Ermənistan: parlament seçkilərinin günü dəyişdirilə bilərmi?

Ermənistan parlamenti Fotonun müəllifi Parliament.am

Ermənistanda 2 aprelə təyin edilən parlament seçkilərində iştirak etmək üçün siyasi qüvvələrin qeydiyyat kampaniyası başlayıb, lakin Mərkəzi Seçki Komissiyası (MSK) hələ heç bir partiya və seçki koalisiyasından sənəd təqdim edilmədiyini bildirir.

Sənədlərin təqdim edilməsi prosesi 10 gün davam edəcək, lakin seçki iştirakçıları hələ də namizədlərinin siyahılarını dəqiqləşdirir.

MSK-nın qrafikinə əsasən, təbliğat kampaniyası martın 5-dən 31-nədək davam edəcək. Lakin bu qrafik dəyişə bilər. Çünki bir sıra ictimai və siyasi qurum və ictimaiyyət üzvləri aprelin 2-nə təyin edilmiş seçki gününün dəyişdirilməsini tələb edirlər.

"Konstitusiyaya zidd və əxlaqsızlıq..."

Seçkilərin aprelin 2-nə təyin edilməsi tam qüvvəsini itirməmiş və yeni qəbul edilmiş hüquqi sənədlər üzrə də ziddiyyət təşkil edir, lakin ictimai narazılıqlar, ilk növbədə, seçki gününün "dördgünlük Qarabağ müharibəsində ömrünü qurban verən qəhrəmanların xatirəsinin yad edilməsi" günü ilə üst-üstə düşməsi ilə bağlıdır.

"Seçkilərin aprelin 2-də keçirilməsi həm konstitusiyaya ziddir, həm əxlaqsızlıqdır", - öz Facebook səhifəsində məşhur aktyor Frunzik Mkrtçyanın dul arvadı aktrisa Tamar Hovhannisyan yazıb.

O deyir ki, "bu kədərli anım günü" hakim Respublikaçılar Partiyası "saxta rəqəmlərlə təmin etdiyi qələbəsini" şampan qədəhləri ilə bayram edəcək.

Image caption "Seçkilərin aprelin 2-də keçirilməsi həm konstitusiyaya ziddir, həm əxlaqsızlıqdır", - Facebook səhifəsində məşhur aktyor Frunzik Mkrtçyanın dul arvadı aktrisa Tamar Hovhannisyan yazıb.

Qarabağ müharibəsi veteranı Sarkis Karapetyan 2017-ci il parlament seçkilərinin aprelin 2-sinə təyin edilməsinə təəccübləndiyini bildirib.

"Seçkilərin aprelin 2-nə təyin edilməsi fədakar qəhrəman gənclərimizin müqəddəs xatirəsini təhqir etmək deməkdir. 100 gəncimiz ölüb. 2-si aprel seçki günü yox, matəm günü elan edilməlidir", - keçmiş könüllü döyüşçü jurnalistlərə deyib.

Bir qrup Ermənistan ziyalı nümayəndələri də "aprel döyüşlərinin ildönümü tamam olduğuna görə" 2 aprel seçki gününü dəyişməyə çağırır.

"2016-cı il 2-5 aprel hadisələri bütün ermənilərin ürəyində dərin iz qoyub. Biz gənc nəslin öz müstəsna mənəvi dəyərlərini nümayiş etdirməsinin, dünyanın bütün guşələrində yaşayan soydaşlarımızın vətənə sonsuz məhəbbətinin şahidi olduq, - Yerevan Dövlət Universitetinin tarix müəllimi Vardan Xaçatryan, dramaturq Xaçik Çalikyan, opera müğənnisi Hasmik Papyan, musiqiçi Yeğişe Petrosyan və bir sıra mədəniyyət və elm xadimlərinin imzaladığı bəyanatda deyilir. - Bu qərar [seçkilərin aprelin 2-də keçirilməsi] minlərlə fədakar vətənpərvərlərin qəhrəmanlığını kölgələyə bilər... Odur ki, mənəvi Ermənistan seçki tarixinin dərhal dəyişdirilməsini tələb edir ki, ötən il aprel hadisələrinin ildönümü tarixi ilə üst-üstə düşməsin".

Hüquqi ziddiyyətlər

Millət vəkili Elinar Vardanyan isə seçkilərin aprelin 2-də keçirilməsinin qanuna zidd olduğunu qeyd edir, və səsvermə gününü dəyişmək təklifi ilə prezident Sarkisyana müraciət göndərib.

Xanım Vardanyanın sözlərinə görə, 2015-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın seçkilərə aid maddələri hələ qüvvəyə minməyib, qüvvədə olan Konstitusiyaya əsasən isə, parlament seçkiləri Milli Məclisin səlahiyyətləri müddətinin başa çatmasından 30 gün tez və 40 gündən gec olmayaraq keçirilə bilər.

Bu məntiqə əsasən, parlament seçkiləri 22 aprel 2 may tarixləri arasında təyin edilə bilər.

Erməni Milli Konqresi fraksiyasının lideri Levon Zurabyan Milli Məclisin ilk yaz sessiyası günü bəyan edib ki, "mənəvi və Konstitusiya prinsiplərinə əməl edərək" seçkilərin tarixini dəyişmək məqsədilə Konstitusiya Məhkəməsinə müraciət təqdim etməyə hazırlaşır.

Fotonun müəllifi Parliament.am
Image caption Firavan Ermənistan fraksiyasının lideri Naira Zohrabyan deyir ki, seçkilər təyin olunduğu gündə keçirilməlidir.

Lakin bunun üçün 27 millət vəkilinin razılığını almalıdır. Lakin hakim Respublikaçılar Partiyası fraksiyası və millət vəkillərinin bir qisminin seçkilərin tarixi mübahisə doğurmadığı nəzərə alaraq, cənab Zurabyanın qanunla tələb olunan 27 imzanı toplaya biləcəyi şübhəli görünür.

Niyə aprelin 2-si?

Mütəxəssislər seçki gününün aprelin 2-si seçilməsini qüvvədə olan və hələ tam qüvvəyə minməmiş konstitusiyalar üzrə deyil, yeni seçki məcəlləsinin parlament seçkilərinin keçirilməsinə dair maddəsinə əsasən müəyyən edildiyini deyirlər.

Transparency International təşkilatı korrupsiya əleyhinə mərkəzinin eksperti Heriknaz Tiqranyanın sözlərinə görə, yeni seçki məcəlləsinin 103-cü maddəsinə əsasən, seçki gününün tarixi mövcud Milli Məclisin səlahiyyətlərinin başa çatmasından 50 gün tez və 60 gündən gec olmamaq şərtilə müəyyən edilib.

"Belə ki, Seçki Məcəlləsini rəhbər tutsaq, səsvermə tarixi düzgün seçilib. Lakin belə ziddiyyətli hallarda Konstitusiya normaları Seçki Məcəlləsindən üstün tutulur", - o deyib.

İqtidar mümkün sayır

Hakim Ermənistan Respublikaçılar Partiyası, digər bütün siyasi qüvvələr razılığa gəlsə, seçkilərin tarixini 3-4 gün təxirə salmaq olar.

Hakim partiyanın lideri, prezident Serj Sarkisyan da, gələcək seçkilərdə iştirak edən qüvvələr razı olsalar, bunun mümkün olduğunu bildirib.

"Bir az da gözləyək , seçki iştirakçıları məlum olsun. Biz onların hamısı ilə ümumi razılığa gəlsək, mən elə bilirəm, bizə heç nə seçkiləri bir-iki günlüyə təxirə salmağa mane olmaz", - o deyib.

"İgidlik günü"

Eyni zamanda bəzi qüvvələr, o cümlədən, parlamentdə təmsil olunan - Firavan Ermənistan, Qanunçuluq Ölkəsi partiyaları - seçki tarixinin dəyişməsinə ehtiyac olmadığını hesab edir.

Seçki gününün, Qarabağda ötən ilki aprel hadisələri ilə bağlı, dəyişmək təklifini parlament iclasında şərh edən Firavan Ermənistan fraksiyasının lideri Naira Zohrabyan deyib ki, "erməni əsgərlərin igidliyi unudulmadığının ən yaxşı sübutu" seçkilərin məhz aprelin 2-də keçirilməsi olar.

"Siyasi qüvvələr bütün xalq iradəsini birləşdirməlidir, və xalq elə bir hakimiyyət yaradar ki, nə əsgərin çörəyini oğurlasın, nə də ordunun pullarını qaçırsın", - xanım Zohrabyan deyib.

Bu barədə daha geniş