Donbas: atışmalardan sonra yeni itkilər

Avdeyevkada tanklar Fotonun müəllifi AFP
Image caption Əsas gərginləşmə Avdeyevka şəhəri ətrafında müşahidə olunur.

Ukraynanın şərqindəki Donbas bölgəsində münaqişə tərəfləri gecə ərzində atışmalar və yeni itkilərin olduğu barədə xəbər yayırlar.

Ötən sutka ərzində 4 ukraynalı hərbçi həlak olub və daha 17 nəfər xəsarət alıb, Donbasda Ukrayna qüvvələrinin əməliyyat üzrə baş qərargahı bildirir.

Tanınmamış "Donetsk Xalq Respublikasının" (DNR) hakimiyyəti Donetskdə atışmalar nəticəsində iki dinc sakinin öldüyünü bildirir.

Döyüşlərdə tank və "Qrad" yaylım atəş sistemlərindən istifadə olunur.

Ukraynanın Donetsk vilayətinin hakimiyyəti bildirir ki, tanınmamış "DNR" qüvvələri Avdeyevkada məktəb və stadionu atəşə tutublar.

Cümə axşamı günü Ukrayna bir sutka ərzində 2 hərbçinin ödüyünü və 14 nəfərin xəsarət aldığını xəbər vermişdi.

Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini ittiham edir.

Ən gərgin vəziyyət Donetsk yaxınlığındakı Avdeyevka şəhərində yaranıb. Bu son iki il ərzində Ukraynanın şərqində baş verən ən kəskin qarşıdurmadır, BBC müxbiri hadisə yerindən xəbər verir.

Cümə günü Rusiya prezidenti vəziyyətin kəskinləşməsində Ukrayna hakimiyyətini ittiham edib. Vladimir Putin deyib ki, Kiyev belə bir yolla ABŞ və Aİ-dən pul almağa və Minsk sülh sazişlərinin tələblərini yerinə yetirməkdən yayınmağa çalışır.

Ukrayna prezidenti gərginləşməyə görə Moskvanın məsulyyət daşıdığını deyir. Petro Poroşenko Rusiyanın addımlarını "qəddar və qeyri-insani" adlandırıb.

Bu barədə daha geniş