Tehran: çökən binanın altından iki nəfərin cəsədi çıxarılıb

Yanğın söndürənlər Fotonun müəllifi TASNIM
Image caption Binanın dağıntıları altında yanğın tam sönməyib.

Tehranda yanğından sonra çökən 17 mərtəbəli binanın altından iki yanğın söndürənin cəsədi tapılıb, İranın dövlət televiziyası xəbər verir.

İki gün əvvəl baş verən yanğında ölənlərin sayı barədə müxtəlif rəqəmlər açıqlanır.

Şəhərin mərkəzindəki 17 mərtəbəli "Plasco" binasında ev və ofislər, ən alt mərtəbəsində isə ticarət mərkəzi yerləşirdi.

Yanğınla bağlı İranda milli matəm günü elan olunub.

BBC Farsca xidməti müxtəlif bölgələrdə ölənlərin xatirəsinin anıldığını, şamların yandırıldığını bildirir.

Ölkə boyu dövlət bayraqları endirilib.

Fotonun müəllifi TASNIM
Image caption Şənbə günü yanğın sahəsinə prezident Həsən Ruhani baş çəkib.

Cümə axşamı günü Press TV agentliyi binanın altında 30 yanğın söndürənin qaldığını xəbər vermişdir.

Bunun ardınca rəsmilər dağıntılar altında 20-dən artıq adamın olduğunu demilşdilər. Hakimiyyət xəsarət almış 1 yanğın söndürənin xəstəxanada öldüyünü bildirir.

İRNA agentliyi hadisədə yanğın söndürənlər də daxil 114 adamın yaralandığını və onlardan 5 nəfərin xəstəxanaya yerləşdirildiyini xəbər verir.

Şənbə günü prezident Həsən Ruhani şəhərin ticarət və biznes mərkəzində yerləşən yanğın sahəsinə baş çəkib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Rəsmilər 50 ildən əvvəl inşa edilmiş binanın zəif konstruksiyaya malik olduğunu qeyd edirlər, Reuters agentliyi yazır.

Fotonun müəllifi TASNIM
Image caption Yanğınla bağlı İranda milli matəm günü elan olunub.

Binanın dağıntıları altında yanğın tam sönməyib.

2005-ci ildə Tehran məscidində 59 nəfərin ölümü ilə nəticələnən yanğından bəri bu İran paytaxtında baş verən ən güclü yanğın sayılır.

Məşhur iş adamı iranlı yəhudi Habibullah Elganyan tərəfindən inşa edilən "Plasco" 1962-ci ildə istismara verilib.

O, bir müddət Tehranın ən hündür binası olub.

Bu barədə daha geniş