Türk filmindəki Azərbaycan səhnəsi "çıxarılıb"

Recep İvedik 5 Fotonun müəllifi Recep Ivedik 5
Image caption Recep İvedik 5 filmindən sosial şəbəkələrdə mübahisəli qalmalaqala səbəb olan səhnə

Türkiyədə yeni çəkilmiş "Recep İvedik 5" filminin anonsunda türk boksçu, "madam elə, mən də sənin ağzını-burnunu qırmağa gəlmişəm, qardaş" deyərək azərbaycanlı boksçunu yerə sərir.

Bu səhnə həm türk, həm də azərbaycanlı sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Türkiyə mətbuatı filmdəki baş rolun ifaçısı Şahan Gökbakar istinadən yazır ki, həmin boks səhnəsi filmdən çıxarılıb.

"Azərbaycan türkü qardaşımın narazılığı könlümü yaralayır. Məmnuniyyətlə səhnəni çıxarıram. Qoy bu, qardaşlığımın, dostluğumun sübutu olsun. Pis niyyətli insanların da oyunu pozulsun", aktyora istinadən ntv.com.tr yazır.

İstifadəçilərin bir qismi filmə etirazını bildirsə də, digər istifadəçilər reaksiyaların şişirdildiyini və bunun sadəcə bir komediya filmi olduğunu önə çəkirlər.

Hüseyin Yaşar adlı Facebook istifadəçisi yazır: "Azərbaycan daim bizim yanımızda oldu… Bir ABŞ boksçusuna yumruq ataydı kaş. Hər filmdə mütləq bir məna var".

"O səhnə filmdən çıxarılsın, çox böyük tərbiyəsizlikdir. Azərbaycan türk dövlətidir və film olsa da, belə bir səhnə ola bilməz", Mehmet Erdem Şallı adlı istifadəçi yazır.

Tural Museyibov isə belə düşünür: "Bu, adi küçədə gedən dava deyil ki, baxaq görək günah kimdədir. Bu vəziyyəti, azərbaycanlıların əleyhinə səhnələşdirən ssenaristdədir günah!"

"O səhnə çıxarılmazsa, o filmə getməyəcək minlərlə insan var. Mən də onlardan biriyəm. İzləmərəm, izlətdirmərəm", Murat Tuba Gündoğdu yazır.

Başqa cür düşünənlər də var. "Çox şişirtdinz. Nəyə etiraz edəcəyinizi bilmirsiniz. Sadəcə bir filmdir bu", Serdar Sezgün adlı istifadəçi şərh yazıb.

"Klavyatura türkçülüyü edir millət. İdmançılarımız Olimpiadada və ya beynəlxalq yarışlarda azərbaycanlı rəqiblərini yenir və ya yenilir. Bu səhnəyə qarşı çıxanlara görə bu da xətalı olmalıdır", Şirvan Avcı hesab edir.

Fotonun müəllifi Recep Ivedik 5
Image caption Recep Ivedik 5 filmindən səhnə

Ümumiyyətlə filmin zövqsüz olduğunu, baş rol ifaçısı Şahan Gökbakarın isə komediya ustası olmadığını yazanlar da var.

Guldeste Nesibova düşünür ki, "Filmin "bədii zövq" anlayışına heç bir dəxli yoxdur. Heç janr da yoxdur. Ha axtarsan, nə komediya elementi tapmırsan, nə ironiya, nə də məna. Ancaq küçə söyüşləri, səviyyəsiz söhbətlər".

"Bu cür zövqsüz filmlərə baxanda, o filmdə tamaşaçını güldürmək üçün "zillət çəkən" oyunçulara adamın ağlamağı gəlir…", Emrah Feqanoglu adlı istifadəçi yazır.

"Bu hərif komediyaçı filan deyil. Sağa-sola söyüş söyərək film çəkir, bizlər də belə üç quruşluq (ucuz. red) filmləri izləyərək bu adamlara pul qazandırırıq. Heyif", Mesut Yaşar təəssüflənir.

Film bəzi siyasətçilərin də etirazına səbəb club. Türkiyə parlamentinin deputatı, hakim AKP millət vəkili Necdet Ünüvar filmdəki həmin səhnənin çıxarılması üçün baş rolun ifaçısı Şahan Gökbakara məktub yazacağını bildirib.

"Filmdə bir boks səhnəsi var. Bu səhnədə Türk vətəndaşı ilə Azərbaycan vətəndaşı iki boksçunun yarışı var. Orada dialoqlar və mücadilə var. Mən oradakı şişirdilmiş dialoqlar və səhnələrdən narahat oldum", cənab Ünüvara istinadən Türkiyənin Milliyet qəzeti yazır.

Onun sözlərinə görə, Azərbaycandakı çox sayda dostu onunla əlaqə saxlayaraq narahat olduqlarını bildiriblər.

Türkiyədə tanınmış komediya ustası və aktyor Şahan Gökbakar əsasən "Recep İvedik" çoxhissəli filminə görə məşhurluq qazanıb.