, əksinə Rusiya ekspertlərinin fikrincə Rusiya indiyədək bütün mümkün ixtisarlara gedib və daha ixtisar üçün limit qalmayıb.

Rusiya bundan o yana öz təhlükəsizlik maraqlarından əl çəkmək niyyətində deyil.

Ekspert bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dediklərini yada salır.

O bildirib ki, hazırda Rusiya və ABŞ arasında nüvə silahlarının nisbəti 1970 -1980-ci illərdə olduğu kimidir.

Mizin bildirir ki, nüvə silahlarının ixtisarı kompleks məsələdir və ona ümumilikdə strateji stabillik, silahların yüksək dəqiqiliyi kimi faktorlarla birlikdə baxılır.

Ekspert bildirir ki, Rusiyanın bir çox generalları şəxsi söhbətlərində deyirlər ki, "bizə daha heç nə lazım deyil, bizim kosmik izləmə qruplaşmamız var, strateji silahlarımızın modernizasiyasını həyata keçiririk".

Yəni burda məsələ dalana dirənir.

Ekspertin sözlərinə görə o, Trump-ın təklifini eşidəndə dilxor olub, çünki belə şərt sanksiyaların qaldırılmasını mümkünsüz edəcək.

Fotonun müəllifi PA
Image caption Trump düşünür ki, nüvə silahlarının azaldılması Moskva ilə əlaqələrin təkmilləşdirilməsinin başlanğıcı ola bilər

"Əvvəllər Rusiya qarşısında Krımla, aydındır ki, Rusiya Krımı qaytarmayacaq, Ukraynanın şərqindəki vəziyyətlə, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı şərtlər qoyulurdu. Amma o indi durub və silahların ixtisarından danışıb" - deyir Mizin.

Mizin xatırladır ki, hələ 2010-cu ildə Obama silahların ixtisarından söz salanda Moskvadan qəti "yox" cavabı alımışdı.

Trump "stolun üstündə əlinə birinci nə keçibsə onu götürüb"

"Rossiya v globalnoy politike" jurnalının baş redaktoru Fyodor Lukyanov BBC Rus xidmətinə deyib ki, Trump-ın təklifini qəbul etmək mümkün deyil və bu çox kədərlidir.

Çünki bu, ilk növbədə Trump-ın özünün Rusiya yox, nüvə silahları ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. O demişdi ki, nüvə silahları artırılmasın, amma təkmilləşdirilsin.

Lukyanov bildirib ki, görünür cənab Trump nəyi necə edəcəyini hələ başa düşmür.

"Onda vəziyyət barədə aydın təsəvvür yoxdur. Rusiya ilə yaxşı münasibətlər lazımdır. Niyə?, - deyib redaktor, - Ona görə də obrazlı desək, o, stolun üstündə əlinə birinci nə keçibsə onu götürüb. Nüvə silahı mövzusunu".

Fyodor Lukyanov deyib ki, hələ 2011-12-ci illərdə nüvə silahı ixtisarı üzrə danışqılar başa çatanda bir çox ekspertlər bunun sonuncu müqavilə olduğunu deyirdilər.

"İndi vəziyyət dəyişib və köhnə model yeni reallıqlara uyğun gəlmir, - deyib ekspert, - Bu Trump haqqında heç də yaxşı təəssürat yaratmır".

Fyodor Lukyanov deyib ki, Trump çox güman birinci ağlına gələn məsələni dilinə gətirib.

"Mən hələ onu demirəm ki, sanksiyaların ləğvini nüvə ixtisarlarına bağlamaq qətiyyən yaramaz." - deyib ekspert.

Bu barədə daha geniş