Yevgeniya Kara-Murza: xaricdəki həkimlər, ərimin nə ilə zəhərlənməsini araşdırırlar

Yevgeniya Kara-Murza
Image caption Yevgeniya Kara-Murza, ərinin fəaliyyətinin bir çox insanı qıcıqlandırdığını düşünür

Siyasətçi və jurnalist kiçik Vladimir Kara-Murza, iki il ərzində artıq ikinci dəfədir ki, güclü zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Sonuncu dəfə o, qəsdən zəhərləndirildiyini iddia edərək, cinayət işinin açılmasını tələb etmişdi. Onun xanımı Yevgeniya Kara-Murza, BBC-ə müsahibəsində bildirib ki, vəziyyət yenidən qəsdən zəhərlənməni xatırladır.

Onun sözlərinə əsasən, ailə, İsrail və fransalı ekspert-toksikoloqların cavabını gözləyir.

"Ürək döyüntüləri sürətlənməyə başladı - hətta, o qədər sürətli idi ki, nəfəsalması da ağırlaşdı. Təcili xəstəxanaya çatdırıldı və bir neçə saatdan sonra, eynən əvvəlki kimi, orqanları əks fəaliyyətə başladı," Yevgeniya Kara-Murza deyib.

"Rəsmi diaqnoz - naməlum maddə tərəfindən kəskin intoksikasiya. Bu isə zəhərlənmə deməkdir. Bu, qəsdən zəhərlənmə kimi görünür, çünki, biz hər şeyi yoxlamışıq və başqa variant qalmır," o iddia edir.

Yevgeniya-nın sözlərinə görə, ərinin saç, dırnaq və qanından götürülən nümunələr, toksikoloji analiz üçün İsrail və Fransaya göndərilib və "suallarımıza cavab tapmaqda bizə komək edə bilər".

"Onun fəaliyyəti, bir çox insanları qıcıqlandırır. Bu səbəblə də, zəhərlənmənin arxasında kimin dayandığını təsəvvür etmək, əlbəttə ki, çətindir. Amma, Rusiyada vəziyyət elə bir haldadır ki, müxalifət liderləri Kremlin qarşısında güllələnə bilər, zəhərləndirilər və həbsə atılar. Putin-ə qarşı çıxan insanların başına, hər şey gələ bilər," Yevgeniya Kara-Murza BBC-ə deyib.

"Əlbəttə ki, mən çox qorxdum. Mən ərim üçün həmişə narahat olmuşam, o, ilk dəfə zəhərlənməmişdən qabaq da. Çünki, onun nə ilə məşğul olduğunu, fəaliyyətinin nəyə əsaslandığını bilirdim, - o əlavə edib. - Amma, o, etdiyi işə ürəkdən inanır. O inanır ki, nəyisə dəyişə biləcək. O inanır ki, əzmkarlıq göstərdikcə, prinsiplərinə sadiq qaldıqca, qələbəyə çatacaq, mübarizə apardığı şeyə nail olacaq."

Vladimir Kara-Murza kimdir

Vladimir Kara-Murza 1981-ci ildə, məşhur rus jurnalist və tele-aparıcısı Vladimir Kara-Murzanın ailəsində dünyaya göz açıb.

Kiçik Kara-Murza, İngiltərədə təhsil alıb. Cambridge Universitetində təhsili əsnasında o, ən yaxşı tələbələrdən biri kimi qiymətləndirilib və universitetin tərkibindəki Trinity kollecini "tarix" üzrə bitirib.

Təhsili zamanı Vladimir, Londonda yerləşən "Yeni xəbər" və "Kommersant" qəzetlərinin əməkdaşı kimi işləyib.

Bundan sonra o, uzun müddət Washington-da yerləşən RTVI telekanalının bürosuna rəhbərlik edib. 2012-ci ildə (kanal rəhbərliyi dəyişildikdən sonra) Kara-Murza işdən qovulub.

Kiçik Kara-Murza, siyasətlə erkən yaşlarından maraqlanmağa başlayıb. 1999-cu ildə Yeqor Qaydar-ın qurduğu "Demokratik seçim" partiyasına qoşulub.

2000-ci ildə Vladimir Kara-Murza, Dumanın deputatı Boris Nemsovun lideri olduğu "Sağçı Qüvvələr İttifaqı" partiyasının məsləhətçisi təyin olunub. Nemsov-un ölümündən sonra, 2015-ci ildə kiçik Kara-Murza, onun adını daşıyan fondun başına keçib. 2016-cı ildə "Nemsov" adlı film təqdim olunub.

2003-cü ildə o, Moskvadakı Dumaya namizədliyini irəli sürsə də, "Tək Rusiya" namizədi Vladimir Qruzdev-a məğlub olub.

2008-ci il prezident seçkiləri öncəsi Vladimir Kara-Murza, Vladimir Putin-ə müxalif yaradılan bir neçə siyasi struktura daxil olub. Ayrılıqda isə o, prezidentliyə namizəd yazıçı və dissident Vladimir Bukovski üçün təşəbbüs qrupunun üzvü idi.

2008-ci ilin sonunda Kara-Murza, "Həmrəylik" adlı hərəkata qoşulub və 2012-ci ilin sonunda isə "Parnas" adlı partiyanın idarəedici heyətinə daxil olub. O, dörd il sonra, "Parnas"ı qalmaqalla tərk edib. Eləcə də, müxalif siyasətçilərin sırasını.

2011-ci ildə kiçik Kara-Murza, Rusiya müxalifətinin liderləri ilə birlikdə,"Maqnitski aktı"na qarşı lobbist kimi çıxış edir.

Son zamanlarda kiçik Kara-Murza, YUKOS neft şirkətinin keçmiş başçısı Mixayil Xodorkovski-nin "Açıq Rusiya" adlı hərəkatının federal kordinatoru kimi fəaliyyət göstərir.

2015-ci ilin mayında kiçik Kara-Murza, zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan çıxdıqdan sonra, siyasətçi, ekspertizanın məlumatlarına əsasən bildirib ki, orqanizmində ağır metal norması yüksək dərəcəyə qalxıb.

Kiçik Kara-Murza bu səbəbdən, sui-qəsdə təşəbbüsdə cinayət işi açılmasını tələb edib.

Əlaqəli mövzular