Rusiya: evdə döyülmə artıq kriminal sayılmır

Zorakılıq Fotonun müəllifi PA

Rusiya parlamenti ilk dəfə qeydə alınan ailə zorakılığı halını Cinayət Məcəlləsindən kənar edən qanun layihəsini təsdiqləyib.

Qanuna görə, cinayət məcəlləsinin "Yaxın şəxslərə qarşı..." cümlə ilə başlayan 116-cı maddəsindən "döyümək" sözü çıxarılır və beləliklə qohumu döymək cinayət məsuliyyəti hesab edilmir. Hazırda Rusiyada mövcud qanunvericiliyə əsasən, şəxsin ailədən kənarda döyülməsi inzibati qanun pozuntusu sayılır, ailə daxilində isə cinayət kimi təsnif edilir.

Hakim Vahid Rusiya Partiyasının nümayəndəsi Andrey İsayev deyir ki, söhbət ailə zorakılığına icazə verilməsindən getmir.

"Şəxsə qarşı istənilən, hətta onun səhhətinə ən yüngül zərər yetirən zorakılıq üçün cinayət məsuliyyəti qüvvədə qalır. [...] Söhbət yüngül sillə-şapalaqdan gedir. Amma bu halda da heç kəs bərəkallah deməyi təklif etmir. [...]Məsələn, uşağını tək böyüdən ana iki iş yerindən yorğun evə qayıdıb oğlunun dolabçasında narkotik aşkar edib ona bir şapalaq ilişdirsə, hazırda qüvvədə olan qanuna görə cinayətkara çevrilir", - millət vəkili qanuna ehtiyac olduğunu izah edib.

İctimai Rəyin Araşdırılması üzrə Ümumrusiya Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğusuna əsasən rusiyalıların əksəriyyəti fiziki zorakılığı pisləyir, lakin döymək üçün cəzanı yumşaltmaq təklifini dəstəkləyirlər.

Sorğuda iştirak edənlərin 59 faizi bu hərəkətin inzibati cinayət kimi təsnif edilməsi lehinə çıxış edib.

Eyni zamanda, rusiyalıların 70 faizinin döymək kimi zorakılığa qarşı olmasına baxmayaraq, 19 faizi ailədə arvada, uşağa və ərə qarşı fiziki güc tətbiq edilməsinə icazə əleyhinə deyil.

Bu barədə daha geniş