Ermənistanda ixracatın artımı "reeksportla bağlıdır"

Ölkə ixracatının yüksək rəsmi göstəriciləri əslində reeksport - xaricdən gətirilmiş malların yenidən xaricə göndərilməsi - nəticəsində əldə olunur, Yerevanda mətbuat konfransında "Alternativa" tədqiqat mərkəzinin rəhbəri, iqtisadçı professor Tatul Manaseryan bəyan edib.

Manaseryanın sözlərinə görə, bu "süni ixracat artımının göstəriciləri" reeksport nəticəsində təmin edilir və bununla biznes adamlarına, sağlam rəqabətə və, ümumiyyətlə, Ermənistan iqtisadiyyatına ciddi xələl vurur.

Ermənistan Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, ölkədə 2016-cı il ərzində ixracat 20 faiz artaraq, təxminən 1,8 milyard dollara çatıb.

Professor Manaseryan eksportun artması haqqında rəsmi rəqəmlərin həqiqətə uyğun olmadığını bildirir.

"Real artım olmayıb. Artım kriminal xassəli geri ixrac hesabına təmin edilib. Və tək Rusiyaya xaricdən gətirilən pomidorun göndərilməsi deyil, həm də zərgərlik və toxuma hesabına", - o deyib.

Ötən ilin əvvəlində Rusiyaya idxal edilən Türkiyə mallarına embarqonun tətbiq edilməsi ardınca Ermənistan və Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin ixracı kəskin şəkildə artmışdı.

Ermənistan Gömrük Xidmətinin məlumatına görə, 2016-cı ilin birinci yarısında Ermənistandan Rusiyaya pomidor ixracı az qala 43 dəfə artaraq, 709,1 tondan 30 min tona çatdı.

Ermənistan hökuməti son bəyanata münasibət bildirməyib, lakin 2016-cı ilin may ayında İqtisadiyyat Nazirliyi "pomidor ixracı" ilə bağlı məlumatların araşdırılacağını vəd etmişdi.

Dekabr ayında isə Kənd Təsərrüfatı Nazirliyi bildirdi ki, Türkiyədən pomidorların qanuni şəkildə gətirildiyi təqdirdə idxala qadağa qoyula bilməz.

Əlaqəli mövzular

Bu barədə daha geniş