Dağlar və dəniz: xarici turistlər Gürcüstana gedəcəklərmi?

Kilsə Fotonun müəllifi Getty Images
Image caption Qarlı zirvələr və tarixi memarlıq abidələri - Gürcüstanın turistlərə təqdim edə biləcəyi şeylərin bir hissəsidir.

Milli valyutanın dəyərdən düşdüyü və qəliz iqtisadi vəziyyətin sürdüyü bir zamanda, turizm Gürcüstanın ən uğurlu və dinamik inkişaf edən sahələrindən biridir.

Üç il yarım bundan əvvəl, Kiyevdə yerləşən City Sightseeing şirkətinin sahibəsi Yevqeniya Stepanova, biznesinin genişləndirməyə hazırlaşır və seçimi Gürcüstan olur.

"Gürcüstan, diqqətimi cəlb edən ilk ölkə oldu. Çünki, ölkə qonaqpərvərdir, biznes qurmaq üçün bürokratik baryerlər yoxdur və investorlar üçün gözəl iqlim mövcuddur... Bundan əlavə, bütün göstərici və indekslər, turizmin inkişafını və ölkənin beynəlxalq səviyyədə yaxşı imicə sahib olduğunu göstərirdi," Yevqeniya deyir.

Image caption Yevqeniya Stepanova hesab edir ki, onun şirkətinin inkişafı üçün Gürcüstan doğru seçimdir

Şirkətin Ukraynadakı fəaliyyəti, turist axının azalmasına görə dayansa da, Gürcüstandakı işi inkişaf edir. Turistlərə paytaxtda ekskursiya ilə yanaşı, regionlara bir günlük və tam turist paketləri təklif olunur.

Gürcüstan üçün yeni olan çay kruizləri də uğurlu alınır.

"Gəmi, bizim üçün gözmuncuğudur. Berlin və ya Amsterdam ilə müqayisə etsək, əlbəttə ki, onların səviyyəsinə çatmaq üçün inkişaf etməmiz lazımdır. Amma, təcrübədən uğurlu istifadə bizə göstərdi ki, şəhərə turist axını mövcuddur," o söyləyir.

Gürcüstanda turizm sektorunun inkişafını təkcə turizm şirkətlərinin ofisləri və şəhərin qədim hissəsində artan suvenir mağazalarının sayı yox, həm də rəsmi göstəricilər təsdiq edir.

Ötən il Gürcüstana ilk dəfə altı milyondan çox xarici səfər edib və onlardan təxminən üç milyonu turist olub. Müstəqil Gürcüstan tarixində bu, ən yüksək göstəricidir.

Açıq sərhədlər

Gürcüstan Milli turizm administrasiyasının sədri Qeorqiy Çoqovadzenin sözlərinə görə, xarici turistlərin artımı, sektor üzrə aparılan uzunmüddətli strateji inkişaf ilə bağlıdır.

Image caption Georgi Çoqovadze bildirir ki, yaxın illərdə Gürcüstanda yüzdən çox mehmanxana inşa ediləcək

Gürcüstana qonaqları, beynəlxalq turizm sərgilərində iştirak edərək, həm ənənəvi, həm də yeni bazarlarla cəlb etməyə çalışırlar.

Xarici turistlərinin sayının artımı, öz növbəsində ölkə üzrə gəlirlərin artımı deməkdir. Məsələn, 2016-cı ildə xarici turistlər ilk dəfə olaraq Gürcüstanda, 2 milyard ABŞ dollarından artıq pul xərcləyiblər.

Turizmin hazırda üstün sahə olmasında, ölkənin viza siyasəti də rol oynayır, Çoqovadze deyir: Gürcüstana gələ bilmək üçün 94 ölkənin vətəndaşlarına viza lazım deyil.

Həmçinin, ABŞ, BƏƏ, Avropa ölkələri və İsrail də daxil olmaqla 50 ölkənin daimi vizasına malik vətəndaşlardan da viza tələb olunmur.

Təkcə keçən il, Gürcüstana 143 ölkədən gələn turistlərin sayı artıb, bu isə toplam yarım milyon səfər deməkdir. Buraya İran, Səudiyyə Ərəbistanı və Hindistandan turist axını daha çox olub.

Amma, ənənəvi olaraq ölkəyə qonşu Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və Ukraynadan daha çox turist baş çəkir. Keçən il adıçəkilən ölkələrin hamısından səfər sayı artdığı halda, yeganə olaraq Türkiyədən gələnlərin sayı 10% azalıb.

Çoqovadzenin söylədiklərinə əsasən, Türkiyədəki qarışıq vəziyyətlə bağlı bu, yeganə neqativ təsir deyil.

"Türkiyədə baş vermiş və hal-hazırda yaşanan vəziyyət, Gürcüstana da pis təsir edir. Belə ki, başqa regionlardan səyahət etmək istəyənlərdə, Türkiyə və Gürcüstan xəritədə yaxın yerləşdiklərinə görə, Türkiyədə baş verən hadisələr səbəbi ilə bu istiqamətdə uçmağın təhlükəli olması stereotipi mövcuddur," o deyir.

Qiymətlər və keyfiyyət

Image caption Matthew Shreder Gürcüstanda yalnız dağları deyil, həm də ucuz qiymətlər və təhlükəsizlik hissini bəyənib

Matthew Shereder Gürcüstana Cənubi Afrikadan gəlib və səyahətlər haqqında yazır. Onun sözlərinə görə, buraya ilk dəfədir ki, gəlir və Gürcüstanda onu ən çox heyran edən şeylər, özünü təhlükəsiz hiss etməsi və mağazaların gec bağlanmasıdır.

"Cənubi Afrikada gecələr hər yer bağlı olur və gecə gəzmək təhlükəlidir. Lakin, burada son dərəcə təhlükəsiz görünür, - o deyir. - Mən artıq bir həftəyə yaxındır ki, buradayam və hələ ki, Tbilisini gəzmişəm və çox bəyənirəm. Ən çox Qafqaz dağları xoşuma gəldi - Avropada ən gözəl dağlardır. Ölkəyə gəlmək üçün mənə viza da lazım olmadı və bir il ərzində lazım olmayacaq və qiymətlər burada çox aşağıdır."

Amma, bir çox turistlər və turizm agentliklərinin nümayəndələri düşünür ki, otellərdəki kimi restoranlarda da qiymətlər yuxarıdır və xidmətin keyfiyyəti ilə üst-üstə düşmür. Turizm şirkətləri üçün problem, böyük otellər çatışmazlığı olaraq qalmaqdadır. Onlar, böyük turist qruplarını bir otelə yerləşdirə bilməməkdən əziyyət çəkirlər.

"Bizdə adətən kiçik mehmanxanalar tikilir. Bu ciddi bir problemdir. Biznes, böyük otellər sayəsində inkişaf edir, hansı ki, bizdə barmaqla sayılası qədərdir," bazarda 20 ilə yaxındır ki, fəaliyyət göstərən və "Visit Georgia" adlı turizm agentliyinin sahibi və direktoru Aleksandr Mamulaşvili BBC-yə müsahibəsində bildirib.

Bu il şirkət, Asiyada aktiv işləməyi planlaşdırır və daha çox Hindistan, Çin, İndoneziya, Sinqapur və Filippin kimi ölkələrdən turist cəlb etmək niyyətindədir.

"Lakin, biz, Qərbi Avropada da aktiv işləməyə davam edirik. Bu ölkələrdən turist və uçuşların sayı artmaqdadır. Planımızda bu il, 20%-lik artımı qorumaq da dayanır," Mamulaşvili deyir.

Qonşu ölkələrə gəldikdə isə, onun sözlərinə görə, Azərbaycan və Ermənistandan olan turistlər, səyahətlərini daha çox özləri təşkil etməyə üstünlük verirlər, nəinki, turizm agentliklərinin xidmətlərindən istifadəyə.

"Əsasən Qara dəniz sahillərinə səyahət edən Ermənistan vətəndaşları, otelləri özləri tapırlar. Vəziyyət Azərbaycan, hətta Rusiya vətəndaşları üçün də demək olar ki, keçərlidir. Onlar, nəqliyyat, bələdçi və otel tapmağa özləri çalışırlar," o söyləyir.

Image caption Turizm şirkətləri, Gürcüstanda böyük mehmanxanaların çatışmazlığından şikayət edirlər

Turizm infrastrukturu da inkişaf edir, amma, xarici ziyarətçilərin artımı ilə ayaqlaşa bilmir, turizm üzrə mütəxəssis Niko Kvaratsxeli düşünür.

"Xüsusən də bizdə, avia-uçuşların sayı azdır. Misal üçün, Praqadakı aeroport, ildə 13 milyon sərnişin qəbul etdiyi halda, Tbilisidəki aeroport iki milyon yarıma yaxın sərnişin qəbul edə bilir. Kutaisi və Batumidə göstərici daha aşağıdır. Bundan əlavə, Praqanın coğrafi üstünlükləri də çoxdur - Avropanın mərkəzində yerləşdiyinə görə, oraya müxtəlif Avropa ölkələrindən avtomobil ilə də getmək mümkündür. Həmçinin, otellərin tutumu da qənaətbəxş deyil," o deyir.

Çox mehmanxana - daha çox turist

Milli turizm administrasiyasından bildirilir ki, hakimiyyət, qiymət siyasətinə qarışmır, lakin, otellərin inşası üçün bank kreditlərinin subsidiyalaşdırmaqla, bazarda rəqabət artımına kömək edir. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin həyata keçirdiyi layihədə, beynəlxalq otel zəncirləri markalarının franchise haqqının yarısının ödənilməsi nəzərdə tutulur.

Milli turizm administrasiyasından Georgi Çoqovadzenin sözlərinə əsasən, keçən il otellərdə yer sayı 3 mindən daha çox artıb və gələn üç il ərzində Gürcüstanda, beynəlxalq səviyyəli də daxil olmaqla, 130 yeni mehmanxana tikiləcək.

Gürcüstandakı hazırkı otellər, eyni anda 57 min adam tutumludur. O qeyd edir ki, bundan başqa, özəl sektorda mənzil və evlərin kirayəsi də geniş yayılıb.

"Bizim turizmin inkişafı ilə bağlı strategiyamız ilə əlaqədar, 2025-ci ildə Gürcüstana 11 milyondan artıq xarici ziyarətçilərin gəlməsi gözlənilir. 2015-2016-cı illərin nəticələrini nəzərə alsaq, bu, real səslənir," Çoqovadze deyir.

Image caption Nino Nonikaşvili hesab edir ki, dövlət otel biznesinə daha çox dəstək olmalıdır

Fəqət, turizm sahəsinin bəzi təmsilçiləri düşünür ki, dövlət, turist sektorunun inkişafına kifayət qədər dəstək göstərmir.

Lucky Hotel&Hostels - Tbilisinin mərkəzində kiçik otel və hostel - direktoru Nino Nonikaşvili söyləyir ki, bankdan kredit götürə bilmək üçün çətinliklərlə üzləşib.

"Böyük potensial var, lakin çox təəssüf ki, dəstək yoxdur... Hakimiyyət deyir ki, ilk növbədə turizm dayanır, amma, heç olmazsa, biznesə ilk addım atdıqlarında otellərin sahiblərinə dəstək olmaq üçün heç bir şey etmir," o bildirir.

Lakin, onun sözlərinə görə ən böyük problem, Gürcüstandakı xidmət keyfiyyətidir.

"Ən mənfi cəhətimiz isə, xidməti öyrənmək istəməməyimizdir. Söhbət yalnız otel biznesindən getmir, ümumiyyətlə xidmət sektoru axsayır. Heç kim müştəriyə gözəl və keyfiyyətli xidmət göstərərək, gülümsəmək istəmir," Nonikaşvili deyir.