Ermənistanın sabiq baş naziri Hovik Abrahamyan hakim partiyanı "tərk edib"

Fotonun müəllifi president.am
Image caption Hovik Abrahamyan (solda) prezident Serj Sarkisyanın yaxın müttəfiqlərindən olub.

Prezident Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının ən nüfuzlu xadimlərindən biri, sabiq baş nazir Hovik Abrahamyan partiyanı tərk etməsi haqqında son günlər yerli KİV-lərdə dolaşan şayiələrin həqiqətə uyğun olduğunu təsdiqləyib.

Bu gün cənab Abrahamyan öz Facebook səhifəsində Ermənistan Respublikaçılar Partiyasından (ERP) çıxmaq haqqında ərizə verdiyini açıqlayıb.

"Mən həyatımda ən mühüm və mürəkkəb qərarlardan birini qəbul edərək, bəyan edirəm ki, Ermənistan Respublikaçılar Partiyasında üzvlüyümə xitam verirəm", - Abrahamyan yazıb.

"Açığını deyim ki, bu mənim üçün çətin qərar olub, çünki mən ömrümün böyük bir hissəsini, təxminən 20 il, partiyaya həsr etmişəm. Partiyalı dostlarıma birgə səmərəli iş üçün minnətdaram. Ermənistanın keçmiş və hazırkı dövlət idarə başçıları, bölgə, şəhər və kənd rəhbərlərinə, minlərlə həmvətənlərimə birlikdə əldə etdiyimiz nailiyyətlərə görə minnətdaram", - Abrahamyan yazır.

Abramyan hakim partiyadan çıxdıqdan sonra da "siyasətlə fəal məşğul olmaq" niyyətindədir. Çünki əmindir ki, "xalqa və dövlətə qulluq etmək üçün kifayət qədər gücə, biliyə və təcrübəyə" malikdir.

Hovik Abrahamyan ERP sədr müavini və partiya siyasi komitəsinin başçısı olub. Seçkilər zamanı hakim partiya və partiyanın sədri Serj Sarkisyanın seçki qərargahlarına rəhbərlik edib.

2008-2011 və 2012-2014-cü illərdə Ermənistan Milli Məclisinin sədri vəzifəsini tutub. 2014-cü il apreldən 2016-cı il sentyabrınadək cənab Abrahamyan Ermənistanın baş naziri olub.