Ermənistan müdafiə nazirinin İrana rəsmi səfəri başlayıb

Vigen Sarkisyan Fotonun müəllifi Ermənistan Müdafiə Nazirliyi
Image caption Vigen Sarkisyan

Ermənistan müdafiə naziri Vigen Sarkisyanın İran İslam Respublikasına rəsmi səfəri başlayıb, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Məlumata əsasən, İran müdafiə naziri Hüseyn Dehqanın dəvətilə Tehrana yollanan Vigen Sarkisyan iranlı həmkarı, İran siyasi rəhbərliyi və təhlükəsizlik strukturları nümayəndələri ilə görüşlər keçirəcək, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

İran görüşlərinin təfərrüatları barədə əlavə heç bir məlumat yoxdur. Bəzi yerli agentliklər səfəri Ermənistanın "alternativ ehtiyat təhlükəsizlik sistemi yaratmaq zərurəti" baxımından nəzərdən keçirir.

Maraqlıdır ki, yanvarın 28-də Ermənistan Ordusu günü münasibətilə tədbirlə bağlı jurnalistlər qarşısında çıxışı zamanı gözlənilən səfərdən danışarkən Vigen Sarkisyan Ermənistan-Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq çərçivəsində alınan silah-sursatın Ermənistanın təhlükəsizlik tələblərini yetərincə ödəmədiyinə görə "başqa partnyor ölkələrlə də" silah arsenalının tədarükü ilə bağlı danışıqlar aparıldığını bəyan etmişdi.

İrana səfəri ərəfəsində Ermənistan müdafiə naziri Ermənistan üçün qonşu ölkələrlə münasibətlərinin, xüsusilə strateji əhəmiyyətli malların tranziti və birgə proqramların gerçəkləşdirilməsi baxımından son dərəcə vacibliyini qeyd edib.

Ermənistan üçün isə vacib olan, tək neft və qaz deyil, həm də silahdır, "lragir" internet nəşrin siyasi icmalçısı Naira Hayrumyan yazır: "Sentyabrda Ermənistanın Müstəqillik günü Rusiya "İskander" kompleksi paradda nümayiş etdirildikdən sonra çoxları bu silahın hansı yolla Ermənistana gətirildiyini sual edirdi... Və Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olduğu halda, bu logistikanın ya Gürcüstan, ya İran ərazisiylə həyata keçirildiyini ehtimal etmək olar".

İranşünas Vardan Voskanyan təhlükəsizlik sahəsində münasibətlərin "qapalılığı" səbəbindən səfər barədə yalnız proqnoz və ehtimallar etməyin mümkün olmasını deyir.

"Lakin aydındır ki, nazirin [Vigen Sarkisyanın] səfəri əsnasında hərbi-texniki əməkdaşlığın iki ölkə arasında dialoq səviyyəsinə çatdırmaq tədbirləri görüləcək", - deyə ekspert İran mediasında Ermənistanın "xüsusi strateji əhəmiyyətli ölkə" kimi səciyyələndirilməsini vurğulayır.

Bu barədə daha geniş