Məxfi sənədlər: Beriya Göyçə gölü yaxınlığını niyə seçdi?

Sənəd Fotonun müəllifi CIA

İlk sovet atom bombasının yaradılması üzərində işlər Ermənistan ərazisində aparılıb, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məxfilikdən çıxarılmış məruzəsində deyilir.

1950-ci il yanvarın 18-də dərc olunmuş və həmin ilin iyununda yayılmış sənədin surəti CIA-in internet saytında açıqlanıb.

İlk Sovet atom bombası RDS-1 Amerikada istehsal olunmuş "Fat Man" bombasını təkrarlayır və plutoniumun parçalanması əsasında işləyirdi. Məlumdur ki, RDS-1 üzərində işlər 1949-cu ildə başa çatıb, lakin onun dəqiq istehsal olunduğu yer son vaxtlara kimi məxfi saxlanırdı.

Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, istehsal obyektlərinin yerləşdirilməsi üçün sovet rəhbərliyi Ermənistanda Göyçə (Sevan) gölü yaxınlığındakı ərazini seçib.

"Beriyanın son seçimi Ermənistan oldu", - sənəddə deyilir.

Sənədə əsasən, RDS-1 istehsalı üzrə müəssisələrin inşaatı 1947-1948-ci illərdə aparılıb. Tikinti meydanları Alagöz (Araqats) dağının şərqindəki 6 bazalt mağaralarında yerləşibmiş. Bu ərazinin seçilməsi burada Zəngi (Hrazdan) çayı və 2 milyon kilovat gücündə su elektrik stansiyasının olması ilə izah edilir.

Zəngi çayı

Sənəddə deyilir ki, Zəngi çayı boyunca böyük ərazi "Alagöz dağının şərq yamacları, Göyçə gölü və Kanair yaylası indi məxfi zonadır, onlara seçilmiş MGB qoşunları nəzarət edir. Atom bombası zavodunun bütün departamentləri çayın bazalt sahilləri boyunca yerləşən altı mağarada yer alıb".

"Yüksək bazalt qayalıqları arasından axan və bir neçə şəlalə yaradan bu çay su-elektrik stansiyaları üçün idealdır. Zəngi sisteminin tikintisinə 1932-ci ildə başlanmışdı, 1947-ci ilədək burada 10-dan artıq və ümumi gücü 2 milyon kilovat olan elektrik stansiyası vardı", sənəddə qeyd olunur.

Politbüro ilk olaraq atom silahlarını 1947-ci ildə, əsir alınmış alman mütəxəssislərindən istifadə edərək istehsal etməyi nəzərdə tutmuşdu, sənəddə yazılıb.

Məlumatda deyilir ki, artıq 1948-ci ildən Çexoslovakiya və Saksoniyadan Ermənistan ərazisinə uran tədarük edilirdi. RDS-1 1949-cu ilin iyulunda işlənib hazırlanmış, avqustda sınaqdan keçirilmişdir.

Silah Maqnitoqorsk şəhərinin 100 kilometrliyində, Uralda sınaqdan keçirilib. Eyni zamanda, rəsmi versiyaya görə, RDS-1 Qazaxıstan Respublikasının Semipalatinsk vilayətindəki poliqonda partladılıb, sənəddə deyilir.

CIA məruzəsində layihənin elmi və texniki direktorunun professor Arakelyan (yalnız soyadı göstərilir) olduğu bildirilir. "O ermənidir, Mikoyanın məktəb yoldaşlarından biridir və Stalin ona inanır", sənəddə deyilir.

1950-ci il tarixli məruzənin ilk dəfə İsveç dilində hazırlandığı və İsveçdə dərc edildiyi bildirilir.

"Sovet xüsusi xidmətlərinin dezinformasiyası"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ilk sovet atom bombasının Ermənistanda yaradılması haqqında açıqladığı sənəd həqiqətə uyğun deyil və SSRİ xüsusi xidmətlərinin dezinformasiyası ola bilər, politoloq Sergey Minasyan hesab edir.

Onun sözlərinə görə, sözügedən işlərin Ermənistanda aparıldığı barədə məlumat Qərb xüsusi xidmətlərini "aldatmaq üçün" SSRİ xüsusi xidmətləri tərəfindən yayılıb.

"Söhbət sovet kəşfiyyatının keçirdiyi dezinformasiya əməliyyatından yaxud CIA-nın qeyri-peşəkar informasiya analizindən gedə bilər", - BBC-nin Yerevan müxbirinə Sergey Minasyan deyib.

Minasyan sovet nüvə proqramının bir hissəsinin doğurdan da Qafqazda, lakin Ermənistanda yox, Abxaziya ərazisində, mağarada yerləşən yeraltı elmi laboratoriyada həyata keçirildiyini deyir.

"Layihədə alman və erməni fizikləri də iştirak edib. Lakin erməni alim Arakelyan deyil, Alixanyan qardaşları olub", - Minasyan deyir.

Bu barədə daha geniş